Daha bir diktator təslim oldu

Sarayı mühasirəyə alınan Qbaqbo silahı yerə qoydu

Kot d’Ivuarda ötən ilin noyabrında keçirilən seçkidən bəri silahlı qarşıdurma səviyyəsinə çatan prezidentlik mübarizəsi davam edir. BMT-nin, seçkinin qalibi olaraq tanıdığı Alassan Ouattaranın tərəfdarları iqtidardan getmək istəməyən Loren Qbaqbonun prezident sarayını mühasirəyə alıb.
“BBC”yə danışan bir hərbi mənbənin sözlərinə görə, Qbaqbo ailəsilə birlikdə prezident sarayının bunkerinə sığınıb. Seçkinin qalibi olaraq tanınan Alassan Ouattaranın Parisdəki təmsilçisi Alli Kulibali Loren Qbaqbonun təslim olmaqla bağlı danışıqlar apardığını bildirib. Səfir müzakirələrin Qbaqbo təmsilçilərilə aparıldığını söyləyib. Onun hansı səbəbdən güzəştə getdiyi bəlli deyil.
Əbidcan sakinləri evlərinə sığınaraq günlərdir davam edən silahlı qarşıdurmanın bitməsini gözləyir. Ötən gün bütün gecə şəhərdəki dövlət televiziyası və Qbaqbonun sarayı ətrafında silah səsləri eşidilib. Prezident sarayı və ətrafdakı binalar Loren Qbaqbonun son qalası sayılır.
Bu arada Fransa və BMT-nin sülhməramlı missiyasına məxsus hərbi təyyarələr Qbaqbonun sarayı ətrafındakı hədəflərə hava zərbələri endirib. BMT-nin baş katibi Pan Gi Mun hava zərbələrinin dinc sakinləri qoruma əməliyyatı çərçivəsində həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, əməliyyatlar, iqtidardan əl çəkməyən Loren Qbaqboya qarşı müharibə elan olunduğu anlamına gəlməməlidir.
Pan Gi Mun BMT-nin Kot d’Ivuardakı hadisələrdə tərəf olmadığını söyləyib. Baş katibin sözlərinə görə, təşkilat beynəlxalq ictimaiyyətlə birgə ölkədə dinc vətəndaşların qorunması məsələsində əlindən gələni edir. Bu proses növbəti günlərdə də davam edəcək.
Xatırladaq ki, beynəlxalq ictimaiyyət 2010-cu ilin noyabrında keçirilən prezident seçkisində Loren Qbaqbonun məğlub olduğunu və onun rəqibi Alassan Ouattaranın qalib gəldiyini bəyan edib. Lakin Qbaqbo hakimiyyətdən getmək istəmədiyini və seçkinin qalibi olduğunu bəyan edib. Artıq 5 aydan çoxdur ki, iki tərəf arasında silahlı mübarizə gedir. Ouattara tərəfdarları ölkənin 80 faizinə nəzarəti ələ keçirsə də, Qbaqbo dirəniş göstərir.

İnformasiya şöbəsi