Şahin Həsənlinin şikayəti təmin olunmadı

Gəncə Apelyasiya Məhkəməsi bir aylıq həbs qərarını qüvvədə saxladı

 

Dünən Gəncə Apelyasiya Məhkəməsində hakim Rəşid Məhərrəmlinin sədrliyi ilə AXCP təşkilat şöbəsinin müdiri Şahin Həsənlinin şikayətinə baxılıb. Hakim şikayəti təmin etməyərək birinci instansiyanın qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, Ş.Həsənli hazırda 2 saylı Gəncə təcridxanasında saxlanılır. Vəkili Əlayıf Həsənovla görüşü zamanı AXCP yetkilisi saxlanma şəraitindən və ona olan rəftardan şikayətlənməyib.
Xatırladaq ki, Ş.Həsənlinin barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb. Barəsində bir aylıq həbs-qətimkan tədbiri seçilən Ş.Həsənli martın 31-də Şəmkirdə dostunun evində olarkən saxlanılıb. Həmin gün günorta dostugilə dincəlməyə gələn Ş.Həsənlini bir-iki saatlıq yuxu tutub. Gözünü açanda isə dörd nəfər mülki geyimli şəxsin başı üzərində dayandığını görüb. Vəkilin sözlərinə görə, Ş.Həsənlinin həmin gün gəldiyi evin giriş qapısı açıq saxlanılıbmış. Saat 17.30-da həbs olunan Ş.Həsənli bölməyə aparılarkən orada gödəkçəsinin cibindən kağıza bükülmüş beş ədəd doqquz kalibrli güllə tapılıb.

 

Gültəkin