Neft ölkələrində neftdən xalqa nə düşür?

Bu sahədə də ən acınacaqlı vəziyyət Azərbaycandadır

Neft ölkələrinin hamısında təhsil və səhiyyə pulsuzdur

 

Azərbaycanda əksər neft ölkələrindən fərqli olan bu təbii sərvətdən gələn pulların böyük hissəsinin əhaliyə yox, kiçik bir qrupun maraqlarına sərf edilməsidir. Bu heç kimə sirr deyil. Son bir neçə gündə qəzetimizdə büdcədən maliyyələşən müxtəlif sahələrdə çalışan insanların aldığı əmək haqqı və təqaüdlərlə bağlı yazı dərc edilib. Məlum olub ki, ölkəmiz YAP iqtidarının təqdim etdiyi kimi nəinki dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada dayanır, heç MDB dövlətləri ilə də müqayisəyə gəlmir. Hətta büdcəsi Azərbay- canın hərbi büdcəsindən az olan Ermənistanda həkimlərin, müəllimlərin, polislərin əmək haqqı, pensiya və tələbə təqaüdü, uşaq pulu xeyli yüksəkdir. Eyni zamanda bu ölkədə yaşayış minimumu Azərbaycandan xeyli aşağıdır. YAP hakimiyyəti ərəb ölkələrində inqilabların sosial problemlər səbəbindən baş verdiyini desə də, müqayisə bu iddiaların da yalan olduğunu üzə çıxardı. Üsyanların baş qaldırdığı ölkələrin hamısında həyat səviyyəsi Azərbaycandan müqayisəolunmaz dərəcədə yüksəkdir. Xatırladaq ki, Azərbaycanda rəsmi statistikaya görə yaşayış minimumu 95 manat olsa da, müstəqil iqtisadçılar bu göstəricinin 168 manat olduğunu deyir. Eyni zamanda əhalinin heç bir təbəqəsi üçün imtiyazlar nəzərdə tutulmayıb. Neftdən gələn pulların böyük hissəsi məmurların cibinə axır, qalanı isə bəzən əhali üçün heç bir əhəmiyyət kəsb etməyən çoxmilyonlu layihələrə sərf edilir.
Bəs təbii sərvətləri, xüsusilə də nefti olan digər ölkələrdə bu vəsaitlər necə xərclənir və əhaliyə bu sərvətlərdən hansı pay düşür?
Neftlə zəngin olan ərəb ölkələrindəki həyat səviyyəsinə nəzər salanda Azərbaycan xalqının son illərdən itirdiklərini təxmin etmək olar.

Qəzzafi neftin pulunu xalqla bölürdü

Dünyanın diqqətini özünə cəmləşdirən və hələ ki, müqavimət göstərməkdə davam edən Liviya diktatoru Müəmmər Qəzzafinin ölkəsində həyat səviyyəsi olduqca yüksəkdir. Neftdən gələn gəlirlər əhali arasında bərabər bölünür. Ölkədə təhsil və səhiyyə pulsuzdur. Hətta xarici ölkədə təhsil almaq istəyənlərin təhsil xərcini dövlət ödəyir. Hər liviyalı ailəsi ildə 1000 dollar əlavə pul alır. Işsizliyə görə müavinət 750 dollar təşkil edir. Ölkədə 1000 manatdan aşağı əmək haqqı yoxdur. Maaşdan əlavə ərzaq xərclərini ödəmək üçün hər ailəyə 400 dollar pul verilir. Baxmayaraq ki, bu ölkədə bir ailənin bir aylıq ərzaq xərcləri təxminən 85 dollardır. Hər doğulan uşaqa görə dövlət ailəyə 7000 dollar pul verir. Evlənən cütlüklərə isə dövlət ev almaq üçün 64 min dollar hədiyyə edir. Bu pula isə Liviyada 150 kvadrat metrlik bütün şəraiti olan ev almaq olar. Liviyada şəxsi biznes açmaq istəyənlərə dövlət 20 min dollar maddi yardım edir. Ölkədə vergi yoxdur. Əhali elektrik enerjisi və ev pulundan azaddır. Çoxuşaqlı ailələr üçün simvolik qiymətlərlə ərzaq dükanları şəbəkəsi fəaliyyət göstərir. Apteklərin əksəriyyətində dərmanlar pulsuz verilir. Dərmanları saxtalaşdıranları isə ölüm hökmü gözləyir. Avtomobil və ev almaq istəyənlər üçün kreditlər faizsizdir. Avtomobil almaq istəyənlər məbləğin 50 faizini ödəyir. Digər məbləği ödəməyi dövlət öz üzərinə götürüb. Liviyada benzin sudan ucuzdur – 0,14 dollar. Çörəyin bir kiloqramı isə cəmi 4 sentdir.

