YAP-çı deputatın ABŞ-da “icazəsiz mitinq” axtarışı

Mitinqə görə Azərbaycanda həbs edirlər, Amerikada yox

 

“Yeni Müsavat” qəzetinin 13 aprel tarixli sayında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyyətinin üzvü, millət vəkilimiz Aydın Mirzəzadənin “qanuna hörmətlə” əlaqədar bəyantını oxudum. Millət vəkili bəyan eləmişdi ki, ABŞ-da Vaşinqton şəhərinin meri hakimiyyət orqanları ilə razılaşdırılmamış yerdə – Konqresin binası qarşısında bir qrup insanla qanunsuz aksiya keçirdiyinə görə həbs edilib.

 

Onun bu bəyanatı respublikamızda bu gün rüşvətə, korrupsiyaya, ədalətsiz həbslərə YOX  deyən insanları qorxudaraq  mitinqlərdən çəkindirmək məqsədilə söylədiyini sübut etmək üçün kiçik bir arayış verməli oluram.
Birincisi, sözün tam mənasında demokratiyanin beşiyi olan ABŞ-in heç bir ştatinda elə bir qanun yoxdur ki, insanlar mitinq və ya küçə yürüşü şəklində aksiya keçirmək üçün hansısa təşkilatdan, orqandan icazə almalı və ya mitinq yeri istəməlidir.

Bu haqda 200 ildən çoxdur, bəzi əlavə və dəyişikləri nəzərə almasaq, dəyişməyən ABŞ-ın Ana Yasasında bircə kəlmə yazılıb ki, İNSAN AZADDIR. Əgər mitinq və aksiyalarda 100-dən çox adam iştirak edərsə, yaxşı olar ki, əsayişi qorumaq, məsələn, Bakıda 2 aprel mitinqi zamanı iqtidarın təşkil etdiyi kimi mağaza vitirinlərini sındırmağın qarşısını almaq məqsədilə mitinqin yeri və vaxtı haqda polisə bir qədər qabaq xəbər verilsin. Bu, mitinq iştirakçilarinin öz təhlükəsizlikləri  üçün olduğundan, heç də vacib sayılmır. Mitinq və aksiyalar xəbər verilmədən, istənilən vaxt, istənilən məzmunda və istənilən yerdə – lap Ağ Evin qarşısında icra oluna bilər.

Bəs o kişini- Kolumbiya Dairəsinin Vaşinqton şəhəri meri Vinsent Qreyi və onunla aksiyaya çıxmış 30 nəfərədək Şəhər Şurasının üzvlərini polis nə üçün saxlayıb? Aydınlaşdırdıq ki, hörmətli mer, aksiyanı öz əməkdaşları ilə birlikdə, Vaşinqton şəhərinin abadlaşdırılma proqramına büdcədən ayrılmış maliyyənin azaldılmasına etiraz əlaməti olaraq keçirib. Belə qərara gəliblər ki, bunu ənənəvi qaydada – raport yazmaqla yox, daha qabarıq şəkildə, aksiya vastəsilə etsinlər və… Diqqəti daha da cəlb etmək üçün maşın yolları və Konqres binasının (Kapitoliyanın) girişini kəsiblər. Bu adamlar MİTİNQ ETDİKLƏRİNƏ GÖRƏ YOX, MİTİNQ ZAMANI YOLLARI KƏSDİYİNƏ GÖRƏ saxlanılıblar. Aksiyaçılarin tələbi yazılı şəkildə Konqresin mətbuat şöbəsinə ötürulüb və aksiya iştirakçiları dərhal azad ediliblər.

Professor Tofiq Şahtaxtinski,
ABŞ, Vaşinqton