Yasamal antipolis idarəsi

Polis! Polis dövlətin önəmli atributlarındandır. Demokratik rejimlərdə polis yurddaşların başlıca güvənc yerlərindən biridir. Adamlar gərəkən yerdə polisə güvənir, polisdən yardım umurlar. Demokratik rejimlərdə polis qanunçuluğun qarantına çevrilməklə yurddaşların güvəncinə çevrilir, sayğı qazanır.

Azərbaycanda 40 ildən bəri qurulmuş diktatura rejimi polisi xalqın düşməninə çevirib. Rüşvətin, korrupsiyanın, oğurluğun, soyğunçuluğun DÖVLƏT SIYASƏTINƏ çevrildiyi Əliyevlər Azərbaycanında polisi xalqın başlıca düşmənlərindən saymaq olar. Bunu 2 aprel mitinqində tutulub Yasamal polis idarəsinə aparılanda bir daha bildim. Məni bir çoxları kimi, formal olaraq, “icazəsiz mitinqə qatıldığıma görə” tutmuşdular. “Icazəsiz mitinq” nə deməkdir? Bizim Ana Yasa hüququmuzda “icazəsiz mitinq – aksiya” anlayışı yoxdur. Azərbaycan yurddaşları olaraq bizim sosial-siyasi istəklərlə aksiya keçirmək hüququmuz var. Polisin borcu bizim keçirdiyimiz aksiyalarda güvənliyə qarantiya yaratmaqdır.

Əliyevçi rejim illərdir “icazəsiz” adı ilə bizim Ana Yasa hüququmuzdan yararlanmağımızın qarşısını alır. Bizim illərdən bəri “icazəsiz aksiya” keçirməyimiz bir başlıca nədənlə bağlıdır – kriminal rejim nədənilə! Bu rejim illərdir bizim başlıca hüquqlarımızdan birini – özgür, demokratik yolla seçib-seçilmək hüququmuzu pozur. Bu çoxillik hüquq pozuntusu da bir başlıca nədənlə bağlıdır – kriminal rejim nədənilə! Doğru-düzgün, Demokratik seçki o başdan bu başa kriminal xarakter daşıyan Əliyevlər üçün xalqa, ölkəyə, dövlətə düşmənçilik yolu ilə yiyələndikləri hakimiyyəti biryolluq itirmək deməkdir. Bu baxımdan əliyevçi rejimdə kriminal seçki ilə kriminal polis anlayışları bir-birindən ayrılmazdır.
Son iyirmi ildə mitinqlərlə bağlı dönə-dönə düşdüyüm polis idarələrində görmədiklərimi Yasamal polis idarəsində gördüm. Mitinqdə tutulanları TÜRKLƏR üçün ağlasığmaz söyüş-təhqirə tutmalardan tutmuş şillə, yumruq, təpiklə döymələrədək. Polis idarələrində iyirmi ildə görmədiklərimi gördüyümdən çaşıb qalmış, şaşırmışdım. Bizim illərlə dönə-dönə yazdığımız ANTIMILLI rejim görsənişini Yasamal polis idarəsində bütünlüklə gerçəkləşdirilmiş saymaq olar. Bu idarədə böyük bir ANTITÜRK – ANTIDÖVLƏT bazası formalaşdırılıb. Bu idarəyə bizə qanlı düşmən kimi baxan kimsələr toplanıb. Bunlar ən başlıcası, Azərbaycan-Türk kültürünə yad-yağı kimsələrdir!

Mənim verdiyim salamı almaq yerinə mənə “tərbiyəsiz” deyən polis rəisi Ismayıl Əyyubovun (bağışlayın, Əsədovun!) qabaqca qulağının ağır eşitdiyini düşündüm. Ancaq azacıq sonra o, tutulanları ayrıca amansızlıqla döyən, döydürən “əməliyyatçı” yardımçısının mənə dediyini deyəndə işin nə yerdə olduğunu anladım. O, mənə az öncə birinci qatda yardımçısının dediyini dedi: “Sən dövlətə qarşı çıxışlar eləyirsən!”. Mənim “Azadlıq” qəzetində işlədiyimi biləndə o, rejim prezidentinin dediyini dedi: “Siz ermənilərə işləyirsiz!”. Söz atışmasında uduzduğunu görürkən, o, mənə acıqla qapını göstərdi: “Siz düzəlməzsiz!”.

Aradan bir saat keçmiş məni yenidən Ismayıl Əyyubovun (bağışlayın, Əsədovun!) kabinetinə apardılar. Məndən başqa orda üç jurnalist vardı: “Qafqaz” jurnalının müxbiri Aydın Acalov, “Azadlıq” qəzetinin yazarı Əbülfəz Qurbanlı, bir də “Yeni Müsavat”ın yazarı Tural Qurbanlı. Aman Allah, rəis adlanan bayaqkı adam necə də dəyişmişdi! O indi bizlərlə dost, yoldaş kimi danışırdı. Bizi yola salanda da o bizdən “gerçək” bir dost, yoldaş kimi ayrılmağa çalışır, bizim də ondan eləcə ayrılmağımızı istəyirdi. Mən ona kabinetinin bir neçə addımlığında bir saat öncə baş verənləri: tutulanların söyülüb-döyülməsi faktlarını, bayaqkı qışqırıq-bağırtıları unutmayacağımızı bildirəndə gülərək dedi: “Bizdə elə işlər olmur!”. Tanımıram, bilmirəm: kim bilir, bəlkə də, Ismayıl Bəylər Əyyubovun əmisi oğlanlarının ən yaxşısıdır.