Misir Mərdanov niyə qovulmur?

Iran kimi irtica rejimdə tələbələr prezidentə yumurta, pomidor atırlar, amma ali məktəbdən çıxarılmırlar. Belə çıxır ki, bizim ölkədə prezidentə yumurta atan tələbəni nəinki universitetdən qovarlar, hətta onun atasının da diplomunu əlindən alarlar…

Siyasi fəallığa görə tələbəni ali məktəbdən qovmaq yalnız faşizmdir. Ölkədəki azadlıqların tamam qapadılmasıdır. Amma heç də təzə söhbət deyil. Əliyevlər hakimiyyəti dövründə bundan öncə də universitetlərdən tələbələr qovulub. Hətta şagirdlər də məktəbdən qovulublar. Hətta müəllimlər də qovulub ali və orta məktəblərdən.

Bəs Boloniya sistemi?

Indi də siyasi mövqeyinə görə qovulan tələbələri dərsə getməməkdə ittiham edir və qovulmanı bununla əlaqələndirirlər. Bu adamlar görəsən kimi axmaq hesab edirlər? Azərbaycan Boloniya sisteminə qoşulub, bu sistemdə qaib  və kəsrə görə qovulmaq anlayışı yoxdur. Ümumiyyətlə, Boloniya prinsiplərində qovulmaq anlayışı yoxdur. Bu sistemdə qiymət almaq və ala bilməmək anlayışı var. Orada Abel Məhərrəmovun əmri ilə tələbə olmaq və tələbəlikdən çıxarılmaq yoxdur. Olsa belə, Tural Abbaslının və Cavid Mehrəliyevin siyasi fəallığa görə qovulması hamıya aydındır. Hər ikisi mitinqdə iştirak edib və həbs edilib. Ikisi də bundan sonra və eyni vaxta xaric ediliblər.
Guya Turalın kəsiri olub. Məgər indi də kəsirə görə adam qovulur? Tələbənin hər imtahanı bir neçə dəfə vermək hüququ var. Həm də indi sessiya dövrü deyil ki! Təhsil eksperti Etibar Əliyev bu məqamı AzadlıqRadiosunda daha yaxşı izah edib: «Bu hadisələr mart-aprel ayına təsadüf edib və həmin aylar sessiya dövrü deyil. Birdən-birə kiminsə neçə qaibinin, neçə kəsirinin olmasının üzə çıxarılması və kiminsə universitetdən xaric olunması bu məsələyə qərəzli münasibətin olduğunu sübut edir. Bizim gəldiyimiz qənaətə görə, hazırda universitet tələbələrinin 50-60 faizdən çoxunun 2-3 kəsiri var. Belə çıxır ki, onlar da ali məktəbdən xaric edilməlidir».
Ən utancverici məqam odur ki, təhsil repressiyasından biri BDU-nun jurnalistika fakültəsində baş verib. Tural Abbaslı oradan qovulub. Bəs buranın müəllim heyəti, gələcəyin jurnalistləri niyə susurlar? Söz azadlığından istifadə etmək dərsinin vaxtı deyilmi? Axı praktika nəzəriyyənin qapısında dayanıb.

Abel Məhərrəmov Ramiz Mehdiyevin məqaləsini unutdumu?

Dünyanın təhsil reytinqlərində  BDU-nun tutduğu yerə görə ölkəmiz xəcalət çəkməlidir. Azərbaycan əhalisinin böyük əksəriyyətinin başqa əlacı yoxdur,  yoxsa orada kimsə oxumaz.  BDU bizim Azadlıq yadigarımızdır, amma onun indiki durumu təəssüf doğurur. Hakimiyyətin minnəti olmalıdır ki, kimsə gəlib orada oxuyur. Belə ali məktəblər, oradakı təhsilin durumu və mənəvi mühit vətəndaşlarımızın Konstitusiyada təsbit edilən təhsil almaq hüququnu korlayır. Orda oxuyan istedadlı gənclər daha yaxşı təhsilə layiqdir. Ora daxil olan gəncliyimiz istədiyi və haqq etdikləri keyfiyyətli təhsili ala bilmirlər.

Hakimiyyətin siyasi kuratoru Ramiz Mehdiyevin təhsillə bağlı səs-küylü məqaləsini yəqin heç kim unutmayıb. Abel Məhərrəmov oradakı tənqidi xatırlayırmı? Onun özü çoxdan BDU-dan xaric edilməlidir. Təkcə YAP-çı millət vəkili kimi təhsil müəssisəsində siyasi xətt yeritdiyinə görə yox, həm də təhsilin uğursuzluğuna görə. 

Bu günlərdə ikinci sinifdə oxuyan məktəbli öz dərsliyində tapdığı səhvləri mənə göstərdi.  Bu qədər qaba səhvləri istəsən belə, çox çətinliklə dərsliyə salmaq olar. O dərsliyi nəşr etdirən Misir Mərdanov azı 10 il əvvəl qovulmalıydı nazir vəzifəsindən.