«Avropada minlərlə insan Facebookda işləyərək maaş alır»
Facebookdakı fəaliyyətinə görə bu gənc dövlət çevrilişinə cəhddə ittiham edilir
Ayəndə Mürsəliyeva
“Azadlıq”da yeni proyekt. Bu dəfə “Azadlıq”ın oxucularına “Facebook” və digər sosial şəbəkələrdəki ictimai-siyasi polemikalara, bir növ, moderatorluq edən Azərbaycan gənclərini təqdim edirik. Son günlər adı qalmaqallar qoparan Elnur Məcidli adlı Facebook istifadəçisi kimdir? Virtual dünyanın bu gerçək qəhrəmanı o qədər populyar olub ki, Azərbaycan hökuməti hətta onun haqqında virtual cinayət işinin qaldırılması ilə bağlı siyasi göstəriş də verib. Bu səbəbdən də Elnur Məcidli adlı adamın gerçək kimliyi “Azadlıq”ın oxucuları üçün maraqlıdır, şübhəsiz. Sən kimsən, Elnur Məcidli? Özün haqqında danış.
– Bakı şəhərində doğulmuşam. Türkiyənin Qazi Universitetində ingilis dili müəllimliyi bölümündə təhsil almışam. Qalatasaray Universitetində hüquq təhsilinə başlayıb və hüquq təhsilimi Fransanın Robert Şuman Universitetində (hazırkı adı Strasburq Universiteti) davam etdirib oradan məzun olmuşam. Orta məktəb dövründə ilk dəfə müxtəlif uşaq jurnallarında şeir və yazılarım işıq üzü görüb. Professional jurnalist fəaliyyətinə Türkiyədə ANS TV-nin müxbiri kimi başlamışam. Medianın inkişafı ilə bağlı keçirilən müxtəlif beynəlxalq treninq-konfransların və sertifikat proqramlarının iştirakçısıyam. Hazırda BBC, AFP, IHA, ZDF kimi beynəlxalq media orqanlarıyla əməkdaşlıq edirəm. Eyni zamanda Avropa Şurası, Avropa Insan Haqları Məhkəməsi, Fransa Senatı, UNESCO, Avropa Parlamenti, Fransanın prezident aparatı sayılan Yelisey Sarayı kimi beynəlxalq və rəsmi quruluşlarda akkreditasiyalı jurnalistəm. www.gundeliyim.com və www.sozunduzu.com saytlarının yaradıcısı və ideya müəllifiyəm. Eyni zamanda www.emacidli.wordpress.com adlı şəxsi bloqum var. 2010-cu il Azərbaycanda keçirilən parlament seçkilərində iştirak etmişəm. 2010 Parlament seçkilərindən sonra Avropadakı azərbaycanlı siyasi mühacirləri, demokratik-müxalif qüvvələri bir araya gətirmək üçün Avropalı Azərbaycanlılar Demokratiya Uğrunda (EUROAD) təşkilatını təsis etmişəm. 4 ildən çoxdur ki, Fransada yaşayıram. Facebookda “11 Mart – Böyük Xalq Günü” kampaniyasının yaradıcısı və “2 Aprel – Böyük Qəzəb Günü” aksiyasının təşkilatçısı, “8 Aprel – Böyük Cümə Günü” etiraz səhifəsinin yaradıcısıyam. Facebookda yaratdığım səhifələrə və bloqumdakı yazılara görə Azərbaycan Respublikası Prokurorluğunun Ağır Cinayətlərə dair Işlər üzrə Istintaq Idarəsi haqqımda Cinayət Məcəlləsinin 281-ci maddəsiylə cinayət işi açıb.
Virtual dünyada gerçək olmağa üstünlük verirəm
– FB-də göstərdiyiniz ad real addırmı? Başqa adla FB-də fəaliyyətə necə baxırsız?
