Koalisiya qüvvələri Liviya diktatorunun iqamətgahını darmadağın edir
Liviyada Müəmmər Qəzzafi rejiminə qarşı mübarizə davam edir. Ötən gün bir müddət öncə Liviya diktatoruna yönəlik hərbi əməliyyatlarda iştirakını dayandıran ABŞ yenidən koalisiya qüvvələrinə dəstək nümayiş etdirib.
ABŞ hərbi hava qüvvələrinə aid qırıcılar Müəmmər Qəzzafinin nəzarətində olan və diktatorun son qalası adlandırılan paytaxt Tripoli ətrafındakı hədəflərə zərbələr endirib. Nəticədə Liviya diktatorunun əmrindəki əsgərlərin hərbi texnikaları sıradan çıxarılıb. Şahidlərin sözlərinə görə, bomardmandan sonra Tripoli üzərində dərin duman qatı müşahidə olunub.
Bundan başqa dünən günün ikinci yarısında koalisiya qüvvələrinə məxsus qırıcılar Müəmmər Qəzzafinin Tirpolidəki iqamətgahına hava zərbələri endirib. Ərəb mediasının yaydığı məlumata görə, diktatorun sarayı yaxınlığında səkkiz partlayış baş verib. Liviya dövlət televiziyası partlayışdan görüntülər və insan tələfatı ilə bağlı görüntülər yayıb.
Diktator Misratanı bombalatdı
Müəmmər Qəzzafiyə sadiq əsgərlər isə Liviyanın üçüncü böyük şəhəri Misratada üsyançıların nəzarətində olan yaşayış yerləri və hərbi hədəflərə raket zərbələri endirib. Hökumət qüvvələrinin hücumu nəticəsində 23 nəfər həlak olub. Onlardan üçü Misir vətəndaşıdır.
Misratalılar küçələrə axışdı
Diktatorun Misratanı yenidən bombalatdırmasına etiraz edən şəhər sakinləri küçələrə axışaraq Qəzzafi rejiminin əleyhinə şüarlar səslindiriblər. “Əl Cəzirə” televiziyasının xəbərinə görə, yüzlərlə misratalı etiraz aksiyasını hökumət qüvvələrinin raket hücumunun baş verdiyi yaşayış bölgəsi Qəsr Əhməddki bir məscidin yaxınlığında keçirib.
Aksiya iştirakçıları Qəzzafi rejiminə qarşı savaşan müxalifətin bayraqlarını yelləyərək “Şəhidlərimizin qanı yerdə qalmayacaq” şüarları səsləndirib.
Üsyançıların lideri Vaşinqtona gedəcək
Bundan başqa Liviya müxalifətinin Benqazi şəhərində qurduği Müvəqqəti keçid hökumətinin liderlərindən biri Mahmud Cibril yaxın günlərdə Vaşinqtona səfər edəcək. Onun Ağ Ev və Konqres nümayəndələri ilə görüşü planlaşdırılıb.
Dövlət departamentinin mətbuat katibinin müavini vəzifəsini icra edən Mark Tonerin sözlərinə görə, Mahmud Cibril Konqres üzvləri, həmçinin Pentaqon və Dövlət departamentinin əməkdaşları ilə görüşəcək.
NATO: “Qəzzafi getməlidir”
Ötən gün Berlində NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Liviya məsələsiylə bağlı qeyri-rəsmi toplantısı keçirilib. Toplantıda çıxış edən NATO-nun Baş katibi Anders Fogh Rasmussen Liviyada insanların sərbəst şəkildə öz müqəddəratını təyin etmək istədiyini vurğulayaraq təşkilatın Qəzzafi rejiminə qarşı keçirdiyi hərbi əməliyatların dinc sakinləri qorumağa hesablandığını bildirib.
Almaniyanın xarici işlər naziri Quido Vestervell Liviyada insanların azadlıq istədiyini və öz xalqına hücum edən diktatorun getməli olduğunu söyləyib.
Tədbirdən öncə ABŞ dövlət katibi Hillari Klintonla görüşdən sonra açıqlama verən Almaniya kansleri Angela Merkel NATO-ya üzv ölkələr arasında Liviya diktatoru Müəmmər Qəzzafinin vəzifəsindən getməsiylə bağlı yekdil qərar olduğunu bildirib. Kansler BMT Təhlükəsizlik Şurasının qərarının tətbiq olunması və Liviyada azad bir inkişafın qarşısının açılmasının lazım olduğunu söyləyib.
Hillari Klinton: “ABŞ NATO-nun Liviyadakı missiyasını sonadək dəstəkləyəcək”
ABŞ dövlət katibi Hillari Klinton rəsmi Vaşinqtonun NATO-nun Liviyadakı missiyasını məqsədə çatanadək dəstəkləyəcəyini bəyan edib. NATO xarici işlər nazirləri ilə görüşən Klinton beynəlxaql koalisiyanın Müəmmər Qəzzafiyə qarşı güclü birliyin vacib olduğunu da bildirib.
Qəzzafi rejimi Qətər dövlətini hədəf aldı
Liviya xarici işlər nazirinin müavini Xalid Qaim “Hizbullah” terror təşkilatının ölkənin qərbindəki Misrata şəhərindəki üysançılarla birlikdə Qəzzafi rejiminə qarşı vuruşduğunu söyləyib.
Onun sözlərinə görə, 20-yə yaxın Qətər vətəndaşı üsyançıları təlimatlandırmaq üçün Benqazi şəhərinə gəlib. Qətər dövləti gizli yollarla Qəzzafi rejiminə qarşı savaşan müxalifət qüvvələrini silahla təmin edir.
Üsyançılardan Türkiyəyə böyük etimad
Qəzzafi rejiminin əleyhdarları Liviya müxalifəti “Qəzzafi getməlidir” ön şərtiylə tərəflər arasında atəşkəs élan edilməsi və ölkədə sabitliyin bərpa olunması məqsədiylə
Türkiyənin vasitəçilik missyasına razılıq verib.
Liviya böhranına həll olunması məqsədiylə 21 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin yaratdığı “Liviya Təmas Qrupu”nun Qətərin paytaxtı Dohada keçirilən toplantıda çıxış edən üsyançıların təmsilçisi Mahmud Əvad Şama Türkiyənin Liviyada dinc hakimiyyət dəyişikliyinə çalışmasını yüksək qiymətləndirdiyini söyləyib.
Kremldən Qərbə növbəti ittiham
Rusiya prezidenti Dmitri Medvedev Qərb dünaysını Liviyada Müəmmər Qəzzafi rejiminə qarşı hərbi əməliyyatlarla bağlı səlahiyyətləri aşmaqda ittiham edib: “Hərbi əməliyyatlarda iştirak edən Qərb dövlətləri öz hərəkətləri ilə BMT TŞ-nın müvafiq qətnaməsi ilə verilmiş səlahiyyətlərini aşıblar.
Kreml rəhəbrinin sözlərinə görə, Liviya ilə bağlı BTM TŞ-nın qətnaməsi normal sənəd olsa da, düzgün interpretasiya olunmur:“Qətnaməni yerinə yetirmək lazımdır, verilmiş səlahiyyətləri aşmaq yox. Bu, beynəlxalq münasibətlərdə çox təhlükəli tendensiyadır. BMT Təhlükəsizlik Şurasında qətnamə səsverməyə qoyulanda Rusiya bitərəf qalıb, bununla da Qərbə bu sənədi qəbul etməyə imkan verib. Əməliyyata NATO da qoşulub, qətnamədə isə bu barədə bir cümlə belə yoxdur”.
Turan