2 aprel mitinqi Rusiya mediasında

“Yaxın Şərq inbilablarının sədası Azərbaycana yayılıb”

“Kreml Əliyev hakimiyyətinin dəyişməsindən çox şey itirə bilər”

Rusiya mətbuatında İctimai Palatanın İlham Əliyev rejiminə qarşı aprelin 2-də baş tutmuş və aprelin 16-da keçirilməsi planlaşdırılan etiraz aksiyasıyla bağlı məqalə yayımlanıb. Müstəqil fəaliyyəti ilə tanınan “Trud” qəzetində dərc olunan məqalədə bildirilir ki, Yaxın Şərq inbilablarının sədası keçmiş sovet ölkəsi Azərbaycana yayılıb. İctimai Platanın aprelin 2-də keçirdiyi mitinq İlham Əliyev hakimiyyəti əleyhinə son illərdə baş tutmuş ən uğurlu etiraz aksiyası adlandırılıb. Müəllif qeyd edir ki, əgər Əliyev ailəsi 18 ildir davam edən hakimiyyətlərini qoruya bilməsə, bu rəsmi Moskva üçün faciə deməkdir.
“Aparıcı müxalif qrupların yaratdığı İctimai Palata şənbə günü baş tutan etiraz aksiyasına hökumət qüvvələrinin sərt müdaxiləsinə baxmayaraq aprelin 16-da İlham Əliyev rejiminə qarşı mitinq keçirmək qərarı verdi. Aprelin 2-də Bakının mərkəzi küçələrinə axışan minlərlə vətəndaş iqtisadi və konstitusion islahatlar tələb etmişdi. Müxalifətin ilk və əsas tələbi Əliyev ailəsinin 18 ildir davam edən hakimiyyətinin sona yetməsidir. 2 aprel mitinqi zamanı polis etirazçılara qarşı rezin dəyənək və gözyaşardıcı qazdan istifadə etdi. 200-ə yaxın müxalifət tərəfdarı həbs olundu”,-deyə “Trud” qəzetində yayımlanan məqalədə vurğulanıb.
Qəzet 2 aprel mitinqi və bundan sonra keçiriləcək etiraz aksiyaları ilə bağlı AXCP sədri Əli Kərimlinin də fikirlərinə yer ayırıb: “Biz bu tip aksiyaların davamlı olacağına qərar vermişik. Bu bizim vətəndaşların konstitutsion hüququdur. Tunis və Misirdəki inqilablar Azərbaycan xalqını avtoritar Əliyev rejiminə qarşı mübarizəyə ruhlandırıb”.
Azərbaycanda yayımlanan “Zerkalo” qəzetinin şərhçisi Elçin Vəliyev isə qəzetə deyib ki, Yaxın Şərqdəki inqilabların Bakıdakı hadisələrlə oxşarlıq təşkil etməsi normaldır. Çünki Azərbaycan vətəndaşları zəngin ölkədə yaşamalarına baxmayaraq, çətin sosial-iqtisadi problemlərlə üz-üzədir. Hakimiyyətin yüksək təbəqəsində təmsil olunan məmur-oliqarxlar ölkənin bütün iri və orta biznes şəbəkəsini monpoliyada saxlayır.
Rusiyada fəaliyyət göstərən MDB ölkələri üzrə siyasi institutun prezidenti Konstantin Zatulin qəzetə bildirib ki, Azərbaycanda başlanan etiraz dalğası rəsmi Moskvanın maraqlarına ziddir. Çünki Kreml Əliyev hakimiyyətinin dəyişməsindən çox şey itirə bilər.

İnformasiya şöbəsi