eldar-ezizov

Eldar Əzizov Elmar Vəliyevə qəzəblənib

İcra başçısı həmkarını ona qarşı kampaniya aparmaqda ittiham edib

Elmar Vəliyev Gəncəyə icra başçısı təyin edildikdən sonra sələfi, hazırda Sumqayıtın icra başçısı olan Eldar Əzizovun fəaliyyətini tənqid etməyə başlayıb. Demək olar ki, hər gün yeni icra başçısı Eldar Əzizovun hansısa qanunsuzluğunu ifşa etməklə məşğuldur. Bunun nəticəsi olaraq isə keçmiş başçının kadrlarını ard-arda işdən çıxarır.
Əldə etdiyimiz məlumatlara görə, nəhayət Eldar Əzizov Elmar Vəliyevin bu addımlarına dözməyərək ona telefon açıb. Icra başçısı telefonda həmkarı ilə çox sərt danışaraq bildirib ki, ona qarşı kampaniyaya son qoysun. Məlumatlarda həmçinin deyilir ki, Eldar Əzizov bu barədə “yuxarılar”a da şikayət edib. O, bildirib ki, Elmar Vəliyevin bu cür fəaliyyəti ümumi maraqlara ziddir. Və o, əslində bütövlükdə hakimiyyəti gözdən salmaqla məşğuldur.
Eldar Əzizovla Elmar Vəliyev bir-biri ilə qarşıdurmada olan qruplaşmalarda təmsil olunur. Elmar Vəliyev Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun rəhbərlik etdiyi, Eldar Əzizov isə şərti adı “komsomol qruplaşması” adlanan qruplaşmaya daxildir. Bu qruplaşmalar arasında isə amansız savaş gedir. Elmar Vəliyevin Eldar Əzizova qarşı apardığı kampaniya da əslində bu ziddiyyətlərin təzahürüdür.

İnformasiya şöbəsi