Suriya prezidenti Bəşər Əsəd 1963-cü ildən ölkədə qüvvədə olan fövqəladə vəziyyət rejiminin götürülməsinin mümkünlüyünə işarə edib. Bəli, hələlik o, buna ancaq “işarə edib”. Nə böyük iltifat!.. 1963-cü ildən bu vaxta qədər 48 il ötüb! Səhv etmirəmsə, bu, Latın Amerikasındakı diktaturaların müəyyən etdiyi rekordu da keçib. Biz həmişə ərəblərə bir qədər geridə qalmış millət kimi baxırdıq. Indisə əsl səbəb məlum olur. Kim düz 48 il fövqəladə vəziyyət şəraitində yaşasa, nəinki geridə qalar, hətta o yana da keçər… Bizim rekord hələ 18 ildir. Bəli, mən elə özümüzü də yarımfövqəladə vəziyyət şəraitində yaşayan millət hesab edirəm. Nə olsun ki, komendant saatı yoxdur? Məgər əsas o deyilmi ki, faktiki olaraq heç bir aksiya keçirməyə və öz fikrini ifadə etməyə zərrə qədər də icazə verilmir!.. Indi bizim telekanallar ərəb dünyası ölkələrindən reportajlar verirlər. Bu, çox gözəldir. Bizim beynəlxalq siyasət baxımından həmişə kasadlığımız olub. Ona görə də bunu təqdir etmək qəti vacib məsələdir. Amma həmin telekanallar öz ölkəmizdə baş verən aksiyalar haqda demək olar ki, məlumat vermir, müxalifət üçün bir neçə saniyə belə olsa efir vaxtı ayırmır… Bunu necə başa düşək? Jurnalistin bircə fəlsəfəsi və amalı olmalıdır – informasiya vermək! Bunu da etmirlər. Hakimiyyət isə artıq bütün məntiq sərhədlərini aşıb. Bu ölkədə etiraz aksiyası keçirmək və öz etirazını ifadə etmək mümkündürmü? Mümkündür, ancaq müxalif liderlər yaşayan binaların önündə, müxalifət partiyalarının qərargahları qarşısında! Özü də bircə şərtlə: aksiya müxalifətə qarşı olmalıdır!.. Müxalifətə məhz ona görə aksiya keçirməyə icazə vermirlər ki, bu, insanların istirahəti və bir də təhlükəsizliyi üçün guya problem yaradır. Bəs müxalifət liderlərinin evləri önündə, müxalifət partiyalarının qərargahları qarşısında keçirilən aksiyalar insanların istirahətini pozmurmu, onlar üçün təhlükə yaratmırmı? Bir də axı harada görünüb ki, insanın özünü ifadə azadlığı onun istirahət hüququna nisbətən ikinci plana keçirilsin!? Güman ki, elə Avropa ölkələrində izdihamlı mitinqləri görmüsünüz. Orada insanlar istirahət etmirlər?.. Buna hətta qeyri-səlis məntiq də demirlər. Bu, nəsə tamam başqa şeydir, zorun məntiqidir! Bəli, zorun məntiqi 48 il davam edə bilər, amma əbədi ola bilməz. Bəzən elə olur ki, zorun 48 illik məntiqinə 48 saat ərzində son qoyulur. Indi dünyanın bir kəsimində bu baş verir və elə bir qanun yoxdur ki, onun dünyanın digər kəsimində baş verməsini yasaq etsin, yoxdur belə qanun, əksinə analoji halların eyni ssenari üzrə inkişaf etməsi qanunauyğunluğu var və o, tamam qaçılmazdır. Bunun qarşısını heç nə ala bilmir, təbiət istisnaları sevmədiyi kimi, tarix də elə istisnaları sevmir…
Gürcüstan gözləyir, NATO-nun isə başı Liviyaya qarışıb
Bu günlərdə NATO-nun təmsilçisi Gürcüstanda oldu. Qonşu ölkə növbəti vəd aldı – özünün NATO-ya üzv olacağı haqda. Amma nə vaxt? Bu haqda danışmağı hələ sevmirlər. M.Saakaşvili bir dəfə demişdi ki, Gürcüstan daha nə etməlidir ki, NATO standartlarına bir az da yaxınlaşsın? Cavab verilmədi.
Amma biz cavab verək. Bunun üçün Gürcüstan mümkün qədər Rusiyadan uzaqda olmalıdır, amma bu, mümkün deyil, çünki insanlar valideynlərini və qohumlarını seçmədiyi kimi, ölkələr də qonşularını seçmirlər. Mən doğrusu NATO-nun Liviyadakı əməliyyatlarına bir az pessimist yanaşıram, ona görə ki, onlar sanki vaxt uzadırlar. Qladiator döyüşdürmək kimə lazımdır? Liviya düzənliklərində indi əsl qladiator döyüşləri keçirilir, arabir hətta üsyançı dəstələri də bombalayırlar. Bu günün mənzərəsi budur. Gürcüstansa NATO adlı alyansın qapısının kandarında boynunu burub dayanıb, içəri boylanır, amma daxil olmağa icazə vermirlər, hələ də tamaşaçı qismində saxlayırlar.
Ərəb serialı
Siyasətdə də seriallar olur. Elə ərəb serialları kimi. Insanlar azadlıq uğrunda ölürlər, hər gün bir neçə adam həyatla vidalaşır. Amma proses uzanır. Bəlkə bu prosesi qısaltmaq olardı? Çox təəssüf, böyük güclər, əksinə onun bir az da uzanmasında maraqlıdırlar…