Məhəmməd Talıblı: «Atılan addımlar epizodik xarakter daşıyır və daxili narazılığı müvəqqəti yatırmağa hesablanıb»
Ölkə başçısı Ilham Əliyev növbəti dəfə monopoliyadan danışıb. Bu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına dair müşavirədə I.Əliyev monopoliyanın xoşagəlməz hal olduğunu və buna qarşı mübarizənin vacibliyini dilə gətirib. Prezident bildirib ki, monopoliya ilə mübarizə həm idxalda, həm də daxili istehsalda daha da gücləndirilməlidir.
Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizə kampaniyası başlayandan ölkə vətəndaşları hansısa monopolistin cəzalandırılmasına, qiymətlərin ucuzlaşmasına və məlum problemin aradan qaldırılması istiqamətində təsirli tədbirlərin görüldüyünə şahid olmayıb. Ötən müddət ərzində cəmi bir konkret tədbirə imza atılıb ki, bu da yumurtanın ucuzlaşdırılmasıdır. Halbuki ölkə rəhbəri məlum “yumurta müşavirəsində” başqa məhsulların da qiymətinin süni şəkildə bahalaşdırıldığına toxunmuş, belələri barədə ciddi tədbirlər görüləcəyi ilə bağlı kifayət qədər sərt və hədələyici bəyanatlar vermişdi. Amma görünən odur ki, Azərbaycan bazarında qiymətləri diktə edən inhisarçılar bu bəyanatlardan heç bir nəticə çıxarmayıblar. Belə olmasaydı, ayrı-ayrı ərzaq məhsullarının qiymətində bahalaşma yox, enmə müşahidə edərdik. Statistika Komitəsinin dünən yaydığı məlumatda da qeyd olunur ki, mart ayında ərzaq məhsullarının qiymətində təxminən 2 faiz artım olub. Görünür, I.Əliyev hər məhsulla bağlı ayrıca müşavirə keçirməlidir ki, o məhsula nəzarət edən inhisarçı söhbətin ondan da getdiyini anlasın.
Iqtisadçı Məhəmməd Talıblı hesab edir ki, korrupsiya və monopoliya bir-birilə sıx bağlı olan faktorlardır. Və bu faktorları bir-birindən ayrı təsəvvür etmək olmaz: “Monopoliyanın özündə korrupsiya var. Deməli monopoliyanı bir anlayış olaraq korrupsiyadan kənar təsəvvür etmək olmaz. Hər müşavirədə konkret məhsulla bağlı göstəriş vermək səmərəli yol deyil. Ölkədə 585 adda məhsul, mal və xidmət var. Hər birinə dair müşavirə çağırılsa, bununla bağlı mübarizə mesajları verilsə, bu yenə bir nəticə verməyəcək. O zaman bu məsələ kampaniya xarakteri daşıyar ki, bununla bağlı əsaslı, fundamental və konseptual yanaşma olsun”.
M.Talıblı deyir ki, bu, bir sahənin yox, sistemin problemidir: “Bunun həlli üçünsə hərtərəfli yanaşma lazımdır. Iqtisadi əsasları olmasa belə, yumurta ilə bağlı siyasi iradə nümayiş etdirildi. Bunu digər mal və xidmətlərlə də bağlı həyata keçirmək olar. Bu, mümkün deyilsə, deyilən sözlər ciddi əhəmiyyət daşımayacaq. Iqtisadçı bu istiqamətdəki qanunvericilik bazasının da qaydasında olmadığını deyir: ”Ölkədə hələ də Antiinhsar Məcəlləsi qəbul olunmayıbsa, inhisarçılığa qarşı hansı tədbirlərdən danışmaq olar? Deməli, atılan addımlar epizodik xarakter daşıyır və yaranmış daxili narazılığı müvəqqəti yatırmağa hesablanıb”.
Gültəkin