Gənclərdən qorxu – Gənclər Proqramı

Son mitinqlər göstərdi ki, Azərbaycan hakimiyyəti vətəndaş fəallığının və narazılığının qabağını almaq üçün hər cür qanunsuz addımı atmağa hazırdır. Amma bu yol nəticə verəcəkmi? Tutaq ki, basqı və repressiyalarla bir müddət xalqın qabağını almaq mümkün oldu, amma sonrası necə olacaq? Çox asanlıqla başa düşmək olar ki, ölkədəki real narazılığın qabağını bu üsullarla almaq haçansa Kür daşqını effekti verəcək. Odur ki, bu yolu seçənlər Ilham Əliyevə daha pis sonluq hazırlayırlar. Bu yol hakimiyyəti daha sərt uçuruma sürükləyir.

Hər kəs qəbul etməlidir ki, Azərbaycan cəmiyyətinin ümidini itirmiş, acı taleyi ilə razılaşmış dövrü arxada qalıb. Adamlar anlayır ki, avtoritar rejimin dəyişməsi vaxt problemidir. Necə deyərlər, bu gün olmursa, sabah olacaq. Bu hakimiyyətin əbədiliyi haqda düşüncələr artıq birdəfəlik olaraq geridə qaldı. Hakimiyyətin avtoritar addımları hər gün daha çox özünə qarşı işləyir. Baxın, son parlament seçkilərindəki eyni xətt ən böyük qabalıqla yürüdüldü və indi ağrısını çəkirlər. Bütün dünya qatı saxtakarlıqdan utanmayan bu hakimiyyətdən üz döndərir, onun açıq tənqidinə keçirlər. Halbuki, nə vaxtsa belə deyildi, əksinə, dünya birliyi, beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr bizim rejimin əyriliklərinə göz yumur və yəqin ki, onun islahatlara gedəcəyinə ümid edirdi. Bu mərhələ də arxada qaldı.

YAP hakimiyyətinin tutduğu yol xalqa və siyasi fəallara baha başa gəlir, əziyyətləri artırır, amma özünün də xeyrinə deyil. Bu yolun uğursuz olduğunu məncə hakimiyyətin özündə də hiss edirlər. Elə bu səbəbdən onun addımları qarışıq, rabitəsiz və anlaşılmaz xarakter alır. Götürək, gənclərlə bağlı Dövlət Proqramının qəbul edilməsini. Bəlli oldu ki, hakimiyyət gənclərdən qorxur. Əli Kərimliyə və Isa Qəmbərə qarşı təşkil edilən aksiyalarda səslənən əsas şüarlardan biri də gənclərlə bağlı idi: Azərbaycan gəncliyindən əl çəkin! Bəli, gənclərin hakimiyyətə qarşı olması onu bərk qorxudur. Amma qəbul edilən dövlət proqramı yeni nəslin narazılığını balanslaşdıra biləcəkmi? Azərbaycanda qəbul edilən dövlət proqramlarının hansı indiyədək nəticə verib? Korrupsiya ilə bağlı Dövlət Proqramı nəticə versəydi, indi antikorrupsiya dalğasına nə ehtiyac vardı? Axı ölkədə

köklü islahatlar getməsə, azadlıqlar bərpa olunmazsa, gəncliyi necə razı salmaq olar? Gənclik təkcə pulsuzluğa, işsizliyə görə narazı deyil.
Hamı anlamalıdır ki, gənclər Əli Kərimli və Isa Qəmbərsiz də susmayacaq. Onlar ölkəsinin bu gün talan və yalan işində batmasını vicdanlarına sığışdıra bilmirlər. Onlar ölkənin bu cür idarə edilməsindən utanc duyurlar. Məsələ, təkcə işsizlik və pulsuzluq da deyil. Zaman dəyişib, ölkə azadlıqlara sahib olmadıqca, gənclik də susmayacaq.

Tural Abbaslının diplomu

Urfaşizmin meydan suladığı ölkədə adamı utandıran hadisələr baş verir. Rüşvətin içində batan BDU-nun rektoru Abel Məhərrəmov siyasi rəhbərinə sadiqliyini göstərmək üçün ləyaqətli bir gənci universitetdən qovdu. Bu, həm də cinayətdir. BDU-nun da, nə vaxtsa BDU-nun ən demokratik fakültəsi olan jurnalistika fakültəsinin də hansı hala salındığı göründü. Bunlar Həsən bəy Zərdabini, Cəlil Məmmədquluzadəni də qovardılar oradan…

Tural Abbaslıya gəldikdə isə, bu hadisə onu qorxutmaz. Bu ölkə diplomsuz da Turalla fəxr edir. Bu hadisə yalnız və yalnız ona qol qoyanlara ləkədir. Ölkə gəncliyi bir daha gördü ki, onların Vətəni kimlərin əlindədir. Diplomu Röyaya verin, əziz YAP-çılar!