Müsavatın qarşısı

Əli Əhmədovun YAP-da keçirdiyi müşavirə ilə bağlı bir xəbər oxudum dünən. Cənab Əhmədov gənc YAP-çılara facebook-da fəal olmağı, müxalif fikirlərə kontr-arqumentlər qoymağı tapşırıbmış.

Mən bu xəbəri oxuyandan sonra yaptokratların halına bir daha acıdım. Onların nə qədər çarəsiz, nə qədər çıxılmaz vəziyyətə düşdüklərinin bir daha fərqinə vardım. Onlar elə bilirlər ki, zorla müxalifəti susdurmağa çalışdıqları kimi, zorla hakimiyyətlərini qoruduqları kimi, zorla insanları öz iradələrinə tabe etdirdikləri kimi, zorla fikir istehsal etmək, əks-arqumentlər ürətmək də mümkündür.

Guya facebook Prezident Aparatının qabağı-zaddır, çıxasan televizorda saatlarca göz yaşı tökəsən, camaatı ora yığasan.
Bunlarda heçmi ağıl çalışmır? Bunlarda heçmi məntiq yoxdur? Müxalif fikirlərə qarşı hansı arqument qoyacaqlar axı?

Bugünkü müxalif fikirlər isə çox bəsitdir:
Azərbaycan artıq bir hüquq dövləti olsun!
Azərbaycanda bir adamın deyil, bütöv xalqın iradəsi hakim olsun!
Məhkəmələr azad olsun! Danışan dillər qıfıllanmasın!
Korrupsiya olmasın! Sümürücülük olmasın!
Işgəncə olmasın! Saxtakarlıq olmasın!
Millətin malı kiminsə dədə malı olmasın!
Yalan olmasın! Yaltaqlıq olmasın!

Indi yaptokratlar buna qarşı hansı kontr-arqument qoyacaqlar ki? Çıxıb da “yox canım, Azərbaycan elə mafiya dövləti olsun”mu yazacaqlar facebookda? “Ölkədə hər şey Ilham Əliyevin iki dodağının arasından çıxan bir sözlə müəyyənləşsin”mi yazacaqlar? “Yalan da olsun, yaltaqlıq da”mı yazacaqlar? “Milətin malı da, canı da Ilham Əliyevə fəda olsun”mu yazacaqlar? Həqiqətə qarşı hansı arqument qoymaq mümkündür ki, sizin yalanlarınız cazibədar, inandırıcı görünsün, sizə bir faydası olsun?
Axı məsələ yeri gəlsə, facebook-da da deyil. Əlinizin altında yeddi telekanal, yüzlərlə qəzet, agentlik, xəbər saytı var. Onların heç birinin indiyədək uğur qazanmaması, onlara cəmiyyətdə heç bir güvənin və etimadın olmaması bəyəm sizə heç nə demirmi? Sizə hələ də aydın deyilmi ki, həqiqəti söyləmədiyin, doğruları yazmadığın müddətcə YAP-ın yüzminlərcə zorən üzvünü facebook-a doldursan belə, nəsə dəyişməyəcək?

Ən əsas məsələ: bunlar Sovet dövründəndəmi dərs çıxarmırlar? Anlamırlarmı ki, əgər bir insanın ürəyinə girməyi bacarmadınsa, əgər bir insanın qəlbində sənə yer yoxdusa, onun cibinə partiya bileti dürtməklə uzağa getmək olmaz? Anlamırlarmı ki, könüllərdə heykəli olmayanın heykəlləri ilə küçələri nə qədər doldurursan doldur, axırda əldə-ovucda bir şey qalmaz?

Insanlardan müdafiəçin olmağı, vəkilin olmağı tələb etmək üçün ilk növbədə sənin özünün söykəndiyin mənəvi dəyərlər olmalıdır axı. Əxlaq sistemi olmalıdır. Ideologiya olmalıdır. O dəyərlərə, o ideologiyaya bağlılıq olmalıdır. Əgər bir hakimiyyətdə bütün bunların heç biri yoxdursa, oraya insanları yalnız və yalnız karyera maraqları, mənfəətpərəstlik, pulgirlik toplayıbsa, bir dəfə deyil, min bir dəfə tapşırıq ver, mənası nədir? Əgər YAP çətirinin altına yığışanları danışdıracaq, yazdıracaq, ehtirasa gətirəcək, coşduracaq, hərəkətləndirəcək heç bir mənəvi bağlılıq, ideoloji təəssübkeşlik yoxdursa, göstərişlə, sərəncamla nəyə nail olmaq mümkündür? Bu hakimiyyəti müdafiə etmək heç kimin ürəyindən gəlmirsə, heç kimin qəlbinin sifarişi deyilsə, Ilham Əliyevin sahib olduğu avtoritar zehniyyətin müdafiəçisinə çevrilmək heç kimin daxili ehtiyacı deyilsə, ruhunun tələbi deyilsə, adamlardan bunu zorla tələb etmək hansı məntiqə və əxlaqa sığır?

Bunları yaza-yaza arada bir də hakimiyyətin Müsavatın qarşısında təşkil etdiyi aksiyalardan şəkillərə baxıram. Gülürəm. Bunlar Müsavatın qarşısını kəsməyin mümkünsüzlüyünü, uğursuzluğunu anlamayıblar bəlli ki. Ideyasızların ideyalara məğlubiyyətinin qaçılmaz olduğunu anlamayıblar.
Bir vaxtlar hətta Stalin kimi qoca qurd vardı Müsavatın qarşısında. O belə bacarmadısa onun qarşısını kəsməyi, bu çoluq-cocuqla siz neyləyəcəksiniz, ay bədbəxtlər?