BƏƏ-də hər 55 nəfərdən biri milyonçudur

Birləşmiş Ərəb Əmirliyində də yeganə gəlir mənbəyi neftdir. Ümumiyyətlə, ölkə varlanandan sonra ilkin olaraq hər bir adama 400 min dollar ayrıldı. Bu pul ölkə vətəndaşlarının “ayağa durması” üçün nəzərdə tutulurdu. Bu ölkədə hər yeni doğulan uşağın hesabına dövlət 10 min dollar pul qoyur. Ölkədə təhsil və səhiyyə yüksək səviyyədə olmaqla yanaşı həm də pulsuzdur. Əmirliyin hər bir vətəndaşı dövlətin hesabına dünyanın istənilən universitetində təhsil ala bilər. Təhsil aldığı ölkədə tibbi xidmətlərə görə xərclər də BƏƏ büdcəsindən ödənilir. Bütün yeni evlənənlər dövlətdən 19 min dollar faizsiz kredit alır. Lakin birinci uşaq doğulan kimi kredit bağışlanır. Bundan əlavə, hər qurulan ailənin hesabına dövlət 100 min dollar köçürür. Bu ölkədə üçüncü uşağın doğulmasından sonra isə ailənin bütün kredit borcları bağışlanır. Hər doğulan uşağa görə isə anaya 20 min dollar və torpaq sahəsi verilir. Ərəb Əmirliyində minimum əmək haqqı 3000 dollardır. Sənayedə çalışanların əmək haqqı isə 8000 dollardan artıqdır. Ölkədə hər 55 nəfərdən biri milyonçudur. Əhali üçün müxtəlif imtiyazlar mövcuddur. Ölkə vətəndaşları kommunal xərclərdən azaddır. Maraqlıdır ki, 35 yaşına qədər ailə qurmayan qadınlara dövlət maddi cəhətdən yardım etməyi özünə borc bilir. Boşanan və dul qalanlar da dövlətin xüsusi qayğısını üzərində hiss edir. Ordu və polisdə xidmət edənlər isə bütövlükdə dövlətin hesabına yaşayır. Hətta bəzi ərəblər imtiyaz və uşaq pulundan imtina edir.

Küveytdə hər doğulan uşağa dövlət hesab açır

Neftdən gələn gəlir hesabına dolanan digər zəngin ölkə Küveytdir. Burada hər doğulan uşağın hesabına dövlət 3000 dollar pul qoyur. Ölkədə 3500 dollardan aşağı maaş alan yoxdur. Sənayedə çalışanlar təxminən 9000 min dollar əmək haqqı alır. Neftdən gələn gəlirlər əhali arasında bərabər bölünür. Əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, subay tələbələr 700, ailəlilər isə 1200 dollar təqaüd alır. Əhali elektrik enerjisi, su və telefon haqqından azaddır. Ölkənin müstəqilliyinin 50-ci ildönümü münasibətilə hər küveytliyə 3500 dollar pul və 14 ay müddətində pulsuz ərzaq veriləcək. Bu ölkədə qiymətlərin də xeyli ucuz olmasını nəzərə aldıqda əhalinin hansı səviyyədə yaşadığını təsəvvür etmək çətin deyil. Adambaşına düşən avtomobillərin sayına görə Küveyt dünyada birincidir.

