Şahin Həsənli necə şərlənib?

Əlayif Həsənov: “AXCP yetkilisi bölməyə aparılarkən orada gödəkçəsinin cibindən kağıza bükülmüş beş ədəd doqquz kalibrli güllə “tapılıb”

Siyasi mənsubiyyətinə görə 2 aprel mitinqi ərəfəsində həbs olunan AXCP təşkilat şöbəsinin müdiri Şahin Həsənlinin saxlanması şəraiti özü ittihamların əsassız olduğunu deməyə əsas verir. Ş.Həsənlinin vəkili Əlayif Həsənovla söhbətimizdə AXCP yetkilisinin necə həbs olunmasına aydınlıq gətirdik.
Xatırladaq ki, Ş.Həsənlinin barəsində Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb.
Vəkil bildirdi ki, haqqında bir aylıq həbs-qətimkan tədbiri seçilən Ş.Həsənli martın 31-də Şəmkirdə dostunun evində olarkən saxlanılıb. Həmin gün günorta dostugilə dincəlməyə gələn Ş.Həsənlini bir-iki saatlıq yuxu tutub. Gözünü açanda isə dörd nəfər mülki geyimli şəxsin başı üzərində dayandığını görüb. Vəkilin sözlərinə görə, Ş.Həsənlinin həmin gün gəldiyi evin giriş qapısı açıq saxlanılıbmış. Beləliklə, saat 17.30-da həbs olunan Ş.Həsənli bölməyə aparılarkən orada gödəkçəsinin cibindən kağıza bükülmüş beş ədəd doqquz kalibrli güllə tapılıb: “Şahin Həsənli yatarkən onun gödəkçəsi stulun üzərində olub. Aprelin 2-də keçirilən məhkəmədə biz vəsatət qaldırdıq ki, həmin güllələrin üzərində Şahin Həsənlinin barmaq izlərinin olub-olmaması araşdırılsın. Digər tərəfdən, nəyə görə dörd nəfər mülki geyimlinin Şahin Həsənlini həbs etməyə gəlməsinə də aydınlıq gətirilmir. Bəyan olunur ki, onlarda əməliyyat məlumatı olub”. Şahin Həsənlini Şəmkirdə polislərin həbs etməsi isə idarə etdiyi maşının “köməkliyi” ilə olub. Belə ki, Şahin həsənli iki ay əvvəl bir dostundan müvəqqəti istifadə etmək üçün maşın götürübmüş. Amma görünür, həmin avtomobillə AXCP yetkilisi bir neçə dəfə Ictimai Palatanın iclaslarının keçirildiyi binanın qarşısında göründüyü üçün “diqqətdən” yayınmayıb.
Bu gün Gəncə Apelyasiya Məhkəməsində hakim Rəşid Məhərrəmlinin sədrliyi ilə Ş.Həsənlinin şikayətinə baxılacağını deyən vəkil vurğuladı ki, hazırda AXCP yetkilisi 2 saylı Gəncə təcridxanasında saxlanılır. Vəkillə görüşü zamanı Ş.Həsənli saxlanma şəraitindən və ona olan rəftardan şikayətlənməyib.

Xəyal