Yəqin, cəmi üç gün əvvəl “Azərbaycan hakimiyyəti qana susayıb” yazsaydım, “ağ edirsən, a bəy” deyərdiniz. Cəlilabadda srağagün baş verən ailə faciəsi hər şeyə nöqtə qoydu.
AXCP-nin yerli şöbəsinin sədri Təzəxan Mirələmliyə və onun ailəsinə qarşı başlanan mənəvi terror qanla bitdi. Təzəxan müəllimin oğlu ilə dalaşan şagird yoldaşı bıçaqlandı və öldü. Bu cinayətin məsuliyyətini hakimiyyətin daşıdığını həmin gün bütün normal düşüncəli insanlar vurğuladı. Dünən qətllə bağlı ildırım effekti doğuran xəbər də yayıldı. Mərhumun atası açıq-aşkar deyib ki, oğlu həkimlərin cinayətkarcasına məsuliyyətsizliyindən vəfat edib. Ona yardım edilməyib, ölümünü tezləşdiriblər. Niyəsi aydındır.
Müxalifətə qarşı qara kampaniya aparmaq üçün bir uşağı tələf etmək Əliyevçi hakimiyyət üçün nədir ki?
Cəlilabadda tökülən qan, hamımızı düşündürməlidir. Qarşımızda təkcə hakimiyyət hərisliyi ilə alışıb-yanan bir rejim deyil. Əliyev hakimiyyətinin siyasi ambisiyaları artıq bizi ən uzaq əyalətlərdə, məişətdə də rahat qoymur. Ailələr arasına qan salır, ata ilə oğulu, ər ilə arvadı bir anın içində düşmən edir.
Bələdiyyə seçkisi zamanı saxtakarlığa etiraz edən bir nəfərin (Sabirabad rayon Sərxanbəyli kəndi) şikayətlərini yazırdım. Həmin adamın qardaşının seçkidə haqqı oğurlanmışdı. Adamın oğlu və yoldaşı müəllim idi. Onlara da təzyiqlər başladı. Şikayətləri ard-arda çıxdı və bir gün şikayətçinin oğlu redaksiyaya – mənə zəng edib atasının onlara şər atdığını dedi!
Əlbəttə, heç kim şər atmırdı. Rejim o gənc müəllimi polislə elə qorxutmuşdu ki, o, əmisinin oğurlanan haqqına göz yummuşdu, üstəlik, atasını “şəratan” adlandırmışdı.
Kimin fikridir bilmirəm, deyir ki, “sən siyasətlə məşğul olmasan da, siyasət səninlə məşğul olacaq”. Cəlilabad və Sabirabaddakı sadaladığım hadisələr Azərbaycan insanından siyasi proseslərdə aktiv rol oynamağı tələb edir. Siyasi sistemimizə normal görkəm vermədiyimiz günədək o bizi hər yerdə əzəcək. Bakıda, Şəkidə, Cəlilabadda, meydanda, yaxud məktəbdə olmağımızdan asılı olmayaraq. Naqis və avtoritar sistem bizə nə ata olmağa imkan verəcək, nə də oğul olmağa…
Əli Kərimlinin söyüşünü bal kimi dadanlara
Bizim ellərdə “peysərə atmaq” kimi xoş olmayan ifadə var. Bu sözü adətən heç bir mənəvi cavabdehlik daşımayanlar haqda işlədirlər. Belələrinə, qısaca “peysər” də deyilir. Onların bir yığını ötən həftə AXCP sədri Əli Kərimlinin evinin qarşısındaydı.
Əli Kərimlinin ona qarşı “qara piar”a 2005-ci ildə televiziyadan verdiyi cavab hamının yadındadır. Bir qrup gəda-güda unudubsa, mən mərhəmət göstərib xatırladaram: “Kimin kişiliyimə şübhəsi varsa, ən inandıqları adamı – bu, yəqin ki, onların arvadları olar, göndərsinlər yanıma, səhər onlardan kişiliyimlə bağlı arayış alsınlar”.
Bir batman balla yeyilməsi mümkün olmayan sözlərdən sonra Əli Kərimlinin evi qarşısına toplayıb banlayanlar haqda “peysər” sözünün çox yumşaq olduğunu bildim. Mənəvi ölçülərini itirmiş bu adamlara 2005-ci ildəki ifadələri Əli bəyin xanımı jestlərlə xatırlatdı. Lakin arifə bir işarə bəs olsa da, nadan min bir işarə ilə də qanmır. Insan da bir “molodes” üçün özünü, əzizlərini açıq və ictimai təhqirə məruz qoyarmı? “Insan”dan söhbət gedirsə, cavab əlbəttə ki, “yox”dur…
Azərbaycan müxalifətinin bir davası da insanlaşdırma davasıdır. Təkamülün çarxı ilə geri qayıtmaq istəyənlərin əllərindən tutub gələcəyə aparmaq istəyirik. Yox, onlara ana təbiətdə ağnamaq xoşdursa, demokratik hakimiyyət bu istəyi də reallaşdırmaq əzmində olacaq. Sadəcə, belələri rahat ağnamaq üçün mədəni dünyadan təcrid olunacaq, geniş meşələr, tozlu səhralar onların da ruhunu oxşayacaq.