Səudiyyə Ərəbistanı sosial ödəmələrə 30 milyard dollar xərcləyir

Səudiyyə Ərəbistanı dünyanın neftlə zəngin olan dövlətlərindən biridir. Bu ölkədə ildə sosial ödəmələrə təxminən 30-35 milyard dollar pul xərclənir. Təhsilin inkişafına böyük vəsait sərf edilir. Kənd təsərrüfatı ilə məşğul olmaq istəyənlərə isə böyük imtiyazlar nəzərdə tutulub. Eyni zamanda gənc və çoxuşaqlı ailələrə də dövlətin xüsusi qayğısı var.

Oman, Qətər və Beyrəndə aşağı maaş 6000 dollardır

Neft ölkəsi olan Omanda da həyat səviyyəsi çox yüksəkdir. Güclü iqtisadiyyatı olan ölkə sosial göstəricilərə görə inkişaf etmiş ölkələrlə bir sırada dayanır. Ölkədə orta aylıq əmək haqqı 6000 dollardır. Digər ərəb ölkələrində olduğu kimi burada da qiymətlər çox ucuzdur.
Neftin hesabına yaşayan Qətərdə həyat səviyyəsi ildən-ilə artır. Bütün ərzaq məhsullarını idxal etməsinə baxmayaraq ölkədə qiymətlər ucuzdur. Bununla yanaşı orta aylıq əmək haqqı da yüksəkdir. Belə ki, sənayedə çalışan fəhlənin maaşı 7500 dollardan aşağı deyil. Sosial sahədə əhali üçün bir çox imtiyazlar var. Bu, əsasən təhsil, tibb, kommunal xidmətlər, təqaüd və müavinətlərə aiddir. Ölkədə təhsil və səhiyyə pulsuzdur.
Digər neft ölkəsi Bəhreyn həyat səviyyəsinə görə hətta varlı ərəb ölkələri arasında öndə gedənlərdəndir. Iqtisadi artıma görə də başqa ərəb ölkələrindən irəlidə olan Bəhreyndə əhalinin bir çox imtiyazları var. Ölkədə təhsil və səhiyyə pulsuzdur. Başqa ərəb ölkələrindən fərqli olaraq bu dövlətdə xarici vətəndaşlar da əmlaka sahib ola bilər.

Türkmənistan imtiyazlara görə dünyada birincidir

Ərəb ölkələri ilə yanaşı təbii sərvəti olan digər ölkələrdə də bu sərvətlərdən xalqa pay düşür. Azərbaycana nisbətən yaxın olan, qazla zəngin Türkmənistanda əhali üçün bir çox sosial imtiyazlar nəzərdə tutulub. Hətta bu imtiyazlara görə Türkmənistan dünyada birinci yerə iddia edə bilər. Belə ki, minik avtomobillərinin sahibləri ayda 120 litr pulsuz dizel yanacağı, yaxud benzin, yük maşını və avtobus sahibləri isə 200 litr yanacaq alır. Bu limitdən artıq alanlar üçün isə A-95 benzininin qiyməti cəmi 16 sentdir. Türkmənistan vətəndaşları qaz, su, həmçinin duza görə pul ödəmir. Elektrik enerjisinə isə limit var. Hər ölkə vətəndaşı ayda 35 kVt enerjidən pulsuz istifadə edir. Bu limitdən artıq isə 1000 KVt cəmi 3,23 dollardır. Məsələn, 5 nəfərlik türkmən ailəsi ildə elektrik enerjisinə görə 12-14 dollar pul verir. Əhali ev pulu, mənzil-kommunal təsərrüfatı xidmətləri haqqından azaddır. Nəqliyyatda gediş haqqı və çörək pulu simvolik xarakter daşıyır. Dövlət mənzil almaq istəyənlərə 30 il müddətinə 1 faizlik kredit verir. Mənzilin yarı qiymətini isə dövlət ödəyir.
Göründüyü kimi, təbii sərvətlərin satışından əldə edilən puldan xalqa pay düşməyən yeganə ölkə Azərbaycandır.

Fizzə Heydərli