Əli Kərimli: “Biz bir ünvana işləyirik, bu, Azərbaycan xalqıdır”
“Baş prokurorun bəyanatı hüquqi deyil, siyasi bəyanatdır və qeyri-ciddidir”. Bu sözləri AXCP sədri Əli Kərimli baş prokuror Zakir Qaralovun açıqlamasına münasibət bildirərkən deyib.
Baş prokuror Əli Kərimli ilə bağlı verilən suala cavabında iddia edib ki, AXCP sədrinin kimlərin sifarişini yerinə yetirdiyini bilir: “Əli Kərimli dediyiniz vətəndaş Azərbaycan qanunlarına hörmətlə yanaşmalıdır. Qanunsuz əməllərdən çəkinməli, gənclərimizi qanunsuz əməllərə, zorakılığa, itaətsizliyə sövq etməməlidir. Onun kimin sifarişini yerinə yetirdiyi bizə bəllidir”.
Əli Kərimli bu bəyanata cavabında deyib ki, onu baş prokuror olan şəxsə yaraşdırmır: “Mən bilirəm ki, hökumət aidiyyəti olmasa da, ən müxtəlif quruluşları siyasi mübarizədə alətə çevirib və şəxsən mənə qarşı istifadə edir. İndiyə qədər imtahan kəsiri olan tələbələri, büdcə təşkilatları işçilərini evimin qarşısına toplamaqla onlardan istifadə edirdilər. Görünür, artıq hakimiyyət prokuror orqanlarını da siyasi vasitəyə çevirə bilib. Baş prokuror olan şəxs bilsin ki, Əli Kərimli də, İctimai Palatanın bütün liderləri də hər zaman dinc mübarizənin tərəfdarı olublar. Biz heç vaxt, heç yerdə zorakılığa çağırış etməmişik. Mənim bütün çıxışlarım ictimailəşib, mətbuatda dərc olunub. Diqqət etsinlər və görsünlər ki, biz hər zaman zorakılığın əleyhinə olmuşuq. Bizim kimlərin sifarişini yerinə yetirməyimizə, hara işləməyimizə gəlincə, biz bir ünvana işləyirik, bu, Azərbaycan xalqıdır”.
Vidadi