“Mur-Ay”ın aldatdıqlarını hakimiyyət də aldatdı

Hacıbala Abutalıbov zərərçəkənlərə hansı məsləhəti verdi?

317 mənzili 1000-ə yaxın sakinə satanlar yeni iş birliyində…

Məhəmməd Xiyabani 18 ünvanında yerləşən “Mur-Ay” MMC-yə məxsus 3 bloklu 14 mərtəbəli binanın “gələcək” sakinləri növbəti dəfə Prezident Administrasiyasının (PA) qarşısına toplaşdılar. Zərərçəkənlər 4 il əvvəl tikintisinə başlanan binadan mənzillərini, mənzil olmayacağı təqdirdə pullarını tələb edirlər.

Pullar hara getdi?

Öncə bir mənzili bir neçə adama satan “Mur-Ay” rəhbərliyinin əldə etdiyi pulun haralara xərclənməsinə nəzər yetirək. Zərərçəkənlərlə söhbətlər zamanı məlum olub ki, mənzil almaq üçün ödənilən pullar fövqalədə hallar naziri Kəmaləddin Heydərova və Şirvanda Heydər Əliyev muzeyinin tikintisinə verilib. “Məsul şəxslərdən pullarımızı tələb edəndə deyirlər ki, sizdən aldığımız pulların bir milyon dolları fövqəladə hallar naziri Kəmaləddin Heydərova, qalan pulu isə Şirvanda Heydər Əliyev muzeyinin tikilməsinə sərf etmişik. Açıq şəkildə hamımıza etiraf etdi ki, öhdələrinə Şirvandakı muzeyi tikmək qoyulub”.
Daha sonra “Azadlıq”a məlumat verən qaynaq bildirdi ki, “Mur-Ay” rəhbərliyi maxinasiyada “fövqəlnazir”in adının hallanmasından narahatdır. Qaynağın sözlərinə görə, şirkətin rəhbərliyində təmsil olunan Vaqif və Elxan adlı şəxslər günahkar qismində Heydər Əliyev muzeyinin hallanmasından o qədər narahatlıq keçirmirlər: “Ancaq Kamaləddin Heydərovun adının çəkilməsi onlara baha başa gələ bilər. Hətta həbs də edilə bilərlər. Ona görə də onlar çalışırlar ki, nazirin adı mətbuatda bu işlə bağlı hallanmasın”.
“Azadlıq” isə ötən saylarında Elxan Hüseynovu bu işə müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı, Şirvanın icra başçısı Mərdan Camalovun təhrik etdiyini yazıb. Mərdan Camalov Elxan Hüseynovu inandırıb ki, o, Mərkəzin inşasını uğurla başa çatdırsa, rayonlardan birinə icra başçısı təyin ediləcək. Bəzi məlumatlara görə, Elxan Hüseynov bundan sonra hətta özünü müəyyən dairələrdə icra başçısı kimi təqdim də edirmiş.

