Həm dünyadakı proseslər, həm də 2 aprel aksiyası bizdə nikbinlik yaratdı və özümüzə inamımızı qaytardı. Artıq çox adam bu rejimin müvəqqəti olmasını özü üçün yəqinləşdirib. Amma bir hiss adamı tərk etmir. Təsəvvür edin, bir sıra insanlar daim etiraz edir, aksiyalara gedir, döyülür, təhqir olunur, amma digərləri, xüsusən də ziyalılar seyrçi mövqe tutur. Düzdür, ziyalı məsələsi bir qədər qəlizdir, burada həmişə “qırmızı xətti” tapmaq olmur. Dekabristlər üsyanından 186 il, mənim bu haqda ilk dəfə eşitməyimdən isə bir neçə on il keçib. Amma bir fikir hələ mənə rahatlıq vermir. Mənə bu günə qədər belə gəlir ki, A.Puşkinin qiyam vaxtı paytaxtda olmaması dekabristlərin özlərilə irəlicədən razılaşdırılmışdı. Bəli, cəmiyyət, millət özünün ziyalısını qorumağı və hifz etməyi bacarmalıdır. Rusiya üçün nə önəmli idi? Qiyamçı, yoxsa şair Puşkin? Məsələn, nə daha yaxşı olardı, nədən Rusiya da, elə dünyanın özü də daha çox yararlanardı? Dostoyevski inqilabçı kimi qalsaydı, yoxsa indicə olduğu tək yazıçı olsaydı? F.Şopen də çox patriot adam olub. O vaxtlarda, Polşada üsyan gözlənilərkən, o da dostları ilə birgə olmaq istəmişdi. Amma dostları onu Fransaya göndərdi, çünki Polşaya da Şopen daha çox bəstəkar kimi lazım idi. Düzdür, başqa misallar da var. Elə həmin rusların bir şairi də olub – tarixçi L.Qumilyovun atası, A.Axmatovanın əri N.Qumilyov. Dostları ilə hərbi qiyamda iştirak edən Qumilyovun əfv edilməsi üçün hətta M.Qorki müraciət etmişdi. Amma şair N.Qumilyov zabit dostları ilə ölməyə üstünlük verdi… Bəli, tarixdə hər cür misallar var, bəlkə də tarixin elə gözəlliyi budur, müxtəliflik hər şeyə gözəllik gətirdiyi kimi, tarixə də gözəllik gətirir. Fəqət, suallar adamı tərk etmir. Ziyalı niyə görə etiraz etməlidir? Ona görə ki, ziyalı daha çox bilir, başa düşür, anlayır. Elə “intelligent” sözünün də latıncadan tərcüməsi “anlayan” demək deyilmi? Hə, ziyalıları sıralarımızda çox seyrək görürük. Amma bu gün etiraz edən gənclər ziyalı deyilmi? Düzdür, klassik anlamda onlar özlərini hələ ziyalı tək təsdiq etməyib, mədəni – mənəvi dəyər yaratmayıblar. Zira mədəni dəyərlərin ötürücüləri və daşıyıcıları deyillərmi? Onların həyata, siyasətə, vətəndaşlığa baxışı mədəni dəyər deyilmi? Bəlkə biz ziyalını başqa yerdə axtarırıq, məhz elə bir yerdə ki, orada o yoxdur?!.. Sovetlərdən bizə çox problem miras qalıb. Biri də ziyalı nomenklaturasıdır. Daim onları ayağa qalxmağa, etiraz etməyə və münasibət bildirməyə sövq etməyə çalışırıq. Bəzən alınır, bəzən isə alınmır. Hətta unuduruq ki, bu nəsil artıq səhnədən çəkilir və gedən qatarın ardınca qaçmazlar. Bizsə qaçırıq…
Bir az da milli elita haqda
Bu rejimlərin arxasında kim dayanır? Niyə Liviya məsələsi bu cür müşkülə düşdü?.. Rusiyanı qınayırıq. Doğru da edirik. Məsələ təkcə Rusiyadadırmı? Bəs ABŞ, bəs, transmilli şirkətlər… Onların heç rolu yoxdurmu? Bir çox məsələlər düşünülən formadan çox qəlizdir. Biz onları sadələşdiririk, çünki bu, anlamağa və yaşamağa kömək edir. Indinin qənaəti nədir? Pessimistlər etiraf edir ki, müsəlman ölkələri demokratiyaya hazırdır. Əvvəllər isə islamla demokratiya arasında sədd çəkirdilər. Indi çoxuna aydın olur ki, bəzi siyasi sistemlərdəki pis cəhətlər təkcə dini şüur, mentalitet və digər amillə bağlı deyil, başqa amillər var. Bir çox hallarda elita millətin həm də tormozu olur. Şərq ölkələrindəki bir çox problemi məhz bu amillə bağlayıram: elitalar milli inkişafın tormozu rolunda çıxış edir və onun inkişafını ləngidir. Əvvəl ziyalı söhbətini də məhz elə buna görə başladım. Bizim inkişafımız niyə alınmır? Bizə miras qalan elita sovet dövrünün məhsuludur! O, cəsarətsizdir, ardıcıl deyil, hətta natamamdır. Potensial var, amma o, özünü hələ elita kimi təsdiq etməyib. Qərb universitetlərini bitirənlər hələ ki, elita deyil, onların əvəzinə elita rolunu sovet dövrünü keçmiş, onun ziddiyyətli proseslərini yaşamış və onun xüsusi davranış tərzini əxz etmiş bu sovet nomenklaturası oynayır. Dərd budur – etiraf etsək də, etməsək də.