sulheddin

Demokratiyaya “yumşaq” keçid strategiyası

Və ya avtoritarizmdən demokratiyaya «yumşaq» keçidin yol xəritəsi

Ictimai müzakirə üçün

Sülhəddin Əkbər,
Azərbaycan – Atlantik Əməkdaşlıq Assosiasiyasının sədri

Müasir dünyada inkişaf demokratiyadan, azad dünyaya inteqrasiyadan və qloballaşmaya səmərəli (pozitiv və aktiv) adaptasiyadan keçir. Bu gün dünyanın ən inkişaf etmiş və sosial rifaha qovuşmuş ölkələri məhz demokratik və azad ölkələrdir. Totalitar sovet rejimi dağıldıqdan və Soyuq Müharibə başa çatdıqdan sonra Şərqi və Cənub-Şərqi Avropa ölkələrinin, eyni zamanda Baltikyanı ölkələr başda olmaqla bir sıra postsovet ölkələri xalqlarının da demokratik inkişaf və azad dünyaya inteqrasiya yolu seçmələri müasir tarixi-siyasi inkişafın imperativindən irəli gəlir.
Heç təsadüfi deyil ki, hələ yüz il bundan öncə Azərbaycan Xalq Cümhuriyyətini quran babalarımız da tarixi seçim anlarında milli inkişaf yolu kimi məhz demokratik inkişaf yolunu seçmişlər.
Bu gün müsəlman dünyasında azadlıq, demokratiya və ədalət istəyən xalqların başlatdığı və sürətlə yayılmaqda olan xalq hərəkatları, Atlantik okeanı sahillərindən başlayıb bizim sərhədlərimizədək dayanan tarixi dəyişikliklər prosesi heç şübhəsiz bizim ölkəmizdən də yan keçməyəcək. Artıq müsəlman dünyasının əsrlərdir əzilən xalqları da oyanmaqda, inkişafa və sosial rifaha aparan yolun məhz demokratiya və azadlıqlardan keçdiyini anlamaqdadı. Digər tərəfdən, neftlə zəngin müsəlman ölkələrində demokratiyanı repressiv sabitliyə qurban verən ABŞ və Qərb ölkələri də bu siyasətin orta və uzun müddətli perspektiv inkişaf baxımından yanlış siyasət olduğunun, strateji səhv olduğunun fərqindədir.
Məqribdən başlayan və sürətlə yayılmaqda olan, hətta Rusiya və Çin kimi böyük dövlətlərə sıçrama potensialı daşıyan bu xalq hərəkatlarını Soyuq Müharibə sonrası başlayan qlobal demokratikləşmə prosesinin ikinci dalğası da adlandırmaq olar.
Azərbaycan da dünyada, xüsusən də müsəlman dünyasında və qonşu regionlarda gedən və yayılmaqda olan bu inqilabi tarixi dəyişikliklərə həssas yanaşmalı və hazırlıqsız yaxalanmamalıdı. Azərbaycanda demokratiyaya “yumşaq” keçid strategiyasının irəli sürülməsi təşəbbüsü də bu tarixi-siyasi ehtiyacdan irəli gəlir.
Ictimai müzakirəyə təqdim etdiyimiz bu strategiyanın başlıca siyasi məqsədi ardıcıl və məqsədyönlü demokratik islahatlar yoluyla və mərhələlərlə Azərbaycanda mövcud olan avtoritar rejimdən demokratik rejimə “yumşaq”, dinc və ağrısız keçidin təmin edilməsidir.

***

Demokratiyaya “yumşaq” keçid strategiyasının əsas prinsipləri:
– milli və ictimai maraqların üstünlüyü;
– siyasi plüralizm;
– demokratiya və insan haqları;
– qanunun aliliyi və hüququn üstünlüyü;
– azad bazar iqtisadiyyatı;
– sosial ədalət;
– qarşılıqlı hörmət və etimad;
– qarşılıqlı güzəştlər və konsensus;
– aşkarlıq və şəffaflıq;
– razılaşmalara sədaqət;
– hesabatlılıq;
– və ictimai nəzarət,
Əsas fəaliyyət formaları isə:
– qarşılıqlı hörmət və etimada dayanan dialoq;
– əməkdaşlıq;
– və demokratik islahatlardı.
Strategiya çərçivəsində konstitusiya və qanunlara əlavə və düzəlişlər edilərkən, yeni qanunlar, qərarlar və digər normativ aktlar qəbul edilərkən, eyni zamanda müvafiq islahatlar proqramı, fəaliyyət planları hazırlanarkən və həyata keçirilərkən də bu prinsiplər və fəaliyyət formaları əsas götürülməlidi.
Azərbaycanda demokratik rejimə keçidin “yumşaq”, dinc və ağrısız olmasının təmin edilməsi üçün proses zamana yayılmalı və mərhələli aparılmalı, ilkin mərhələdə (2011-ci ilin aprel ayından sentyabradək) tərəflər birgə səylərlə müsbət ictimai rəy formalaşdırmalı, siyasi dialoqun baş tutması üçün əlverişli ictimai-siyasi zəmin hazırlamalı, sonrakı mərhələlərdə isə prosesin dərinləşdirilməsi üçün aşağıda göstərilən addımları atmalıdı.

