Hüquq müdafiəçisi polisdəki işgəncələrdən danışdı

Vidadi İsgəndərov: «Mənə dedilər, baxarıq, sən ilkin saxlama kamerasında öz hüquqlarını necə müdafiə edəcəksən»

Müxalifətin 2 aprel mitinqi zamanı və ondan sonra həbs olunanları polis bölmələrində huşlarını itirənə kimi döyüblər. Bunu dünən həbsdən azad edilmiş Ictimai Palatanın üzvü, hüquq müdafiəçisi Vidadi Isgəndərli “Obyektiv TV”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, 2 aprel mitinqindən əvvəl o, dostlarından və tanışlarından məlumat alıb ki, fəallar polisə müqavimət göstərmək adı ilə həbs olunacaqlar.
Bu səbəbdən aksiyada iştirak etməyib, yalnız qanun pozuntularının monitorinqini aparıb, yürüşçülərə qarşı polis zorakılığı məqamlarını çəkib. Nizami və Səməd Vurğun küçələrinin kəsişməsində onun yanında nümayişçilərdən kimisə möhkəm döyüblər. Isgəndərov hadisə yerinə yaxınlaşanda onu həbs ediblər. Patrul maşınına əyləşdirərək deyiblər:”Indi baxarıq, sən ilkin saxlama kamerasında öz hüquqlarını necə müdafiə edəcəksən”. Kameraya gedən yolda maşından çıxarkən onu döyməyə başlayıblar. Nəsimi rayon Polis Idarəsində bütün kabinetlərdə müxalifətçiləri döyüblər. Polis rəisinin müavini Süleyman Nemətov xüsusi canfəşanlıq göstərib.  Isgəndərovun gözlərinin qarşısında Əhəd Məmmədli, Tofiq Yaqublu, Mustafa Hacıbəyli və Müsavat Partiyası və AXCP-nin digər nümayəndələri döyülüblər. Məhkəmə iclasında ona “Fəvvarələr Meydanı”nda hansı obyektlərə daş atması, qanun keşikçilərindən kimi döyməsi barədə suallar verilib. 
Sonra polis serjantlarından biri bildirib ki, Isgəndərov onu bir neçə dəfə başından vurub. Məhkəmədə isə ondan bir daha müxalifətin mitinqlərində iştirak etməmək barədə iltizam almağa cəhd göstərilib.
“Mən bunu edə bilmərəm, çünki hüquq müdafiəçisiyəm”, – deyə Isgəndərov bundan imtina etməsinin səbəblərini açıqlayıb və buna görə də 8 sutka həbs cəzası alıb.