– Facebook-dakı adım realdı. “Elnur Macidli” adımın ingilis dili versiyasıdı. Ümumiyyətlə, facebookda ləqəblərlə, gizli profillərlə çıxışa soyuq baxmışam və heç bir zaman bundan istifadə etməmişəm. Əksinə, yaxın çevrəmdə istifadə edən varsa da qınamışam. Ancaq son hadisələr göstərir ki, facebookda öz adınla ictimai çağırışlar etmək, tənqidi mövqe ortaya qoymaq təhlükəlidir. Cabbar Savalanlı insanları 11 fevralda Azadlıq meydanına çağırdığı üçün cibinə narkotik atıb həbs etdilər. O cümlədən, açdığım səhifələrə, yazdığım bloq yazılarına görə dövlət çevrilişində ittiham olunuram.
– Neçə FB hesabınız var?
– Öz adıma sadəcə bir facebook hesabım var. Bundan başqa, qurduğumuz saytları, təşkilatları bir neçə nəfərin idarə etdiyi hesablar var.
– FB sizin üçün nədir? Onu necə qəbul etdiniz və onun dəyərini nədə görürsünüz?
– Facebook azad bir məkandır. Real həyatda fikirlərini ifadə edə bilməyənlər, təyziqlərlə qarşılaşanlar bu portalda bunu çox rahat şəkildə edə bilir. Facebook fikir və informasiya zənginliyinə şərait yaradan sosial şəbəkədi. Eyni zamanda hər hansı ölkədə vətəndaş cəmiyyətinin inkişafına, ictimai nəzarətin artmasına müsbət mənada kömək edir. O cümlədən Facebook təkyönlü informasiya blokadası və ya monopoliyası altından olan rejimlərdə də Facebook həqiqi informasiyanı əldə etmək və reallıqdan xəbər tutmaq üçün olduqca uğurlu portaldır. Əvvəllər internet istifadəçiləri ölkədə, dünyada baş verən yenilikləri müxtəlif saytlar vasitəsilə əldə etməyə çalışırdısa, bu gün Facebook bu boşluğu doldurur. Facebook həmçinin vətəndaş mövqeyi öyrənmək və ya ictimai sorğu keçirmək üçün də uyğun bir platformadır. Insanların yazdığı şərhlər, bildirdikləri fikirlər, paylaşdıqları informasiyalar, əslində cəmiyyət daxilində yeni bir prosesin inkişafını təmin edir. Bu gün Facebook azad sözün, fərqli fikirlərin olduğu bir məkandır. Informasiya texnologiyalarının vacib rol oynadığı günümüzdə facebook dünyaya qapalı bütün rejimlərin ən çox qorxduğu saytların başında gəlir. Diktatura rejimlərinə qarşı mübarizənin də Facebookdan başladığını nəzərə alsaq, qlobal mənada, bu saytın gücünü daha yaxşı dərk edə bilərik.
– Başqa sosial şəbəkələrdən istifadə edirsizmi?
– Tanınan bütün sosial şəbəkələrdə varam. Bu sosial şəbəkələri daha çox informasiya paylaşımı üçün istifadə edirəm. Twitter, Linkdedin, Viadeo, Odnoklassniki, Hi5, myspace, o cümlədən bloq portalları və s.
Avtoritar rejimlər ictimai fəaliyyətlə siyasi fəaliyyət arasında fərq görmür
– Siyasətə nə zaman gəldiniz?
– Fəaliyyətim uzun illər daha çox ictimai işlərlə bağlı olub. Lakin hazırkı hakimiyyət ictimai olan hər şeyi siyasiləşdirməkdə maraqlıdır. Hakimiyyət siyasi anlayışdır, ancaq dövlətçilik daha çox ictimai anlam kəsb edir. Bu gün dövlətçiliyimizi hakimiyyətdə olan bir qrup mənimsədiyi üçün ictimailiyini itirərək siyasiləşmişdir. Bu, dolayısıyla ölkədəki ictimai fəaliyyətlərin siyasiləşməsinə də şərait yaradır. Real siyasi arenada 2010-cu il parlament seçkiləri dövründə olmuşam. Azərbaycanın iki aparıcı müxalifət partiyası “AXCP-Müsavat bloku” 94 saylı Bərdə kənd seçki dairəsindən namizədliyimi irəli sürüb. 2010 parlament seçkiləri dövründə 3 aya yaxın Azərbaycanda qalmışam, seçkilərdə iştirakıma görə ailəmə, qohumlarıma və dostlarıma ciddi təzyiqlər göstərilib. Azərbaycandakı bütün məhkəmə instansiyaları hüquqlarımı bərpa etməkdən imtina etdikdən sonra hazırda seçki hüquqlarımın bərpası üçün Avropa Insan Haqları məhkəməsinə müraciət etmişəm.