***

A. Hakimiyyət

Iqtidar ilk növbədə:
– dialoq üçün əlverişli mühitin- qarşılıqlı hörmət və etimad mühitinin yaradılması üçün bütün siyasi məhbusları azad etməli, söz və mətbuat, sərbəst toplaşma və siyasi fəaliyyət azadlıqlarını təmin etməli, siyasi mühacirlərin vətənə dönmələri üçün normal şərait yaratmalı;
– dövlət başçısı I.Əliyev siyasi, iqtisadi, hərbi və hüquqi sahələrdə həqiqi demokratik islahatların həyata keçirilməsinə,
– hakimiyyət bölgüsünün (qanunverici, icra və məhkəmə, eyni zamanda mərkəzi və yerli hakimiyyətin) aparılması və balanslaşdırılması da daxil olmaqla, konstitusiyaya müvafiq əlavə və düzəlişlərin edilməsinə,
– bu sahədə siyasi müxalifət də daxil olmaqla vətəndaş cəmiyyətinin maraqlı bütün təbəqələri ilə dialoqa, əməkdaşlığa, qurulacaq müstəqil konstitusiya komissiyasının tərkibinə onların da nümayəndələrinin daxil edilməsinə razılıq verməyə və…
– müvəqqəti milli etimad hökuməti yaratmağa hazır olduğunu bəyan etməlidi.
Hakimiyyətin siyasi iradə bəyanından həmən sonra cəmiyyətin maraqlı bütün tərəfləri ilə dialoq başlamalı, mümkün olan ən qısa zamanda müstəqil konstitusiya komissiyası yaradılmalı, hökumət buraxılmalı və müvəqqəti keçid hökuməti formalaşdırılmağa başlanmalıdır.
Konstitusiya komissiyasının əsas vəzifəsi altı ay ərzində (2011-ci ilin sentyabrından 2012-ci ilin martınadək) ölkədə həqiqi və əsaslı demokratik islahatların həyata keçirilməsi üçün hüquqi bazanın, konstitusiya və qanunlara müvafiq əlavə və düzəlişlərin işlənib hazırlanması olmalıdı.
Keçid dövründə ciddi rol oynamalı olan müvəqqəti hökumətə cəmiyyətdə inam və etimadın yaranması üçün bir tərəfdən onun tərkibinə müxalifət nümayəndələri, bitərəf texnokratlar, alimlər, ziyalılar və mütəxəssislər də cəlb edilməli, digər tərəfdənsə adı korrupsiya və rüşvətə bulaşmış, xalqa qarşı repressiyalarda iştirak etmiş və ölkənin demokratik inkişafına mane olan mühafizəkar şəxslər daxil edilməməlidi.

***

Erkən parlament seçkilərindən sonra yeni hökumət təşkil edilənədək fəaliyyət göstərəcək milli etimad hökumətinin başlıca vəzifələri isə:
– demokratik islahatlar proqramının,
– korrupsiya və rüşvətxorluqla mübarizə proqramının,
– inhisarçılığın aradan qaldırılması üçün fəaliyyət planının hazırlanması və sıx ictimai nəzarət altında həyata keçirilməsi;
– “gizli iqtisadiyyat”ın qeydə alınması;
– vergi, gömrük və sərhəd xidmətində demokratik islahatların aparılması;
– sosial ədalətin təmin edilməsi, milli gəlirin və milli sərvətlərin ədalətli bölgüsü, yoxsulluğun aradan qaldırılması və sosial rifah üçün təxirəsalınmaz tədbirlər planının hazırlanması və həyata keçirilməsi;
– dövlət büdcəsi və Neft Fonduna ictimai nəzarətin gücləndirilməsi, şəffaflıq və aşkarlığın tam təmin edilməsi olmalıdı.

