“Qarşımıza böyük dəyişikliklər hədəfi qoymuşuq, mübarizəmiz davamlı olacaq”
Əli Kərimli: «Qəddafinin, Hüsni Mübarəkin, Bəşir Əəsədin bəyanatlarını İlham Əliyev Azərbaycanda səsləndirir»
İsa Qəmbər: «Hakimiyyət inqilabla üzbəüz qalmaq istəmirsə, köklü islahatlara başlamalıdır»
İctima Palata növbəti aksiyasını aprelin 16-na keçirmək niyyətindədir. Bu barədə dünən keçirilən mətbuat konfransında bəyan olunub. İki aprel mitinqinin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirilib ki, İP-nın aprelin 9-da növbədənkənar sessiyası zamanı bu barədə müzakirə təşkil olunacaq.
Mətbuat konfransını giriş sözü ilə açan İP-nın KXCP-dən olan üzvü Ədalət Yusibov bildirdi ki, təmsil etdiyi qurum 2 aprel aksiyasını baş tutmuş hesab edir. İP-nın Koordinasiya Şurasının aprelin 9-na təyin olunmuş ssesiyasında mitinqlə bağlı son qərarın veriləcəyini deyən Ə.Yusibov qeyd etdi ki, digər bir qərarla isə aksiyada həbs olunanların hüquqlarının müdafiəsi üçün Müdafiə Komitəsi yaradılıb. Hüquqşünas Vidadi Mirkamal müdafiə komitəsinin rəhbəri təyin edilib.
2 aprel aksiyası qarşısına qoyduğu məqsədə yetdi
Daha sonra çıxış edən AXCP sədri Əli Kərimli də bildirdi ki, İP-nın Koordinasiya Şurası hesab aprelin 2-dəki aksiyanı son illərin ən kütləvi və ən effektli aksiyası sayır. Ə.Kərimli vurğuladı ki, aprelin 2-də əvvəlcədən nəzərdə tutulduğu kimi minlərlə insan həm siyasi, həm də sosial tələblərlə meydanlara çıxdı. Azərbaycan hökumətinin aksiyadan əvvəl tətbiq etdiyi bütün təzyiq vasitələrinin təsirsiz qaldığını deyən AXCP qeyd etdi ki, aksiyanın qarşısının alınması üçün ciddi tədbir görülsə də buna nail olunmadı: «Bu aksiyaların qarşısının alınması üçün çox ciddi tədbirlər görülmüşdü. Aksiyadan əvvəl müxalifət fəalları həbs olunurdu, yollar bağlanmışdı. Ölkədə bütün gün strukturları səfərbər olunmuşdu. Halbuki aksiyadan əvvəl elan edirdilər ki, ölkədə müxalifət yoxdur, möhkəm sabbitlik var. Amma yaşanan panikanın şahidi oldunuz. Səfərbər olunmuş minlərlə hüquq-mühafizə orqanlarının əməkdaşları belə, etiraz edən insanların qarşısını ala bilmədilər. Bizim kütləvi, dinc etirazlarımız Bakının demək olar ki, üç rayonunu əhatə elədi. Yüz minlərlə insan şahid oldu ki, minlərlə azərbaycnlı daha bu cür yaşamaq istəmir. Öz etirazlarını dinc və kütləvi şəkildə ifadə edirlər. Hesab edirik ki, İctimai Palatanın 2 aprel aksiyası qarşısına qoyduğu məqsədə yetib və bu aksiyalar davamlı olacaq».
