vp-qazet

Diktatorların seçki saxtakarlığı

Avtoritar liderlər nə üçün rekord qələbələrə meyllidir?

ABŞ-da nəşr olunan nüfuzlu “The Washington Post” qəzetində diktatorların seçki saxtakarlıqları ilə bağlı maraqlı məqalə yayımlanıb. Uilyam Dobsonun qələmə aldığı məqalədə ötən bazar günü Nursultan Nazarbayevin rəqiblərini rekord fərqlə geridə qoyaraq yenidən Qazaxıstan prezidenti postunu tutması xatırladılır.

Müəllif yazır ki, postsovet ölkələrindəki təcrübəni nəzərə alanda, Nazarbayevin seçicilərin 95,5 faiz səsini toplamaqla qalib elan olunması qeyri-adi görünmür. Lakin Nazarbayevin qələbəsini nüfuzlu beynəlxalq təşkilatlar birmənalı qarşılamadı. Seçkiləri müşahidə edən ATƏT nümayəndələri prosesin beynəlxalq standartlara cavab vermədiyini, total saxtakarlıq halları aşkarlandığını açıqladı. Nazarbayevin ölkə daxilində kifayət qədər nüfuzu və seçkilərdə qalib gəlmə şansı aşağı deyil. Bəs nə üçün Qazaxıstanın avtoritar rəhbəri seçkilərin şəffaf keçirilməsinə səy göstərmir? Nə üçün yerli və xarici müşahidəçilərin sərt tənqidlərini öz üzərinə çəkir?

“Paradoks meydana gəlir: Niyə populyar diktatorlar seçki saxtakarlığına qol qoyur? Niyə Nazarbayev səslərin 70, 60 və ya 52 faizini qazanmaqla qane olmur? Ötən il mən bu sualları başqa bir avtoritar siyasətçi – Rusiyanın baş naziri Vladimir Putinə ünvanladım. Hər kəs bilir ki, Rusiyanın hakim partiyası ”Vahid Rusiya” düzgün siyasi oyun oynamır. Suallarıma verilən cavab isə maraqlı idi. Kreml məsləhətçilərindən biri bildirdi ki, Putin mütləq hakimiyyətə sahib olmadığı üçün ciddi məsələlərdə prinsipial mövqe ortaya qoya bilmir. Ola bilər ki, Putin özü də ağlasığmaz nəticələr elan olunmasında bir o qədər də maraqlı deyil. Bunu edənlər qubernator və merlərdir. Vilayət və şəhər rəhbərləri şişirdilmiş rəqəmlərlə özlərinin də reytinqini göstərməyə çalışırlar. Aşağı məmur təbəqəsi seçkilərin total saxtakarlığına əl atırlar ki, “yuxarıların” yanında pis vəziyyətdə qalmasınlar”, – deyə Uilyam Dobson “The Washington Post” qəzetində yayımlanan məqaləsində yazır.

İnformasiya şöbəsi