Üsyançılar diktatorun övladlarının «hakimiyyətin ötürülməsi» planını qəbul etmədilər
Liviyada gərginlik davam edir. NATO-nun komandanlığı altında koalisiya qüvvələrinə məxsus qırıcılar Qəzzafi rejiminin hərbi hədəflərinə hava zərbələrinin endirilməsini davam etdirib. Bu arada diktatora bağlı qüvvələr üsyançıların nəzarətindəki Misrata şəhərini bombalayıb.
Müxalifət sözçüsü “Reuters” agentliyinə açıqlamasında bildirib ki, Qəzzafi silahlıları səhər saatlarından başlayaraq, bir neçə saat ərzində Misrata şəhərini bombalayıb. O, üsyançılar arasında ölən və yaralıların olduğunu bildirib.
Qəzzafi rejiminə qarşı vuruşan üsyançıların Benqazidə qurduğu Müvəqqəti Milli Şura hakimiyyətin polkovnik Müəmmər Qəzzafidən oğluna ötürülməsi ideyasını rədd edib. “The New York Times” qəzetinin yazdığına görə, Qəzzafinin iki oğlu tərəfindən hazırlanan təklif üsyançıları qane etməyib.
Müvəqqəti Hökumətin sözçüsü Şəmsəddin Əbdülmelah deyib ki, belə bir təklif tamamilə qeyri-məqbuldur. O, Qəzzafi və onun oğlanlarının hər hansı diplomatik danışıqlar başlamadan hakimiyyətdən getməli olduqlarını söyləyib.
“The New York Times” qəzetinin xəbərində bildirilib ki, Qəzzafinin oğullarından ikisi atalarının hakimiyyətdən getməsi də daxil olmaqla, konstitusiyalı demokratiyaya keçid təklif ediblər. Qəzzafinin sözügedən oğlanlarından birinin Saif olduğu güman edilir.
Italiyanın xarici işlər naziri Franko Frattini isə Liviyanın Avropadakı nümayəndəsinin ölkəsində yaranmış böhranın çözümü üçün bir dənə də ağlabatan təklif vermədiyini bildirib. Onun sözlərinə görə, Qəzzafi rejimi müxtəlif ölkələrə, o cümlədən Yunanıstana, Maltaya elçilər göndərir, bir sıra təkliflər verirlər, lakin bu təkliflər tutarlı deyil.
İnformasiya şöbəsi