Aksiya zamanı dövlət səviyyəsində cinayyət həyata keçirilib
Aksiyanın keçirilməsi dövründə hakimiyyətin növbəti dəfə insanları təccübləndirəcək bir sıra hərəkətlərə yol verdiyini deyən Ə.Kərimli vurğuladı ki, bir qrup şəxs tərəfindən aksiya keçirilən ərazidəki obyektlərin vitrinləri sındırılaraq, süni şəkildə ictimai asayişin pozulduğu görüntüsünü yaratmağa çalışırlar. Ə.Kərimli bildirdi ki, hazırkı texnalogiyanın inkişaf etdiyi, çoxlu sayda jurnalistlərin və adi vətəndaşların çəkiliş apardığı bir zamanda ayrı-aryı şəxslərin törətdiklərini başqasının boynuna qoymaq mümkün deyil: «Hakimiyyət yenə cəmiyyətə açıq hörmətsizlik edərək xuliqanlıq həyata keçirən adamları qorudu, onların həbs olunmalarına imkan vermədilər, hətta bəzi yerlərdə aksiya iştirakçıları özləri təxribatçıları zərərsizləşdiriblər. Amma onları sonradan polis tutmaqdan imtina edib. Bizdə olan məlumata görə, polis təqdim olunan təxribatçını buraxıb, onu təqdim edənləri döyməyə başlayıb. Ona görə də bunların hamısı təsdiq edir ki, Azərbaycanda iki aprel və sonrakı aksiyasının qarşısını almaq üçün müxalifət funksonerlərinin uzun müddətdə izollyasiya edilməsi üçün cinayət həyata keçirilib. Bu cinayət birbaşa hüquqmühafizə orqanlarının iştirakı ilə həyata keçirilib». Ə.Kərimli vurğuladı ki, əldə olan foto və videolara əsasən bu gün ciddi ittihamlar irəli sürülən şəxslərin heç birinin AXCP sədrinin müavini Fuad Qəhrəmanlının, Müsavatın İcra Aparatının rəhbəri Arif Hacılının, Müsavat Gənclər Komitəsinin sədri Tural Abbaslının, KXCP-dən Cavid Mehrəliyevin günahının olmadığı sübuta yetirilə bilər. Bundan başqa heç bir ittiham irəli sürülməyən AXCP İdarə Heyətinin üzvü Eldar Hüseynov, şöbə müdri Məhəmməd Məcidli, partiyanın fəalı Vüqar Qədirov hələlik polisdə saxlanılırlar.
Həsən Kərimovun həyatı hələ də təhlükə alıtındadır
Bu arada baş verən qanunsuzluqlardan birinin AXCP Ali Məclisinin sədri Həsən Kərimova qarşı tətbiq olunduğunu deyən Ə.Kərimli bildirdi ki, H.Kərimov hər zaman kütləvi aksiyaların fəalı olub. Amma partiya onun iki dəfə infarkt keçirməsini nəzərə alaraq xüsusi qərarla H.Kərimovun aksiyalarda iştirakına qadağa qoyub. Ali Məclisin sədrinin başqa bir neçə cəbhəçinin evində qonaq olduğunu deyən Ə.Kərimli qeyd etdi ki, H.Kərimovun aksiyada iştirakını sübut edən heç bir fakt yoxdur: «Nə qədər alçaq olmaq lazımdır ki, böyük faciələr yaşamış, xəstə adamın qapısının sındırasan, ona zor tətbiq edib, kiçik bir kameraya əli dörd nəfərin yanına yerləşdirəsən. AXCP müavini Nurəddin Məmmədli H.Kərimovun saxlandığı polis bölməsinə gedərək deyib ki, əgər ordakılar bəs etmirsə, sizə adam tutmaq lazımdırsa məni tutun. Amma bu adamın həyatı təhlükədədir. Ciddi xəbərdarlıq olunub ki, bu adamın kamerada saxlanılması təhlükəlidir. Amma bu xəbərdarlıqlara məhəl qoyulmayıb. Bu insanı o vəziyyətə çatdırıblar ki, o üçüncü infarkt vəziyyətinə gətirilib. Ondan sonra qorxub, özləri ambulansla xəstəxanaya gətiriblər. Utanmadan sonra yenə qapısının qarşısına polis qoyublar. Belə bir adam qalxıb hansısa cinayət edəcək». Hazırda H.Kərimovun Mərkəzi Klinik xəstəxanada olduğunu deyən Ə.Kərimli onun həyatına təhlükənin hələ tam aradan götürülmədiyini vurğulayıb. «Azərbaycan hökuməti maraqlı olmalıdır ki, Həsən Kərimova qarşı reallaşdırılan qanunsuz əməllər heç ormasa onun həyatının bitməsi ilə sonuclanmasın. Əllərindən gələni eləməlidirlər. Əks halda Həsən Kərimovun taleyinə görə məsuliyyəti bu hakimiyyət daşıyacaq. Heç olmasa vəziyyətin bir qədər düzəltsinlər. Özümüz onun Türkiyədə əməliyyat olunmasını təmin edəcəyik», deyə Ə.Kərimli vurğuladı.