– FB-də fəaliyyətinizi siyasi fəaliyyət sayırsınızmı?
– Facebookdakı fəaliyyətimi daha çox ictimai hesab edirəm, ancaq bir az öncə vurğuladığım kimi Azərbaycan sayaq avtoritar rejimlərin olduğu ölkələrdə bu cür fəaliyyətlərin siyasiləşməsinə ciddi zəmin var. Facebookda açdığım “11 Mart – Böyük Xalq Günü”, “2 Aprel – Böyük Qəzəb Günü” səhifələri, həmçinin bu səhifələrlə bağlı yazdığım bloq yazıları mənə görə ictimai xarakter daşıyır, ictimai narazılığı yansıdır. Lakin artıq hakimiyyət bunu siyasiləşdirmə yoluna gedərək haqqımda dövlət çevrilişiylə bağlı cinayət işi açıb.
Facebook minlərlə adam üçün iş yeridir
– FB-də qazandığınız dostları gerçək həyat dostlarına çevirə bilirsinizmi?
– Facebookda tanış olduğum və fəaliyyətini izlədiyim xeyli insan var. Virtual dostluqlara ehtiyatla yanaşsam da Facebook vasitəsiylə yeni dostlar əldə etmişəm. Facebooku ünsiyyət üçün, yeni dostluqların yaranması üçün də uğurlu sayt hesab edə bilərik.
– FB müzakirələrini ciddi siyasi müzakirə sayırsınız, ya vaxt öldürmək?
– Facebookda ciddi müzakirələrin aparılması vacibdir. Ortaya qoyulan mövqelərdə fikir fərqinin olması bunu daha da rəngarəng edir. Bəlkə də sivil cəmiyyətlərdə, bu, çox normal olduğu üçün Facebookun fərqi bir o qədər hiss edilmir, ancaq Azərbaycan kimi ölkələrdə azad sözün, müzakirə mədəniyyətinin inkişafında Facebookun rolu danılmazdır. Qərb ölkələrində bir çox partiya, lider, ictimai fiqur Facebookda öz səhifələrini yaradaraq maaşlı bir qrup işçi tərəfindən idarə edilməsini, təbliğat aparılmasını təmin edir. Burada Facebookda oturaraq aylıq maaş alan insanların sayı minlərlədir. Həmçinin, bir çox şirkət, holdinq Facebooku öz biznes maraqları üçün istifadə edir. Əvvəllər insanların televiziyaya, radioya, qəzetlərə ayırdığı ümumi vaxtı bu gün tək bir sayta ayırması qəribə görünə bilər. Lakin informasiya axtaran hər insan üçün Facebook gündəlik tələbatdır, buna “vaxt itkisi” kimi baxmaq doğru deyil.
– Sizcə, indi FB müzakirələri ictimai rəyə təsir baxımından ənənəvi KIV-lə müqayisədə çoxmu uduzur? Ümumiyyətlə, uduzurmu?
– Facebookda gedən müzakirələr daha çox insana təsir edir, fikrimcə. KIV-lər müxtəlif maraqlara görə ictimaiyyəti yanılda bilər, yanlış yönləndirə bilər. Lakin Facebookda həqiqi vətəndaş mövqeyini görmək mümkündür. Ümumilikdə, internet klassik KIV texnologiyasını artıq məğlub edib. Bir çox KIV bu gün öz rəy sorğularını belə Facebookda və digər sosial şəbəkələrdə aparır.
– FB-də itirdiyiniz vaxt peşə fəaliyyətiniz üçün itki sayıla bilərmi?
– Facebookdakı fəaliyyətimi vaxt itkisi olaraq görmürəm, əksinə həm peşə, həm ictimai fəaliyyətimin bir parçası hesab edirəm. Facebook hər bir jurnalist və hər ictimai fəal üçün olduqca vacib platformadı. Bu platformadan imtina etmək, sadəcə həmin jurnalistin və ya ictimai fəalın və yaxud hansısa siyasət adamının fəaliyyət sahəsini daraldır.