***

Milli etimad hökuməti öz fəaliyyətində demokratik islahatlara sədaqəti, hesabatlılığı, şəffaflıq və aşkarlığı əsas götürməlidir.
Dövlət başçısı, eyni zamanda parlamentdə faktiki olaraq mütləq əksəriyyətə sahib olan YAP-ın sədri I.Əliyev siyasi iradə nümayiş etdirməli, bu strategiyanın və demokratik islahatların həyata keçirilməsi üçün zəruri olan konstitusiya və qanunlara müvafiq əlavə və düzəlişlərin, yeni qanunların və qərarların Milli Məclisdə yubadılmadan qəbul edilməsinə nail olmalıdı. Əks təqdirdə ölkədə erkən parlament seçkilərinin daha erkənə alınması qaçılmaz ola bilər.
2012-ci ilin ikinci yarısınadək siyasi islahatların, o cümlədən seçki islahatının həyata keçirilməsi üçün hüquqi baza yaradılmalı, konstitusiya və qanunlara müvafiq əlavə və düzəlişlər qəbul edilməli, bundan sonra isə ilin ikinci yarısında ölkədə erkən azad və ədalətli parlament seçkiləri keçirilməlidi.
Yeni parlament prezident seçkilərindən öncə, 2013-cü ilin ikinci yarısınadək Azərbaycan Respublikasının:
– parlamentli respublikaya (məhdud səlahiyyətli prezidentlik institutu saxlanılmaqla);
– yarım prezidentlik və ya
– hakimiyyətlər bölgüsü və qarşılıqlı tarazlaşdırılması prinsipinə söykənən prezidentlik sisteminə keçidini də nəzərdə tutan yeni konstitusiya layihəsini müxalifətin və vətəndaş cəmiyyəti institutlarının da iştirakı ilə işləyib hazırlamalı və onun qəbulu üçün ölkədə ümumxalq referendumu keçirilməlidi.
Bundan sonra isə 2013-cü ilin ikinci yarısında qəbul edilən yeni sistemə uyğun olaraq ölkənin yeni dövlət başçısı seçilməli və keçid dövrü başa çatmalıdı.

***

B. Müxalifət

Azərbaycan müxalifəti də öz növbəsində keçid dövründə:
– konstitusiya və mövcud qanunvericilik çərçivəsində hərəkət edəcəyini, yalnız dinc, demokratik mübarizə üsullarından istifadə edəcəyini bir daha rəsmən bəyan etməli;
– demokratiyaya keçid strategiyasının, eyni zamanda nəzərdə tutulan demokratik islahatlar proqramının hazırlanmasında aktiv iştirak etməli, eyni zamanda onların həyata keçirilməsinə dəstək verməli;
– milli məsələlərin və problemlərin həllində hakimiyyətlə, xüsusən də milli etimad hökumətilə əməkdaşlıq etməli;
– hakimiyyətlə əldə edilən bütün razılaşmalara sadiq qalacağını, islahatların aparıldığı dövrdə qaçılmaz olan sosial və qrup narazılıqlarından siyasi məqsədlərlə sui-istifadəyə yol verməyəcəyini, destruktiv xarici müdaxilələrin olduğu təqdirdə isə hakimiyyətlə əməkdaşlıq edəcəyini bəyan etməli;
– erkən prezident seçkilərinin keçirilməsini tələb etməməli;
– hakimiyyət mövqeyindən sui-istifadə, korrupsiya və rüşvət istisna olmaqla digər yollarla əldə edilən ilkin kapitalın leqallaşdırılmasına razılıq verməlidi.

***

C. Cəmiyyət

Ictimai-siyasi birliklər, QHT-lər, KIV-lər, ziyalılar, intellektuallar, qadın və gənclər təşkilatları başda olmaqla bütövlükdə Azərbaycan cəmiyyəti də:
– hakimiyyətlə müxalifət arasında siyasi dialoqun baş tutması üçün əlverişli daxili ictimai-siyasi mühitin yaradılmasına ictimai dəstək verməli, ehtiyac yarandığı təqdirdə isə, xüsusən ziyalılar vasitəçilik missiyasını öz üzərinə götürməli;
– demokratiyaya keçid strategiyasının və demokratik islahatlar proqramının hazırlanmasında aktiv iştirak etməli, eyni zamanda onların həyata keçirilməsinə aktiv ictimai dəstək verməli;
– hakimiyyətlə birgə əldə edilən siyasi və ictimai razılaşmaların, qəbul edilən qərar və proqramların həyata keçirilməsinə, xüsusən də milli etimad hökuməti, büdcə və Neft Fondu üzərində aktiv ictimai nəzarəti təmin etməlidi.

