“Jurnalistlərə qarşı bu proses davam edəcək”

Rəşid Hacılı: «Təzyiqlərin səngiməməsi bu cür hadisələrin açılmaması, cinayətkarların cəzasız qalmasıdır»

“Son günlər Azərbaycanda siyasi proseslərin bir qədər sürətlənməsi, xüsusilə də etiraz aksiyalarının artması jurnalistlərə qarşı hücumlar üçün əsas yaradıb. Martın 26-da ”Azadlıq”ın yazarı Seymur Həziyevi, aprelin 4-də isə bu qəzetin reportyoru Ramin Dekonu döyüblər”.
Bu sözləri Media Hüququ Institutunun rəhbəri Rəşid Hacılı deyib. R.Hacılı hesab edir ki, bütün bunlar jurnalistlərin tənqidi yazıları ilə bağlıdır: “Bir çox qəzet var ki, siyasi proseslərə çox həssasdır, o cümlədən ”Azadlıq” qəzeti. Çox zaman bu qəzet siyasi kampaniyalarda böyük rol oynayır. Mənə elə gəlir ki, Seymur Həziyev və Ramin Deko ilə bağlı baş verən hadisələr ümumilikdə siyasi proseslərdə iştirak edən müəyyən qüvvələrin reaksiyasının, hökumət nümayəndələrinin etirazının nəticəsidir. Jurnalistlər kampaniyada böyük rol oynadıqlarına, tənqidi yazılar yazdıqlarına, tənqidi fikirlərin yayılmasında iştirak etdiklərinə görə təzyiqlər onlara yönəlmiş olur”.
R.Hacılı R.Dekonun araşdırmalar yazmasını, qaynar hadisə yerlərindən reportajlar verməsini xatırladıb: “Ona görə də Ramin hər vaxt diqqət mərkəzində olub. Ramin reportajlarında, yazılarında adını çəkdiyi şəxslərin diqqət mərkəzindədir. Bu fakt araşdırılmalıdır. Xüsusilə də peşəsi jurnalistika ilə bağlı olanlar, yaxud fəal ictimai-siyasi proseslərin iştirakçılarına qarşı belə fiziki zor işlədildikdə daha operativ araşdırılmalıdır. Xuliqanlıq hər yerdə və həmişə var, bu, sıradan bir adamın adi vətəndaşa qarşı etdiyi hərəkət də ola bilər. Amma jurnalistin döyülməsi, ona hədə-qorxu gəlinməsi sıradan olmayan hadisədir”.
R.Hacılı Azərbaycan hökumətinin vətəndaşların hüquqlarını qorumağa borclu olduğunu vurğulayıb: “Xüsusən də jurnalistlərin hüquqlarını qorumağa, söz azadlığını təmin etməyə borcludur. Jurnalistin təqib olunması, döyülməsi, öldürülməsi ölkədə ifadə azadlığına zərər vurur, insan hüquqlarını pozur. Jurnalistin döyülməsi hökumət haqqında fərqli düşünən insanların gözünü qorxudur. Bu baxımdan bizim qanunların həyata keçirilməsini gözləməyə haqqımız var. Indiyə qədər olmayıbsa, indən sonra olmasını gözləyirik. Jurnalistə qarşı təzyiqlərin səngiməməsinin bir səbəbi də indiyə qədər baş verən bu cür hadisələrin açılmaması, cinayətkarların cəzalandırılmamasıdır. Lakin bunlar da əsas vermir ki, biz öz hüquqlarımızı tələb etməyək”.
Seymur Həziyevin, Ramin Dekonun döyülməsi ilə jurnalistlərə qarşı başlanan yeni dalğanın ifadə azadlığı üçün böyük təhlükə olduğunu deyən R.Hacılı bu prosesin artan xətlə davam edə biləcəyini qeyd edib.