“Polisin təhdidləri bizi mübarizədən yayındıra bilməz”

Gözəl Bayramlı: «16 aprel mitinqi yüksək səviyyədə baş tutacaq, boş yerə özlərini yormasınlar»

AXCP sədrinin müşaviri Sahib Kərimov yenidən saxlanılıb. Bir neçə polis əməkdaşı onu dünən səhər saatlarında Şəkidə saxlayaraq Səbayel Rayon Polis Idarəsinə gətirib. S.Kərimov aprelin 4-də Bakıda saxlanılaraq Nəsimi Rayon Polis Idarəsinə aparılmış 2 aprel mitinqi ilə bağlı sorğu-sual edildikdən və izahatı alındıqdan sonra sərbəst buraxılmışdı. Dünən AXCP mətbuat xidmətinin rəhbəri və “Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilov (Güləhmədoğlu) da Səbayel Rayon Polis Idarəsinə çağırılıb. Dünən səhər saat 10 radələrində tanımadığı nömrədən ona zəng gəlib. Özünü Səbayel Polis Idarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Emin kimi təqdim edən bir nəfər onu dindirməyə dəvət edib. Və bildrib ki, onunla Ictimai Palatanın 2 aprel mitinqinə görə qaldırılmış cinayət işi üzrə söhbət etməlidirlər.

N.Ədilov hazırda şəhərdən kənarda olduğunu, yalnız günortadan sonra idarəyə gedə biləcəyini deyib, qarşı tərəf də bununla razılaşıb. Zəng edən N.Ədilova bildirib ki, dindirməni idarənin rəis müavinin iştirakı ilə prokurorluq əməkdaşları aparacaq. Eyni gündə “Azadlıq”ın başqa bir əməkdaşı Elmin Həsənli də Bakı Şəhər Baş Polis Idarəsinə çağırılıb. E.Həsənlidən bu gün səhər saat 10.00-da idarəyə gəlmək tələb olunub. Qeyd edək ki, E.Həsənli 2 aprel mitinqində aksiyaçı kimi yox, jurnalist kimi iştirak edib, əynində media mənsubları üçün nəzərdə tutulmuş gödəkçə də olub. Belə olan halda onun dindirilməyə niyə çağırıldığı məlum deyil.

AXCP sədrinin müavini Gözəl Bayramlının sözlərinə görə, AXCP Qadınlar şöbəsinin sədri Solmaz Hüseynova, partiyanın Ali Məclisinin üzvü Rza Abdullayev, AXCP Nizami rayon şöbəsinin sədri Zülfüqar Eyvazov da dindirilmək üçün BŞBPI-yə çağırılıb. Onlardan da bu gün idarəyə gəlmək tələb olunub. G.Bayramlı hesab edir ki, hakimiyyət bu yolla göz qorxutmağa və 16 aprel mitinqinin qarşısını almağa çalışır: “16 aprel mitinqini əngəlləmək, insanların gözünü qorxutmaq, aksiya hazırlıqlarını iflic vəziyyətə salmaq üçün bu cür üsullara əl atırlar. Halbuki bu yolla heç nəyə nail ola bilməyəcəklər. Xof yaratmaq istədikləri adamlar illərin sınağından keçiblər. Onların gözünü belə şeylərlə qorxutmaq mümkün deyil”.

G.Bayramlı bildirir ki, 16 aprel mitinqi yüksək səviyyədə baş tutacaq. Ona görə də hakimiyyət boş yerə özünü yormamalıdır: “Polisin təhdidləri bizi mübarizədən yayındıra bilməz. Hakimiyyət belə repressiyalara əl atmaqdansa, xalqın haqlı tələblərini yerinə yetirsin”.

Gültəkin