Hökumət neftin qiymətini də saxtalaşdırır

Azərbaycana hər gün neftdən 90 milyon dollar gəlir

İlham Şaban: «Hər hansı bir şirkətin nefti beynəlxalq qiymətlərdən ucuz satması qadağandır»

Bu vaxta qədər hakimiyyətin neft pullarını yalnız öz mənafeyinə uyğun xərcləməsinə dair çoxsaylı faktlar ortaya qoyulub. Bu vəsaitlər əsasən korrupsiya layihələri vasitəsilə mənimsənilir. Iqtisadçı-ekspert Qubad Ibadoğlunun bu günlərdə açıqladığı faktlar da bunu bir daha təsdiqləyir. Ekspertin hesablamalarına görə, dünya bazarında neftin hazırkı qiymətləri ilə Azərbaycana hər gün 90 milyon dollara qədər vəsait daxil olur. Bu, ayda 2,7 milyard, ildə 30 milyard dollardan çoxdur. Bu da illik adambaşına 3600 dollar deməkdir. Ekspert daha bir maraqlı fakt ortaya qoyub. Belə ki, ötən il dünya bazarında neftin orta qiymətinin 79,68 dollar təşkil etməsinə baxmayaraq, Azərbaycanda orta illik ixrac qiyməti 1 barrel üçün 78,2 dollar olub. Bu da milyardlarla dollar fərq deməkdir.
Bəs bu qədər böyük fərqin ortaya çıxmasının səbəbi nədir?
Iqtisadçı-ekspert Ilham Şabanın sözlərinə görə, real ixracat həcmlərinin məlum olmaması hesablamada müəyyən problemlər yaradır. Bu da hökumətə rəqəmlərlə oynamağa imkan verir. Eyni zamanda ekspert beynəlxalq müqavilələrdə neftin qiymətinə dair bəndin olduğunu da qeyd etdi. Hər hansı bir şirkətin nefti beynəlxalq qiymətlərdən ucuz satması qadağandır. Ekspertin sözlərinə görə, ötən il Azərbaycanın dünya bazarına çıxardığı neftin orta qiyməti bir barrel üçün 79,95 dollar təşkil edib. Bu da rəsmi statistikada göstərilən rəqəmdən çoxdur.
Ekspertlərin dediklərindən belə bəlli olur ki, Azərbaycan nefti dünya bazarındakı qiymətlərlə satılsa da, rəsmi statistikada rəqəmlər azaldılır. Bu da milyardlarla dolların büdcədən kənarda qalmasına səbəb olur.

Fizzə