“Bu hökumətin savadsız davranışları utanc yaradır”

Leyla Yunus: «Beynəlxalq aləmə qəzəbləri artdıqca öz yanlış siyasətlərini daha çox ifşa edirlər»

Azərbaycan hökuməti beynəlxalq qurumları və xarici diplomatları şantaj etməklə özünü sovet rejimi kimi aparır. Bunu, hüquq müdafiəçisi Leyla Yunus Azərbaycan hökumətinin 2 aprel mitinqi ilə bağlı zorakılıqlara və həbslərə etiraz edən Avropa Ittifaqına, demokratik Qərb dövlətlərinin səfirliklərinə qarşı iradlarını şərh edərkən bildirib:
“Azərbaycan hökuməti kommunist mentaliteti ilə davranır. Insan haqları ümumbəşəri problemdir, sərhəd tanımır. Ikinci dünya müharibəsindən sonra – Ümumdünya Insan Haqları Bəyannaməsi qəbul olunan gündən bu anlayış bütün dünyaya yayıldı. Bundan sonra Avropa Şurası, Avropa Birliyi, ATƏT bu sahəyə məsul oldular. Sən bu qurumların üzvü ola da bilərsən, olmaya da. Amma istənilən halda demokratik dünya sənin ölkəndəki qanun pozuntularına, insan haqlarının pozulmasına, zorakılığa, işgəncələrə, dinc aksiyalara qadağalara, söz və mətbuat azadlığına təzyiqlərə reaksiya verəcək”.
L.Yunus Azərbaycan hökumətinin orta əsr təfəkkürü ilə hərəkət etdiyini deyir: “Bunların savadsız davranışları utanc yaradır. Sadəcə ayıbdır! Məsələn, mən gələn dəfə Brüsseldə hansısa samitdə çıxış edəndə deyəcəm ki, baxın, bunlar tənqidə necə yanaşırlar? Azərbaycan hökuməti Avropa Birliyi ilə birgə proqramlarda iştirakla bağlı razılıq verir, imza atır. Digər tərəfdən də bu qurumdan gələn tənqidləri qəbul etmək istəmir. Bax, Azərbaycana belə hakimiyyət hökmranlıq edir. Əslində bu cür reaksiyaları ilə hökumət özünün sivilizasiyadan nə qədər uzaq olduğunu, insan haqları və azadlıqlarının vətəndaşların fundamental hüququ olduğunu anlamadığını nümayiş etdirir. Tənqidləri və qəzəblərini artırdıqca bizim onların siyasətini daha çox ifşa etmək imkanımız yaranır”.
L.Yunus hesab edir ki, Azərbaycan hökuməti öz davranışları ilə beynəlxalq aləmi sərt reaksiyalar verməyə məcbur edir: “Məsələn, nə Çavuşoğlu, nə də Barrozo Azərbaycan hökumətini tənqid etmək istərdi. Amma Azərbaycan hökuməti özünü elə aparır ki, onlar reaksiya verməyə bilmirlər. Insanları döyürlər, incidirlər, işgəncə verirlər. Onlar da reaksiya verməyə məcbur qalırlar”.

Gültəkin