kiv-df

“Mən bir əsir idim, azad olmaq istədim…”

Azərbaycanın azadlıq mücahidlərindən biri – Əhməd bəy Ağaoğlu

“… Azadlıq sevgisi insanın ayrılmaz keyfiyyətidir. Həbsxanaya salınmış bir qatil, bir oğru dustaq həyatından qurtulmağı necə istərsə, zülm altında olan bir mühit də, nə qədər biliksiz, nə qədər pozulmuş olsa da, yenə qurtuluş axtarar. Istibdad məhz bu arzunu öldürmək üçün işgəncəyə əl atır, ancaq yenə istəyi doğrulmur. Axı insan mahiyyətcə düşünən bir varlıqdır. Onun görən gözləri var, eşidən qulaqları var, fikir yürüdən başı var, duyan qəlbi var. Istibdad hansı yola əl atsa da, yenə bu özəllikləri insandan ala bilməz. Görən, eşidən, duyan insan öz qərarını verər. Bu hökmün sözlə ifadəsinə, açıqca deyilməsinə istibdad əngəl törədə bilər. Ancaq o zaman dilin yerinə göz və qaş, əl və ayaq, sözün yerinə mənalı işarələr və eyhamlar, açıq fikir yerinə pıçhapıç, dedi-qodu yer tutub yayılar. Bütün bunlara yeri-yurdu bilinməyən, yarı-yalan şayiələr, söyləntilər, uydurmalar qarışar. Nəhayət, dəniz dalğaları kimi qarşısıalınmaz və bu başdan o başa axan çirkab dolu, murdar bir axın təmiz havanı korlayar və öz üfunətində həm cəmiyyəti, həm də hakimiyyəti boğar! Gerçəyə baxanda, düşüncə və duyğularını açıq səsləndirməyən bir cəmiyyət hər dəqiqə öz içində boğulmaqdadır və həmin cəmiyyət günlərin birində, əlbəttə ki, partlayacaq”(Ə.Ağaoğlu, “Sərbəst insanlar ölkəsində”).

O, “azad qadınsız milli inkişaf ola bilməz” deyirdi…

Azərbaycanda türkçülük ideyalarının müəlliflərindən biri olan Əhməd bəy Ağaoğlu Azərbaycan Demokratik Cümhuriyyətində önəmli rol oynamış şəxsiyyətlərdəndir. O, görkəmli ictimai-siyasi xadim, yazıçı, hüquqşünas, islamşünas alim idi. Ə.Ağaoğlu əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq mücadiləsinin əsas faktoru kimi göstərən Ağaoğlu qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan idi. O, 1901-ci ildə çapdan çıxan “Islam dünyasında qadın” adlı kitabında “azad qadınsız milli inkişaf ola bilməz” fikrini irəli sürmüşdü.
Ə.Ağaoğluya görə, demokratiya hər cür qabiliyyətlərin inkişafına maneəsiz və asan sahələr açan fərdi hürriyyət təməli üzərində qərarlaşır. Mütəfəkkir özünün “Dövlət və fərd” kitabında opponentlərini tənqid edərkən göstərir ki, onlar hürriyyətə fərdi cəmiyyətdən ayıran bir amil kimi baxırlar. Bu tezisi tənqid edən Ağaoğlu sübuta yetirir ki, əgər bu fikirlə razılaşsaq, onda sanki klassik demokratiyalar bütün dünya içində millətə haqq vermirmiş. Sanki Ingiltərə, Fransa, Amerika, Isveçrə, Skandinaviya və başqa demokratik dövlətlər dünyada millətlərini haqdan məhrum edirlərmiş.
Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın nəslindən olan Ağaoğlu ilk təhsilini Şuşadakı Rus məktəbində və Tiflis gimnaziyasında almış, sonra Peterburq Mühəndis Texniki Institutuna daxil olmuş, lakin təhsilini yarımçıq qoyaraq Parisə gedib hüquq məktəbini və Sarbonna Universitetini bitirmişdir. Burada Şərq xalqlarının tarixini, ərəb, fars və türk dillərini mükəmməl öyrənmiş, 1890-cı ildə Şərq fəlsəfəsinə və ədəbiyyatına dair ilk elmi məqaləsini dərc etdirmişdir. Bunun ardınca müxtəlif məcmuələrdə digər yazıları da dərc olunmuşdur. Əhməd bəy Ağaoğlu 1892-ci ildə 23 yaşında Londonda keçirilən beynəlxalq şərqşünaslıq konqresində “Şiə məzhəbinin mənbələri” mövzusunda məruzə etmiş, məruzə konqresin qərarı və Kembric Universitetinin vəsaiti ilə bir neçə Qərb dillərinə tərcümə olunmuşdur. Bu əsərinə görə Iran şahı ona firuzə qaşlı üzük bağışlamışdı. Həmin dövrdə Ə.Ağayev Fransada yaşayan gələcəyin “Gənc türklər”i, habelə Şərqin böyük mütəfəkkiri, ictimai-siyasi xadimi, avropalıların “müsəlman dünyasının mümtaz siması” adlandırdığı Şeyx Cəmaləddin Əfqani ilə tanış olmuşdur. Bu tanışlıq onun dünyagörüşünə, ictimai-elmi fəaliyyətinə güclü təsir göstərmişdir.
Təqiblər üzündən 1909-cu ildə Türkiyəyə mühacirət edən Ə.Ağayev burada “Gənc türklər”lə yaxınlaşmış, “Ittihad və tərəqqi” partiyasına daxil olmuşdu. O, elmi, ictimai və publisistik fəaliyyətini davam etdirərək, “Tərcümani-həqiqət” qəzetinin redaktoru, “Türk yurdu” jurnalının yaradıcılarından olmuş, türkçülük hərəkatının əsas ideoloqlarından biri kimi, Əli bəy Hüseynzadə, Ziya Göyalp, Yusif Akçura, Həmdullah Sübhi və başqası ilə çiyin-çiyin çalışmış, Afyon – Qarahisardan Osmanlı parlamentinə deputat seçilmişdir.

