Bunlar Əzizbəyov rayonunun adını dəyişib niyə məhz Xəzər qoydular? Çox sadə səbəbdən: camaatın ağlına “Xəzər” deyəndə dəniz yox, rayon gəlsin. Yəni dəniz yavaş-yavaş yaddan çıxsın, dəniz yaddan çıxdıqca isə əlbəttə, neft də yaddan çıxacaq, neftdən gələn pulların bir ovuc adam tərəfindən dədə malı kimi mənimsənildiyi də.
Indi gələk mətləbə. Həmin bu Xəzər rayonunun icra başçısı müşavirə keçirib, o müşavirədə iki fəal müxalifətçinin (biri AXCP sədrinin müşaviri Şakir bəydir, digəri partiyanın yerli təşkilatının sədri Əmrulla bəy) hələ də rayon ərazisində yaşamasından əsəbiləşib və onların təcili rayondan çıxarılmasını tələb edib.
Siz onu qınamayın. Həmin icra başçısında günah yoxdur. Siz bu cür faşistcə, bu cür çirkincə bir yanaşmanın hardan qaynaqlandığına baxın əvvəlcə. Həmin icra başçısının bu sözləri deyərkən hansı bulaqdan su içdiyinə diqqət edin.
***
Illərdən 2007. 22 noyabr. Yer “Gülüstan” sarayı. YAP-ın 15 illiyi ilə bağlı tədbir. Kürsüdə kimdir? Kim olacaq, canım, bizim kral həzrətləri… Çıxışın bir yerində elə beləcə də deyir: “Azərbaycanda ənənəvi müxalifətə yer yoxdur…”
Indi siz olun, özünüz oturun düşünün: əgər bir ölkədə dövlətin təpəsində oturan adam bu sözləri dilinə gətirə bilirsə, o ölkədə hansısa icra başçısı niyə müxalifətçini öz rayonundan qovmasın? Elə son parlament seçkisindən sonra Ilham Əliyevdən ilhamlanmış Əli Əhmədov da deməmişdimi ki, “artıq Azərbaycan cəmiyyətində müxalifətə yer qalmayıb”.
Axı bunların məqsədi başından bəri aydındır: kim onlar kimi düşünmürsə, kim onları bəyənmirsə, kim onları sevmirsə, kim onların yanında deyilsə, cibində deyilsə, qucağında deyilsə, şələ-küləsini yığışdırsın və getsin Azərbaycandan. Biz başından bəri bu ölkədə kirayənişin kimi yaşayırıq, istədikləri an bizi buradan qova bilərlər. Necə ki, indiyədək qovduqları da az deyil. Işgəncə verib, işsiz qoyub nə qədər insanı bu ölkədən didərgin salıblar…
Onlar üçün bu ölkə bir ovuc korrupsionerə, talançıya, bir də onların zülmünə züy tutan yaltaq, məddah, kölə insanlara məxsusdur. Onlar üçün biz bu ölkədə qonağıq, turistik, nə bilim daha nəyik, amma vətəndaş deyilik.
Hələ o da başqa söhbətdir ki, onlar üçün bu ölkədə hər cür ənənəyə yer var: yumurta döyüşdürənlərə, muğam oxuyanlara, meyxana deyənlərə, xalça toxuyanlara… Təkcə “ənənəvi” müxalifətə yer yoxdur. Onlar üçün ənənələrin hamısı gözəldir, müqəddəsdir, milli-mənəvi dəyərdir, təkcə müxalifətin “ənənəvi”si pisdir, qorxuncdur, təhlükəlidir, düşməndir.
***
Amma qoy bu zehniyyət müxalif düşüncəyə, müxalif fikrə, fərqli təfəkkürə, alternativ dəyərlərə Azərbaycanda yer olmadığını nə qədər istəyir bəyan etsin… Bizi bir rayondan deyil, bir kənddən, hətta bütün ölkədən belə, qovmağa çalışsın, bir həqiqət dəyişməz qalır: bizim bu ölkədə yerimiz olmaya bilər, amma 21-ci əsrdə kral olmaq sevdasına düşənlərə, xalqa seçib-seçilmək azadlığı tanımayanlara, başqa cür danışan ağızları qıfıllayıb, başqa cür düşünən başları qoparmağa, hüquq üzərində hegemon olmağa çalışanlara da artıq bütün dünyada yer yoxdur.
Inanmırlar, konturlarımı qəhətdir, zəng eləsinlər, Mübarəkdən soruşsunlar. Ben Əlidən soruşsunlar. Onlar izah edərlər bizim krala ədalətsizliklə, basqıyla, zülmlə, istibdadla, talançılıqla, sümürücülüklə artıq bir yerə varılmadığını. Onlar izah edərlər bizim krala daha bu Yer üzündə Despotizmə, Şərə yer qalmadığını.
Axı nə qədər absurd görünsə də, indi hər şeyin doğrusunu onlar bilirlər – bütün ömrü yalan içində keçənlər…