Ərzağın qiyməti 1,8 faiz bahalaşıb

İlham Əliyevin «yumurta müşavirəsi» nəticə vermədi

2011-ci ilin mart ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1,1 faiz bahalaşıb. Bununla yanaşı ərzaq məhsullarının qiymətləri də 1,8 faiz bahalaşıb. Qeyri-ərzaq məhsullarının qiymətləri 0,2 faiz ucuzlaşsa da, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərində 0,3 faiz bahalaşma müşahidə olunub.
Bu barədə məlumat Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən modern.az saytına verilib. Məlumata görə, ötən ay ərzaq məhsullarından buğda ununun, manna yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, təzə balığın, pasterizə və sterilizə olunmuş üzlü südün, xamanın, kərə yağının, günəbaxan və qarğıdalı yağlarının, şəkər və şəkər tozunun, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, heyvanın, narın, xurmanın, şabalıdın, kələmin, göyərtinin, çuğundurun, kökün, xiyarın, pomidorun, bibərin, sarımsağın, soğanın, kartofun qiyməti bahalaşıb.
Eyni zamanda ay ərzində bahalaşma ilə yanaşı bəzi ərzaq məhsullarının qiymətlərində ucuzlaşma da müşahidə olunub ki, bu əsasən qarabaşaq yarmasının, çörəyin, toyuq və toyuq budunun, pasterizə olunmamış üzlü südün, yağlı kəsmiyin, yumurtanın qiymətlərində qeydə alınıb.
Bahar mövsümünün gəlişi ilə əlaqədar qeyri-ərzaq mallarından geyim və ayaqqabıların qiymətlərində ucuzlaşma müşahidə olunub. Bundan əlavə inşaat materiallarından pəncərə şüşəsinin, kəsilmiş taxtaların, sementin, məişət avadanlıqlarından paltaryuyan maşınların, qaz plitəsinin, qızdırıcıların, tozsoranların da qiymətləri ucuzlaşıb. Ucuzlaşma ilə yanaşı ay ərzində inşaat materiallarından nitro və sulu boyaların, divar üçün kağızların, parket üçün lakın, ağac yonqar və lifli lövhələrin, mebellərdən mətbəx üçün masa və kətilin, qonaq və yemək otaqları üçün mebel dəstinin qiymətlərində nisbətən bahalaşma hiss olunub. Mart ayında əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq və MDB ölkələrinə hava sərnişindaşıma tariflərində, MDB ölkələrinə dəmiryol sərnişindaşıma tariflərində bahalaşma qeydə alınıb.
Qeyd edək ki, elə bu ilin mart ayında prezident müşavirə keçirərək yumurta, həmçinin digər ərzaq məhsullarının qiymətini süni şəkildə bahalaşdıranlarla bağlı ciddi tədbir görəcəklərini, bu şəxslərin, hətta cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirmişdi. Mart ayında ölkədə gedən bahalaşma isə göstərir ki, prezidentin “yumurta müşavirəsi” heç bir nəticə vermədi.