Baş Prokuror nə dedi, Bakı meri nə…

317 mənzili 1000-ə yaxın sakinə satan şirkət rəhbərliyi özlərini “aydan arı, sudan duru” kimi qələmə verirlər. Təsadüfi deyil ki, zərərçəkənlər mənzillərini tələb etdikləri 8 ay müddətində onlarla yalnız bir dəfə görüşə gəliblər. Özü də polislərin əhatəsində…
Ötən gün PA-ya gəlməzdən öncə 500-ə yaxın zərərçəkən Məhəmməd Xiyabani 18-in qarşısına toplaşdılar. Adıçəkilən ünvana toplaşmaqlarının məqsədi müstəntiq Möhübbət Hüseynovun onlarla görüşəcəyi idi. Saat 11-ə təyin olunan görüş 1 saatdan sonra baş tutdu. Zərərçəkənlər müstəntiqlə görüşün faydasız olduğunu görüb PA-ya üz tutdular. Binanın qarşısında toplaşan sakinlər təxminən 3 saat gözləsələr də onlarla kimsə görüşmədi. Onlara deyildi ki, həftənin birinci günü gəlsinlər. Zərərçəkənlər isə bildirdilər ki, qəbula düşməsələr, getməyəcəklər. PA-nın mühafizə xidməti əməkdaşları sakinləri ərazidən uzaqlaşdırmaq istəyəndə isə “Ilham, Ilham” sədaları eşidilməyə başlandı. Yalnız bundan sonra asayiş keşikçiləri geri çəkildilər. Ancaq hücumlar tez-tez oldu. Hər dəfə onları şikayətçilərin “Ilham, Ilham” qışqırığı geri çəkilməyə məcbur etdi. Hətta PA-nın məsul şəxslərindən biri aşağı enərək “Ilham” kəlməsini “Istefa” kimi eşitdiyini bildirdi. Ona düzgün məlumat veriləndən sonra “işiniz olmasın, qoy nə qədər istəyirlər qalsınlar, ancaq içəri heç kimi buraxmayın” əmrini verib qayıtdı.
Sonra sakinlərə bildirdilər ki, onları Bakı meri Hacıbala Abutalıbov qəbul edəcək. Sakinlər bununla razılaşmasalar da, bir neçə zərərçəkmiş qəbula getdi.
Sakinlərin Hacıbala Abutalıbovla nə səbəbə görüşmək istəmədiklərini soruşduqda bildirdilər ki, Bakı meri onları qəbul edəndə başlarına çarə axtarmağı məsləhət verir: “Iki ay öncə baş prokuror Zakir Qaralovun qəbulunda olduq. Bizə söz verdi ki, 5 mindən 10 minə qədər pul ödəyənlərin pulu qaytarılacaq, daha çox pul ödəyənlərin mənzili təmir edilib qaytarılacaq. Martın 16-da da Hacıbala Abutalıbovun qəbulunda olduq. O, açıq-aydın bizə dedi ki, pul verilməyəcək. Bildirdi ki, bankdan beş milyon manat götürüb özümüz sahibkar tapıb bina tikdirməliyik. Bu da Abutalıbovun bizə cavabı”.
Sakinlər qərara gəldilər ki, bundan sonra hər həftənin ikinci və altıncı günləri PA-nın qarşısına toplaşsınlar.

Elxan Hüseynovun əlavə işləri...

Araşdırmalar zamanı “Mur-Ay” rəhbərliyi ilə bağlı maraqlı məlumatlar əldə etdik. Məlumatlara görə, Elxan Hüseynov şəriki Bəxtiyar Təhməzovla birgə Yeni Yasamalda əlavə torpaq sahəsi alıb. Torpaq sahəsinin alınması üçün 750 min manat, həmin ərazidə tikinti işlərinin aparılması üçün isə müvafiq qurumlara 700 min manat pul verilib. Hazırda həmin ərazidə tikinti işləri davam etdirilir. Işə Bəxtiyar Təhməzov rəhbərlik edir. Bu faktı “Mur-Ay” qalmaqlı ilə bağlı həbs edilənlər də ifadələrində qeyd ediblər. Həmçinin məlumatlarda deyilir ki, vətəndaşlar aldandıqlarını biləndə və bu məsələ ictimailəşəndə Elxan Hüseynov heç yerə qaçmayıb. Həmin ərəfədə o işdə olub. Ancaq sonradan kimlərinsə tapşırığı ilə görünməz olub. Və ofisə məktub göndərərək bütün işlərin Bəxtiyar Təhməzova verilməsini tapşırıb. B.Təhməzov hansısa səbəbdən arxayınlıqla E.Hüseynovun tapşırıqlarını yerinə yetirir və bildirir ki, onu heç kim həbs edə bilməz. Onunla bağlı DIN-ə dəfələrlə teleqram vurulsa da nəticəsi olmayıb. Görünür, Elxan Hüseynovla Bəxtiyar Təhməzov problemlərini həll ediblər.

Ramin DEKO