Avropa Birliyi Əliyevi Lukaşenko ilə bir cərgəyə qoydu

Təşkilat Azərbaycanda mitinqlərin dağıdılması və həbslərlə bağlı sərt bəyanat verdi

 

Avropa İttifaqı aprelin 7-də Azərbaycan hakimiyyətini tənqid edən bəyanat yayıb. Bəyanat hökumət qüvvələrinin 2 aprel mitinqində həyata keçirdiyi zorakılıqlar və həbslərlə əlaqədardır.  “Avropa İttifaqı narahatlıqla qeyd edir ki, Bakıda aprelin 2-də keçirilmiş dinc nümayiş sistematik olaraq dağıdılıb, çox sayda iştirakçı saxlanıb və lazımi hüquqi müdafiə olmadan dərhal inzibati cəza alıblar. Bəzi jurnalistlərin nümayişə dair məlumat vermələrinin və çəkiliş aparmalarının qarşısı alınıb, dörd journalist müvəqqəti həbs olunub.

 

Bundan əlavə, müxalifət partiyasının üzvləri nümayiş başlamazdan əvvəl həbs olunub və ya ev həbsində saxlanıblar. Bu dinc hərəkatın həyata keçirilməsi ilə bağlı bəzi şəxslər cinayət pozuntularında ittiham ediliblər. Biz Azərbaycanın hakimiyyət qurumlarını bütün əlaqədar şəxsləri dərhal azad etməyə çağırırıq”, – deyə bəyanatda bildirilir.

***

Bundan başqa, Avropa İttifaqı Azərbaycanı jurnalistlərin öz peşələri ilə sərbəst məşğul olmaq hüquqlarına zəmanət verməyə və onların öz işlərini təhlükəsiz şəraitdə görmələri üçün zəruri şərait yaratmağa çağırıb: “Bu kontekstdə “Azadlıq” qəzetinin müxbirləri Seymur Həziyev və Ramin Dekonun qəddarlıqla döyülməsindən narahatıq. Biz birinci hadisəyə dair ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsinin bəyanatını dəstəkləyirik və Azərbaycanın hakimiyyət qurumlarını bu halları açıq şəkildə ifşa etməyə, jurnalistlərə qarşı törədilən zorakılığın günahkarlarını ədalət mühakiməsinə cəlb etməyə və gələcəkdə bu cür halların qarşısını almağa çağırırıq”.

***

Sənəddə daha sonra qeyd edilir ki, bu hadisələr sərbəst toplaşma azadlığı, ifadə azadlığı və media azadlığı sahələrində Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəliklərinə ziddir. Bəyanatda ATƏT-in fəaliyyətdə olan sədrinin Bakıya son səfəri zamanı hər bir demokratik dövlət üçün sərbəst toplaşma azadlığının mühüm olduğuna dair bəyanatı xatırladılır.

Bəyanatda bildirilir ki, ATƏT, Avropa Şurası və Avropa İttifaqının müəyyən etdiyi dəyərləri rəhbər tutaraq Avropa İttifaqı Azərbaycanda gələcək islahatların aparılmasında göstərdiyi dəstəyi davam etdirməyə hazırdır.

Yekunda, Avropa İttifaqı Azərbaycanla əlaqələrinin intensivləşdirilməsinə verdiyi əhəmiyyəti xatırladır, Azərbaycan hökumətini Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti çərçivəsində təklif olunan imkanlardan tam istifadə etməyə çağırır.

***

Avropa İttifaqının Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasəti üzrə keçirilən forumunda isə Azərbaycan və Belarus hakimiyyətinə ünvanlanan bəyanat yayılıb. Səndəddə bildirilir ki, insan haqları, söz azadlığı və demokratik islahatlar Azərbaycan və Belarusun Avropa İttifaqı ilə əlaqələrində prioritet məsələ olmalıdır: “Avropa Şurası və Avropa İttifaqı Azərbaycan və Belarus hökumətini siyasi məhbusları dərhal azad etməyə çağırır. Ölkədə söz azadlığı və sərbəst toplaşmaq azadlığının məhudlaşırılmasına yönəlik addımlara son qoyulması tələb olunur”.