Gör dünyanın harasıdır ki, yarım milyarda inzibati bina, bir milyarda stadion layihələrindən sonra əhalinin daxmasını başına uçuran Rövnəq Abdullayev də özündə siyasi həya tapıb, kimlərisə qiymətləndirmə iddiasına düşür. Ətək-ətək neft pullarını xərcləyib xaricdən gətirdiyi baş məşqçilərin Azərbaycan futbolunu daha bərbad günə qoymasına münasibət bildirən Sabir Rüstəmxanlının ünvanına, qətiyyən utanıb eləmədən, “mən onu ziyalı saymıram” deyir.
Qınamıram onu! Çünki Rövnəq Abdullayev hər məsələyə öz ağlının ölçüsü və mənəvi tərbiyəsi ilə cavab verir. Onun təfəkküründə rüşvət almayan, Dubayda villaya sahib olmayan, korrupsiya ilə ölkə büdcəsini dağıtmayan, xalqın varını sümürməyən, millətdən oğurluq etməyənlər “ziyalı” deyil; “ziyalı” vətəndaşları yox, ölkəni dağıdan hakimiyyət adlı bir ovuc mafiyanı dəstəkləməli, yalan danışarkən qızarmamalı, həya və abırı birdəfəlik unutmalı, sürtük, yalaq, yaltaq və tülüngü, qorxaq olmalıdır.
Adamın “ziyalı” haqqında bundan artıq təsəvvürü yoxdur və olmamalıdır da. Ömrü uzunu bu xalqın müstəqilliyi, azadlığı uğrunda bircə addım atmayan, nəinki addım atmayan, hətta bu barədə düşünməyi belə ağlının ucundan keçirməyən, millətin qeyrətini çəkməyən, 2 cümləni dal-dala düzüb danışmağı bacarmayan, ölkənin tarixində heç bir şəxsi-mənəvi keyfiyyətiylə qalmayacaq bir adam başqa nə cür düşünməlidir ki?!
Insan bu millət üçün yanmalıdır, bu milləti, xalqı sevməlidir ki, onun hətta futbol komandasının uduzmasına da yanıb-yaxılsın, ölkənin adının biabır olmasından əsəbiləşsin. Yanmırlar, axı! Bu millətin sərvətinə qənim gözü ilə baxırlar, axı! Ora-bura səpələdikləri, ayı kəsdirib yedikləri, xaricilərin cibinə basdıqları, göyə sovurduqları milli sərvəti yağı malı sayırlar, axı! Beş günlük kefə millətin gələcəyini satanlardı bunlar. Ona görə veclərinə də deyil – cəhənnəmə uduzsunlar, ölkənin adı qara-gora biabır olsun! Ölkənin adını, millətin sanını düşünən Azərbaycanın dünyada rüşvətxor, korrupsioner, antidemokratik imicinin daha da möhkəmlənməsi üçün dəridən-qabıqdan çıxarmı?
Hansı ziyalı, hansı məmur öz ləyaqətinə sığışdırar ki, bir milyarda futbol stadionu tikintisini gündəmə gətirib gözgörəti korrupsiya faktıyla ölkəni biabır etsin? Hansı ziyalı öz insanlığına yaraşdırar ki, Neft Şirkətinə aid olan ərazidə əhalinin məskunlaşmasına “nəyə görəsə” göz yumub, sonra da “bura şirkətin ərazisidir” deyə camaatın tikdiklərini başına uçursun?
Biabırçılıq odur ki, artıq beləsi başını başlara qoşur, kimlərəsə qiymət verməyə haqq etdiyini güman edir…
Siyavuş Novruzov unikal nüsxədir!
Rövnəq Abdullayevin “ziyalı” parametrlərinə uyğun gələn Siyavuş Novruzov açıqlama verib. Ölkədə siyasi hakimiyyətin seçkiylə formalaşdığı barədə yalanı növbəti dəfə deməkdən növbəti dəfə utanmayan cənabi-deputat müxalifətə üzünü tutub, bildirib ki, “hansının cəsarəti çatır, gəlsin, gedək yenidən eyni dairədən namizədliyimizi verək, görək, kim nə qədər səs toplayacaq”.
Sosial şəbəkələr, saytlar 2010-cu ildəki seçki saxtakarlığını ifşa edən videogörüntülərlə dolu olduğu bir məqamda Siyavuş Novruzovun bu açıqlaması anekdot deyil, gülünclük də deyil; Hamının istədiyi an seyr etmək imkanı olan saxtakarlıq faktlarının qarşısında deyilən bu “cəsarətin” adı yoxdur. Çünki insanlıq tarixi hələ belə “cəsarətlə” üzləşməyib.
Siyavuş Novruzov dünya tibb elminin predmetinə çevriləsi unikal nüsxədir!