Brayzaya qarşı kampaniyaya YAP da qoşuldu

Əli Əhmədov ABŞ səfirini “vicdanı qarşısında cavab verməyə” çağırdı

Müxalifətin 2 aprel mitinqində aksiya iştirakçılarına qarşı zorakılıqları bir sıra beynəlxalq qurumlar, o cümlədən ABŞ-ın Azərbaycandakı səfirliyi pisləyib. Bu isə hakim partiya və ona yaxınlığı ilə seçilənlərin etirazına səbəb olub. ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın hədəfə alınması da məhz bununla bağlıdır. Milli Məclisin son iclasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Brayzanı ermənipərəst adlandırıb. Bunun ardınca isə YAP icra katibi Əli Əhmədov “Yeni Azərbaycan” qəzetinə verdiyi müsahibədə ABŞ səfirinin ünvanına ittihamlar səsləndirib. YAP təmsilçisi səfirliyin bəyanatını dövlətin işinə qarışmaq kimi qiymətləndirir.

Əli Əhmədov Brayzanın Azərbaycana səfir təyin olunmazdan əvvəl ABŞ-ı Minsk qrupunda təmsil etdiyini, lakin Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi, təcavüzkarın öz adı ilə çağırılması yönündə yaddaqalan bir bəyanat səsləndirə bilmədiyini deyib. YAP icra katibi hətta səfiri vicdanı qarşısında cavab verməyə də çağırıb. Ə.Əhmədov hesab edir ki, Azərbaycanı, onun müasir tarixini gözəl bilən insan kimi səfirin Azərbaycanın daxili işləri ilə bağlı qərəzli bəyanat səsləndirməyə mənəvi haqqı yoxdur. Buna görə də Brayza vicdanı qarşısında cavab verməlidir.

Onu da qeyd edək ki, bu tip çıxışların səslənməsi ilk dəfə deyil. Hər dəfə hakimiyyətin qanunsuz əməllərinə etiraz edən beynəlxalq qurum iqtidarın hədəfinə çevrilir və onlara qarşı kampaniya həyata keçirilir. Metyu Brayzanın ünvanına səsləndirilən fikirlər də bu kampaniyanın tərkib hissəsidir. Çox güman ki, yaxın günlərdə bunun davamının da şahidi olacağıq.

Fizzə