***

D. Beynəlxalq birlik

Qloballaşan dünyamızda demokratiya və azadlıqların yayılmasının strateji xarakter aldığı bir dövrdə Azərbaycanın da demokratikləşməsində maraqlı olan beynəlxalq birlik isə (ABŞ, AB, Türkiyə, ATƏT və AŞ başda olmaqla) hakimiyyətlə müxalifət və vətəndaş cəmiyyəti arasında siyasi dialoqun baş tutması, ölkədə həqiqi demokratik islahatların aparılması və demokratiyaya keçid üçün əlverişli xarici siyasi mühitin yaradılmasına dəstək verməli, ehtiyac yarandığı təqdirdə isə vasitəçilik missiyasını öz üzərinə götürməlidi.
Beləliklə, tarixi-siyasi inkişafımızın çox mürəkkəb və həssas bir dövründə əgər tərəflər öz üzərlərinə düşən vəzifələri vicdanla və məsuliyyətlə yerinə yetirərlərsə və əldə edilən bütün razılaşmalara sadiq qalarlarsa, ölkəmizin demokratiyaya “yumşaq”, mərhələli keçidi bu xronoloji ardıcıllıqla:
– 2011-ci ilin aprel ayından sentyabr ayınadək, ictimai rəyin hazırlanması mərhələsi;
– 2011-ci ilin sentyabrından 2012-ci ilin mart ayınadək müstəqil konstitusiya komissiyası və milli etimad hökumətinin yaradılması, ölkədə həqiqi demokratik islahatların həyata keçirilməsi üçün hüquqi bazanın işlənib hazırlanması və islahatların başlanğıc mərhələsi;
– 2012-ci ilin mart ayından ilin ikinci yarısınadək, əsaslı demokratik islahatların həyata keçirilməsi üçün hüquqi bazanın yaradılması və həmin ilin ikinci yarısında ölkədə azad və ədalətli erkən parlament seçkilərinin keçirilməsi;
– bu tarixdən 2013-cü ilin ikinci yarısınadək geniş ictimai iştirakla yeni parlament tərəfindən Azərbaycan Respublikasının yeni konstitusiyasının layihəsinin hazırlanması və onun qəbulu üçün ölkədə ümumxalq referendumunun keçirilməsi;
– nəhayət, 2013-cü ilin ikinci yarısında isə qəbul edilən yeni sistemə uyğun olaraq ölkənin dövlət başçısının seçilməsilə birlikdə uğurla, dinc və ağrısız başa çatar.

Bütün Azərbaycan cəmiyyəti iqtidarı və müxalifəti ilə birgə:
– müasir dünyanın tarixi-siyasi inkişafından irəli gələn çağırışları;
– milli inkişafın demokratiyadan, azad dünyaya inteqrasiyadan və qloballaşmaya səmərəli adaptasiyadan keçdiyini;
– qlobal və regional inkişafın başlıca meyllərini;
– ölkəmizin mürəkkəb geopolitik, geostrateji və geoekonomik məkanda, “əlverişsiz” əhatədə yerləşdiyini və müharibə vəziyyətində olduğunu,
– mürəkkəb xarici və daxili təhlükəsizlik mühitinin ağırlaşmaqda olduğunu, eyni zamanda xarici təsirlərə həssaslığının artdığını,
– öz müstəqilliyini yaxın tarixdə bərpa etdiyini, dövlət institutlarının, eyni zamanda təhlükəsizlik sisteminin hələ zəif və yetərsiz olduğunu,
– strateji inkişaf maraqlarını və əsas strateji məqsədinin Avro-Atlantik məkana inteqrasiya olduğunu da nəzərə almalı və əgər daxili siyasi inkişafımızın vətəndaş qarşıdurması və toqquşmaları, dağıdıcı üsyanlar və ya inqilabi yolla deyil, təkamül yolu ilə getməsini, ölkəmizin beynəlxalq aləmdə öz layiqli yerini tutmasını, xalqımızın inkişafını, azadlıq və rifaha qovuşmasını istəyiriksə, bu tarixi-siyasi inkişaf mərhələsində məhz “Demokratiyaya ”yumşaq” keçid strategiyası”nı qəbul etməli və onun həyata keçməsi  üçün hər birimiz əlimizdən gələni əsirgəməməliyik.

Qeyd: mövcud ictimai-siyasi vəziyyətin inkişafına uyğun olaraq bu strategiya da inkişaf etdirilə, eyni zamanda sənəddə göstərilən tarix və müddətlər dəyişdirilə bilər.