ozunu-yandiran

Polisin intihara vadar etdiyi gəncin müəmmalı ölümü

«Ramin aprelin 5-ə kimi yeriməyə başlayacaqdı, ancaq həmin gün torpağa tapşırıldı…»

Hökümə Alıyeva: «Oğlumu məcbur edirdilər ki, gəl, agent kimi bizimlə işlə…»

 

Tovuz rayon Polis Idarəsi əməkdaşlarının təzyiqindən bezərək, yanvarın 13-də özünü yandıran Ramin Məhərrəmov iki aydan sonra dünyasını dəyişdi. Bu gənci ölümə polislərin sürüklədiyini Raminin intihardan əvvəl yazdığı məktub da sübut edir: “Mən Məhərrəmov Ramin Tovuz rayon polislərinin əlindən bezib, özümü yandırıram. Mənim işimi MTN-ə verməyinizi xahiş edirəm”.
Xatırladaq ki, hadisə Bakıda – Ictimai Televiziyanın yaxınlığındakı yanğınsöndürmə məntəqəsinin qarşısında baş vermişdi. 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilən Ramin Məhərrəmovun vəziyyəti çox ağır olub. Iki aya yaxın xəstəxanada müalicə olunan Ramin aprelin 4-də dünyasını dəyişib.

Hadisə necə baş verib?

“Azadlıq” olaraq, baş verənlərlə bağlı ətraflı araşdırma aparmaq qərarına gəldik. Raminin anası Hökümə Alıyeva deyir ki, hadisədən sonrakı ilk günlərdə oğlunun vəziyyəti ağır olsa da, sonradan yaxşılığa doğru dəyişməyə başlayıb. Bədəninin yarısı yanan Ramin Məhərrəmovla bağlı CM-nin 125-ci (intihar həddinə çatdırma) maddəsilə Yasamal rayon prokurorluğunda cinayət işi də açılıbmış.

“Bu işi başqaları görüb, oğlumun boynuna qoyublar”

Hökümə Alıyevanın sözlərinə görə, hələ hadisə baş verən gün ətrafdakı yanğınsöndürənlər və sıravi vətəndaşlar bu olayı görməsəydi, Ramin elə həmin gün dünyasını dəyişəcəkdi: “Yaxşı ki, Raminin özünə od vurduğunu görüblər və köməyə çatıblar. Ancaq yenə də bədəninin yarısı tam yanmışdı”.
Mərhumun anası baş verənlərin kökündəki səbəblərə də aydınlıq gətirir: “1998-ci ildə 17 yaşı olanda Ramin Tovuz Rayon Polis Idarəsinin əməkdaşları tərəfindən şərlənərək həbs edilib. Onu narkotik alverinə görə tutublar. Amma hər kəs bilir ki, bu işi başqaları görüb, oğlumun boynuna qoyublar. 6 il həbs cəzası alan Ramin 2004-cü ildə azadlığa çıxıb. Azadlığa çıxdıqdan sonra da Tovuz polisləri ondan əl çəkməyiblər. Ona müəyyən işlər təklif ediblər. Deyiblər ki, gəl, agent kimi bizimlə işlə. Ramin razılıq verməyib. Ona görə də oğluma düşmən kəsiliblər”.
“Oğlum onun əlindən işini yarımçıq qoyub Bakıya qayıdıb”
Hökümə Alıyevanın sözlərinə görə, Ramini ən çox incidənlər idarənin cinayət-axtarış şöbəsinin Elşad adlı əməkdaşı və narkotiklərlə mübarizə şöbəsinin rəisi olub: “Ramin nə vaxt Tovuza gedirdisə, bu adamlar onun başının üstünü kəsdirib, hədə-qorxu gəlirdilər. Deyirdilər ki, niyə rayona gəlmisən, burada nə işin var və s. Tovuz Raminin ata yurdudur. Həm də orada iş götürüb işləyir. Oğlum rəngsazdır. Şəxsi evlərdə, obyektlərdə işləməklə pul qazanırdı. Əgər mənim oğlum cinayətkar olsaydı, Tovuzda onu kim evinə, obyektinə buraxardı? Rayonda hamı bilir ki, vaxtilə Ramini şərləyiblər. Ona təzyiq edib, öz məqsədləri üçün oğlumdan istifadə etmək istəyiblər.
Ramin axırıncı dəfə rayona gedəndə yenə də Elşad onu hədələyib. Axşam vaxtı gəlib Raminə deyib ki, niyə Tovuza gəlmisən? Anlamıram, mənim oğlum öz ata yurduna gedə bilməzdi ki? Oğlum da onun əlindən işini yarımçıq qoyub Bakıya gəlib və yanvarın 13-də gecə vaxtı özünü yandırıb”.

Ramin Məhərrəmov nədən öldü?

Hökümə Alıyevanın sözlərinə görə, oğlunun vəziyyəti gündən-günə yaxşılaşırdı. Hətta həkimlər tezliklə Raminin yeriyəcəyini deyiblər: “Bildirirdilər ki, artıq yavaş-yavaş yerimək olar. Ramin də deyirdi ki, aprelin 5-ə kimi yerimdən qalxmaq istəmirəm. Yəni 5-dən sonra yerimək istəyirdi. Ancaq ayın 5-də torpağa tapşırdıq onu…
Həkimlərin özləri də onun ölümünə təəccübləndilər. Aprelin 3-də halı qəflətən pisləşdi. Əvvəlcə elə bildim ki, bayılıb. Sonradan məlum oldu ki, infarkt keçirib. Bir sutka can verdi. Xəstəxanada ölməmək üçün onu rayona apardım, ancaq yolda – Ucarda dünyasını dəyişdi”.
Indi Hökümə xanımın bir tələbi var: oğlunun ölümünə bais olanlar cəzalandırılsın! Oğlunu itirən ana hüquq-mühafizə orqanlarından da narazıdır. Deyir ki, ötən iki aya yaxın vaxtda müstəntiq Ramini intihara vadar edənlərin tapılıb məsuliyyətə cəlb olunması üçün üzərinə düşən vəzifəni yerinə yetirməyib: “Hadisədən bəri cəmi bir-iki dəfə müstəntiq gəlib onunla maraqlandı. Əvvəlcə bu işi başqa müstəntiq aparırdı. O gəldi, Ramini dinlədi. Növbəti dəfə başqa bir müstəntiq gəldi. Oğlumun halı pis olduğundan o qədər də orada yazılanlara diqqət yetirmədi. Bəlkə də orada özlərinə sərf edən izahatı yazıb, ona qol çəkdiriblər. Hadisədən sonra günahkarların yaxınları bizə minnətçi düşüblər ki, onların adlarını hallandırmayaq. Guya, bu insanların heç bir günahı yoxdur. Əgər onların dediyi kimi olsaydı, Ramin onların adlarını çəkməzdi…”
Hökümə Alıyeva onu da əlavə etdi ki, oğlunun ölümünün baiskarlarını məsuliyyətdən kənarda saxlamaq cəhdlərinə qarşı var gücü ilə mübarizə aparacaq. Bu məqsədlə Daxili Işlər Nazirliyinə, Baş Prokurorluğa, Milli Təhlükəsizlik Nazirliyinə müraciət etmək niyyətində olan Hökümə xanım lazım gələrsə, işi Avropa Məhkəməsinə qədər aparıb çıxaracağını deyir.
Qeyd edək ki, Hökümə xanımın ittiham etdiyi şəxslərin də fikirlərini dinləməyə hazırıq.

Ramin DEKO