Mənim də arzum var!

Rəsmi qəzetlər müxalifətin aprelin 2-də “iflasa” uğramasından yazır. Amma mənə elə gəlir ki, bir qədər dəqiqləşmə aparmaq lazımdır. Əgər müxalifət bu il aprelin 2- də “iflasa” uğrayıbsa, hakimiyyət hələ ötən əsrdə – 1993-cü ildə iflasa məhkum olub! 18 il ərzində bu hakimiyyət bircə dənə də olsun, azad aksiya keçirməyə, normal məhkəmə prosesi qurmağa, bircə dəfə belə, azad seçki keçirməyə imkan verməyib.

Deyirlər, hakimiyyət güclüdür, ciddi sosial dayaqlara və xarici dəstəyə malikdir. Olsun. Onda bəs niyə bunlar bu qədər müxalifətdən, onun keçirdiyi aksiyalardan, qatıldığı seçkilərdən belə ehtiyat edir, lap dəqiq desək, qorxurlar? Niyə? Bu sualın cavabı baş vermiş hadisələrdə, gündən-günə artan yasaqlardadır. Hə, kimin qorxduğunu da hamı daha yaxşı bilir! Müxalifət gücsüz görünməkdən ehtiyat etmir! Zəhmət çəkin, aksiya keçirməyə imkan verin, qoyun, müxalifət gücsüz görünsün! Hə, müxalifət azad, demokratik, ədalətli seçkidə uduzmaqdan ehtiyat etmir! Buyurun, seçki keçirin! Qalib gəlin, hamı da sizin şəksiz gücünüzə, qələbə çalmaq qabiliyyətinizə inansın! Amma edə bilmirsiniz! Aksiya, seçki nədir?! Hətta normal məhkəmə prosesi bu hakimiyyət üçün əsl qalmaqala çevrilir! Bundan sonra bu hakimiyyətə güclü demək olarmı? Kimin daha çox iflasa uğradığı göz önündədir!

Hələ 1993-cü ildə, hakimiyyətin ilk günlərində belə, bu siyasi qüvvə öz idarəçilik fəlsəfəsinin konturlarını cızdı. Nədir bu fəlsəfə?! Əvvəlki iki hakimiyyət daha mürəkkəb situasiyaları idarə edirdi. Bəli, ölkədə çoxpartiyalı sistem mövcud idi, plüralizm vardı, müharibə gedirdi. Əvvəlki iki hakimiyyət də ölkəni belə bir şəraitdə idarə edirdi. Amma 1993-cü ildən nə baş verdi? Idarəçilik bəsit situasiyalar yaratmağa və onları idarə etməyə başladı! Müxalifətsiz, müharibəsiz, etirazsız bir ölkə, gen-bol yasaqlar və qadağalar! Məgər belə situasiyaları idarə etmək çətindirmi?
Bəli, əvvəlki iki hakimiyyət hansısa mürəkkəb situasiya görəndə, narazılıq hiss edəndə öz “siyasi əzələlərini inkişaf etdirmirdi və ”siyasi əzələ” nümayiş etdirmirdi! Amma indi nə baş verir? Mən ötən aksiya zamanı polislərin geyiminə diqqət yetirdim. Onlar sanki böyük bir ordunun üzərinə getməyə hazırlaşırdılar! Bu nə deməkdir? Repressiv aparatı bu qədər şişirtməyə ehtiyac varmı? Özünüz deyirsiniz ki, müxalifət yoxdur, zəifdir! Onda bəs bu repressiv aparat kimlər üçün nəzərdə tutulub?

Azərbaycanda liberalizm

Bu yaxınlarda rus kanallarının birində Rusiya liberalizmi ilə bağlı verilişə və müzakirəyə baxdım. Maraqlı idi. Iki liberal vektoru ayırırdılar – liberal millət və liberal hakimiyyət. Hansının daha qabarıq olması ilə bağlı mübahisə və analiz aparılırdı. Nəticə bu idi ki, Rusiyada müxtəlif vaxtlarda hər iki vektor güclü olsa da, indi onlar kifayət qədər zəifdilər, hətta hiss olunmurlar. Elə Azərbaycanın vəziyyəti buna bənzəyir. Liberal ənənələr bizdə də olub. Bəli, qismən liberal və tam liberal hakimiyyətlər görmüşük. Indi isə mühafizəkar vektor daha güclüdür.

Yox, fikriniz Qərbdəki mühafizəkarlara getməsin, bunlar əsl sovet mühafizəkarlarıdır – ömürlərinin bir hissəsini sovet rejimini gücləndirməyə, qalan hissəsini isə sərt avtoritar mühitdə bazar iqtisadiyyatı və demokratiya imitasiya etməyə həsr ediblər. Zorla olsa da, qismən liberal dəyərlər qalır. Ən azı ona görə ki, Avropa Şurasının üzvüyük və liberal sözü xoşumuza gəlməsə də, çoxumuz onun əsl mahiyyətini anlamasaq da, o var!

Kiçik sözardı

Yazıya başqa mövzudan başlamalı idim. Amma fikir məni apardı. Təxminən iki həftə ərzində “Azadlıq”ın iki əməkdaşı döyüldü. Aksiyaya icazə vermirlər ki, vətəndaşların təhlükəsizliyi üçün problem yaradır! Məgər bu ölkədə vətəndaşların təhlükəsizliyi təmin edilirmi? Bəs iki jurnalist vətəndaş deyil? Bəli, bir insan kimi, mənim də arzum var. Deyirəm, kaş, elə vaxt yetişəydi ki, bu ölkədə də insanı yazıya görə döyməyəydilər, təqib, təhqir edərək, ələ salaraq incitməyəydilər! Bu, həqiqətən də mənim arzumdur, çünki 21-ci əsr zor əsri deyil! Sözə sözlə cavab vermək vaxtıdır!