Azərbaycan Parlamentinin və Türkiyə Böyük Millət Məclisinin deputatı

Qardaş Türkiyədə gedən sosial-ictimai proseslərə biganə qalmayan Əhməd bəy tezliklə fəal şəkildə bu proseslərə qatılır. Türk Ocağı türk milli hərəkatının aparıcı siması olan Ağaoğlu bu hərəkatın keçirilmiş konqresinə prezident seçilir. 1909-cu ilin oktyabrında Istanbul Darülfünununda müəllimliyə başlayır. Bu dövrdə Əhməd bəyin türkçülük ideyaları onun fəaliyyətinin əsas istiqamətinə çevrilir.
1918-ci il Azərbaycanda ilk müstəqil, demokratik cümhuriyyətin qurulması xəbərini sonsuz sevinclə qarşılayan Əhməd bəy elə həmin il vətənə qayıdır və yenicə qurulmuş, Şərqin ilk müsəlman demokratik dövlətinin möhkəmlənməsi naminə geniş fəaliyyətə başlayır. Milli Məclisə üzv seçilən Əhməd bəy Ağaoğlu 1919-cu ildə Paris Sülh Konfrasında Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edir.
Azərbaycanda Şura hökuməti qurulduqdan sonra Əhməd bəy yenidən Türkiyəyə, bu dəfə Ankaraya köçməli olur. Türkiyədə jurnalist və siyasi fəaliyyətini davam etdirən Əhməd bəy mətbuat bürosunun direktoru, Türkiyənin “Hakimiyyəti-Milliyə” qəzetinin baş redaktoru və müasir Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün yaxın məsləhətçisi kimi fəaliyyət göstərmişdir.
Ə.Ağaoğlu Qars bölgəsindən iki dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçilmiş, Ankara Universitetinin professoru, eyni zamanda, “Hakimiyyəti-milliyyə” qəzetinin redaktoru olmuşdur.
Ə.Ağaoğlunun liberal təfsirlərində Şərq və Qərb dəyərləri qarşılaşdırılır və onlar ictimai əxlaqi-mənəvi həyatın aksioloji təmayülləri kimi səciyyələndirilir. Bu müqayisədə Qərb dəyərlərinin ümumbəşəri xarakteri ön plana çəkilir. Belə bir meyarı nəzərə alan mütəfəkkir fərdin Şərq (türk aləmi) və Qərb (Avropa) mentalitetlərinin sivilizasiya baxımından perspektivini müəyyən edir.
Ağaoğlu fikirlərinin bu məqamını özünün yaratdığı, tapıntısı olan sosioloji meyarın məntiqinə uyğun olaraq belə bir sualla yekunlaşdırır: “Inkar olunan və hüriyyətdən məhrum edilən bir mühit necə inkişaf edər, necə qüvvətlənər?”

Onun Islam fəlsəfəsi

Böyük araşdırmalar, şəxsi həyat təcrübəsi və mənəvi təkamül nəticəsində Islami düşüncədən Türklük Məfkurəsinə yüksələn Əhməd bəy Ağaoğlu haqqında Yusif Akçura belə deyirdi: “O, Şeyx Cəmaləddin Əfqani kimi bütün müsəlmanların, hətta bütün şərqlilərin həyat, xoşbəxtlik, müstəqillik və gələcəyi qayğısıyla bir neçə mərhələdən keçərək Türk Millətçiliyi fikrinə varmışdı”. Əhməd Ağaoğlu hələ 1903-cü ildə Bakıda yayınlanan “Kaspi” qəzetində millətçiliklə bağlı düşüncələrini “Bizim Millətçilər” adlı məqaləsində qələmə almışdı: “Millətçilik hörmətə layiq, möhtəşəm bir hadisədir. O, hər bir xalqın həyatında labüddür. Məncə, bəşəriyyətin təkamülü tarixində insan qəlbinin dindən sonra ikinci böyük məbədi millətçilikdir. Millətçilik, tarix boyu misilsiz hünərlər qaynağı olmuş və olacaqdır deyə düşünməkdəyəm”.
Əhməd bəy Ağaoğlu, Türklüyün Islam üçün zərərli olduğunu irəli sürənlərə qarşı müdafiə mövqeyi tutaraq belə cavab verirdi: “Islamiyyət heç bir zaman qövmiyyəti aradan qaldırmaq kimi təbiətə, hətta iradeyi-əzmiyyəyə müxalif olan bir təşəbbüsə girişməzdi. Nə Quranda, nə də Hədisdə Islamiyyət qəbul edilincə şəxsiyyətdən, qövmiyyətdən vaz keçiləcək deyə bir işarət tapa bilməzsiz”.
Əhməd Ağaoğlunun gerçəkliyə əsaslanan obyektiv münasibəti və çox da böyük ideoloji fərqliliklərin olmadığı iki cərəyan arasında orta yol tapmaq arayışı son dərəcə maraqlıdır. Məşhur filosof xəyalçı Islamçılara qarşı olduğu kimi, Islamı rədd edən irqçilərə də qarşı idi. Ağaoğlunun əsərləri Islami məsələlərə işıq tutmaqla yanaşı, qərbli araşdırmaçıların əksinə ulusçuluğu Islama zidd bir düşüncə olaraq qəbul etmir, “qövmiyyəti” Islamın dinamik gücü olaraq gördüyünü ifadə edir.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir