“Oğluma deyiblər, atan müxalifətçidir, yığılıb döyüblər, əllərində bıçaq təhqir ediblər. Məsələ əvvəldən təşkil olunub”
AXCP funksionerinin oğlu məktəbli yoldaşını öldürmək ittihamı ilə həbs edildi
AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmlinin məktəbli oğlu 1996-cı il təvəllüdlü Vasif Mirələmov yuxarı sinif şagirdləri tərəfindən vəhşicəsinə döyülüb. Hadisə aprelin 4-də baş verib. Cəlilabad şəhər 7 saylı məktəbin 8-ci sinif şagirdi olan Vasif Mirələmovu döyənlər ona bildiriblər ki, döyülməsi atasının kütləvi aksiyalara qatılmasının cəzasıdır. Vasif Mirələmovu döyənlər məktəbə gəlməyi də ona qadağan ediblər. Aprelin 5-də məktəbə gedən Vasif Mirələmov yenə də həmin dəstənin hücumuna məruz qalıb. Dava nəticəsində dəstə üzvlərindən biri qətlə yetirilib. Bıçaq zərbəsindən dünyasını dəyişən 10-cu sinif şagirdi Cavanşir Həsənlidir. Onun qara ciyəri zədələndiyinə görə həyatını xilas etmək mümkün olmayıb. Məlumatlara görə, Cavanşir Həsənli icra başçısının köməkçisi Malik Şərbətovun qohumudur. Atası isə polis əməkdaşıdır.
Qətli kim törədib?
Rayonun hüquq-mühafizə orqanları qətl hadisəsinə görə Vasif Mirələmovu saxlayıblar. Rəsmi məlumatlarda bildirilir ki, Vasif Mirələmov Cavanşir Həsənlinin ürək nahiyəsinə bıçaq zərbəsi endirməklə onu qətlə yetirib.
Təzəxan Mirələmli isə “Azadlıq”a açıqlamasında deyib ki, həmin vaxt oğlunun əlində bıçaq olub-olmadığını bilmir: “Mənim iki oğlum var və ikisi də 8-ci sinifdə oxuyur. Qardaşım oğlu hərbi xidmətdən qayıdıb və uşaqlar onu görmək üçün şənbə günü qardaşımın yaşadığı Şatırlı kəndinə gediblər. Mən rayonun mərkəzində yaşayıram. Kənddən bazar günü qayıdıblar və aprelin 4-də dərsə gediblər. Məktəbdə 10-cu sinif şagirdləri uşaqlara sataşıb, deyiblər ki, atan müxalifətçidir, bizim məktəbdə oxuma, polislər yaxşı edib atanı mitinqdə döyüblər. Sonra yığılıb oğlumu döyüblər. Aprelin 5-də övladlarım yenidən məktəbə gediblər, 10-cu sinif şagirdləri uşaqlarımı yenə təhqir ediblər. Onların əlində bıçaq olub. Oğluma deyiblər ki, get sən də bıçaq götür. Amma oğlumda bıçaq olub-olmadığını bilmirəm. Dava zamanı 10-cu sinif şagirdi Cavanşir Həsənlinin böyründən bıçaq dəyib və nəticədə o, dünyasını dəyişib”.
Polis şöbəsində oğluma işgəncə verirlər
Cavanşir Həsənlinin hansısa təxribatçı tərəfindən qətlə yetirildiyi də ehtimallar sırasındadır. Təzəxan Mirələmli onu da əlavə edib ki, polis şöbəsində oğluna işgəncə verərək bir çox cinayətləri onun boynuna qoymaq istəyirlər: “Mən 2 aprel mitinqində döyülərək ağır xəsarət almışam və hazırda Bakıda xəstəxanadayam. Mənə məlumatlar gəlir ki, polis şöbəsində oğluma işgəncələr verilir. Ona görə də vətəndaş cəmiyyəti institutlarını, mətbuatı bu məsələni diqqətdə saxlamağa çağırıram”.
Qətldən siyasi şou düzəldirlər
Cəlilabadın yerli hakimiyyəti baş vermiş olaydan siyasi şou düzəldib. Büdcə təşkilatlarının işçilərinə, o cümlədən müəllimlərə Təzəxan Mirələmlinin evinin qarşısına toplaşaraq aksiya keçirmək göstərişi verilib. Aksiyanın təşkilatçılığı təhsil şöbəsinin müdiri Ədalət Əsgərova tapşırılıb. Aksiyada müxalifətin əleyhinə şüarlar səsləndirilib. Təzəxan Mirələmli deyib ki, bu fakt hadisənin əvvəlcədən planlaşdırılmasından xəbər verir: “Aksiya hadisəyə görə deyil, müxalifətin əleyhinə keçirilib. Müxalifətin əleyhinə şüarlar səsləndirilib. Bu da onu göstərir ki, məsələ əvvəldən təşkil olunub. Yoldaşımla danışa bilmirəm. Telefonu yoxdur. Qohumlarım evimə yaxınlaşmayıblar. Başqa hadisənin baş verəcəyindən qorxublar. Burada ürəyim partlayır. Həkimlər işdə yoxdur. Xəstəxanadan icazəsiz çıxmaq istəmirəm. Bunu da bir problem edəcəklərindən ehtiyatlanıram. Aprelin 6-da həkimlər işə gələn kimi icazə alıb rayona getməyə çalışacam”.
Ədalət Əsgərov isə Azadlıq Radiosu-na bildirib ki, Təzəxan Mirələmlinin evinin qarşısında keçirilən aksiyadan xəbəri yoxdur: “Mənim məlumatım yoxdur. Təzəxan Mirələmli Cəlilabadda müəllimlər binası var, orda yaşayır, orda ancaq müəllimlər olurlar. Mən nə bilim ora müəllim gəlib, şagird gəlib, tələbə gəlib, mən Cəlilabadda təhsil şöbəsinin müdiriyəm, indi də başqa kənddə tədbirdəyəm, mən nə bilim kim yığışıb ora?”
Cəlilabad şəhər polis şöbəsinin rəis müavini Eldar Səfərovun Azadlıq Radiosu-na verdiyi məlumata görə isə, qətl hadisəsi saat 11.15-də orta məktəbdə baş verib: “Orta məktəbdir də. Dalaşıblar, ölən gəlib ona bir şillə vurub, o da gedib evdən bıçaq gətirib, soxub ürək nahiyəsinə, o da ölüb. Hadisə budur. Sonradan uşağın yerini müəyyən eləyib gətirmişik, şöbəmizdədir. Prokurorluq dindirir”.
Cavanşir Həsənlinin əmisi Əhməd Istər Azadlıq Radiosuna bildirib ki, hadisədə siyasi motiv axtarmağa dəyməz: “Uşaqlardır, sözləri çəp gəlib, dalaşıblar, hadisədir, baş verib”.
Əhməd Istər də Təzəxan Mirələmlinin evinin qarşısında aksiya keçirilməsindən xəbərsiz olduğunu deyib.
Xatırladaq ki, Təzəxan Mirələmli Ictimai Palatanın aprelin 2-də Bakıda keçirdiyi mitinqdə polis qəddarlığına məruz qalıb. Ağır xəsarətlər alan AXCP funksioneri hazırda 1 saylı Mərkəzi Kliniki Xəstəxanada müalicəsini davam etdirir.
Bu hadisəyə görə hakimiyyət məsuliyyət daşıyır
Bu arada Ictimai Palata baş verənlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Ictimai Palata AXCP Cəlilabad rayon şöbəsinin rəhbəri Təzəxan Mirələmliyə və birbaşa onun ailəsinə qarşı şiddətlənən təzyiq və repressiyaları kəskin pisləyir.
Təzəxan Mirələmli IP-nin 2 aprel mitinqində polisin kobud rəftarı ilə üzləşib, ona amansız işgəncələr veriblər. Fiziki işgəncələrdən sonra Təzəxan Mirələmlinin gözünün biri, böyrəyi və ətrafları ciddi zədələr alıb. Hazırda o, ağır xəsarətin nəticələrini aradan qaldırmaq üçün Bakıda müalicə alır.
Təzəxan Mirələmli müalicə aldığı bir ərəfədə də hakimiyyət ona qarşı qanunsuz və qeyri-etik təzyiq kampaniyasından əl çəkməyib. Ötən müddət ərzində onun orta məktəbdə oxuyan uşaqlarına atasının müxalifətçi olduğuna görə tənə və istehzalar təşkil edilib. Mənəvi terrorun şiddətlənməsi Cəlilabadda qətllə nəticələnib.
Ictimai Palata baş verən ağır hadisənin məsuliyyətini Azərbaycan hakimiyyətinin daşıdığını bəyan edir. Bu hadisə aktiv müxalifətçilərin ailə üzvlərinə qarşı yönələn mənəvi repressiyanın ağır nəticəsidir.
2 aprel mitinqindən əvvəl AXCP sədrinin müşaviri Şakir Abbasovun məktəbli övladı oxuduğu məktəbdə birbaşa direktorun və mülki geyimli hüquq-mühafizə orqanları işçilərinin təzyiqinə məruz qalmışdı.
IP KŞ xatırladır ki, 2003-cü ilin oktyabr hadisələrindən sonra da hakimiyyət müxalifətçilərin ailə üzlərinə mənəvi terror aparıb. Yalnız güclü ictimai qınaqdan sonra hökumət bu cür qanunsuz əməllərini qayandırıb.
IP KŞ hakimiyyəti müxalifətçi ailələrə qarşı mənəviyyatdan uzaq hərəkətlərə son qoymağı tələb edir. IP KŞ hesab edir ki, bu qanunsuz hərəkətlərin davam etdirilməsi ölkədaxili qarşıdurmanı daha da şiddətləndirə, cəmiyyət üçün ağır nəticələr doğura bilər”.
İnformasiya şöbəsi