Avtoritar liderlərin hamısı bir ağıldadır
Bundan başqa ötən müddət ərzində İP-nın aksiyalarının qarşısının alınması üçün aparılan çirkin kampaniyalara da toxunan Ə.Kərimli bildirdi ki, bununla hakimiyyət bir daha sübut edir ki, avtoritar liderlərin hamısı bir ağıldadır. Ərəb ölkələrində Qəddafinin, Hüsni Mübarəkin, Bəşir Əəsədin verdikləri bəyanatları İ.Əliyev və onun komandasının Azərbaycanda səsləndirdiklərini deyən AXCP sədri vuruğalıd ki, hakimiyyət heç nəyi öyrənmək, anlamaq istəmir: «Azərbaycan xalqı demokratiya uğrunda mübarizə başlayıbsa, hansısa böhtanlarla, şərlə Azərbaycan xalqının bu mübarizəsini dayandırmaq olmaz. Çox məmnunam ki, İctimai Palatanın keçirdiyi aksiyaya cəmiyyətin ən müxtəlif təbəqələri tərəfindən ciddi dəstək verildi. Birinci dəfə biz ona nail olduq ki, Azərbaycan müxalifəti xalqla faktiki olaraq birləşdi. Xalqın sıravi üzvləri, birbaşa siyasi proseslərə qoşulmayan ünmayəndələri müxalifətlə çiyin-çiyinə bu mübarizədə iştirak etdilər. Ona görə fürsətdən istifadə edib İctimai Palatanın bu aksiyasını dəstəkləmiş hər kəsə Koordinasiya Şurasının minnətdarlığını çatdırmaq istəyirəm. Bizim əvvəlcədən də fikrimiz belə idi ki, yalnız müxalifətin mübarizəsini aparmırıq: «Bu aksiyada İctimai Palataya daxil olmayan digər siyasi partiyaların üzvləri bizimlə çiyin-çiyinə oldular. Bundan sonrakı aksiyalarımızı da birlikdə olacaq. Əsas odur ki, cəmiyyət tərəfindən bizim aksiyanın tələbləri hamılıqla qəbul olunur. Ola bilısin ki, minlərlə adam mitinqə gəlməklə dəstəyini ifadə edib. Amma yüz minlərlə insan bu aksiyanın tələbləri ilə həmfikir olduğunu bəyan edib. Əvvəlcədən bəyan etdiyimiz kimi İctimai Palatanın başlatdığı bu mübarizə qısa müddətli və epizodik deyil. Biz qarşımıza böyük dəyişikliklər hədəfi qoymuşuq. Bizim mübarizəmiz davamlı olacaq. Bu cür təzyiqlərlə bizi mübarizədən yayındırmaq mümkün deyil. Bu repressiyalar xalqın mübarizə əzmini qıra bilməz. Aprelin 16-da növbəti aksiyamızı keçirəcəyik. Xalqdan gözləntimiz ondan ibarətdir ki, hər dəfə yeni-yeni kontingent bizim sıralarımıza qoşulsun. Azərbaycanda da demokratiya, azadlıq qalib gəlsin».
Proseslər yeni mərhələyə daxil olub
Müsavat başqanına söz verməmişdən öncə Ə.Yusibov bildirdi ki, martın 31-dən başlayan həbslər nəticəsində 185 nəfər saxlanılıb. Onlardan hazırda 31 haqqında həbs qəti-imkan tədbiri seçilib, 25 haqqında isə konkret olaraq sutkalıq məhkəmə hökmü var. Beş nəfərin yarqılanma prosesinin getdiyini deyən Ə.Yusibov vurğuladı ki, onlara qarşı əsasən tətbiq olunan maddələr ictimai asayişin pozulması və hakimiyyət təmsilçisinə qarşı zorun tətbiq olunması ilə bağlıdır. Haqqında ciddi yarqılanma aparılan şəxslər bunlardır – AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənli (döyüş sursatı saxlama), Fuad Qəhrəmanlı, Arif Hacılı, Tural Abbaslı, Cavid Mehrəliyevdir.
Daha sonra söz alan Müsavat başqanı İsa Qəmbər bildirdi ki, bu gün Azərbaycanda proseslər yeni mərhələyə daxil olub. Yeni mərhələdə İctimai Palatanın, hakimiyyətin və xalqın iştirak etdiyini deyən İ.Qəmbər vurğuladı ki, İP-nın mövqeyi tam aydın və konkretdir: «Parlament seçkiləri total saxtalaşdırıldıqdan sonra biz cəmiyyətin toparlanmasına başladıq. İlin sonunda qərar verildi ki, İctimai Palata yaradılır. İndiyə qədər İctimai Palatının üç sessiyası həyata keçirilib. İlk sessiyada hədəflərimiz dəqiq müəyyənləşəndən sonra hakimiyyətə bildirdik ki, əgər inqilabla üzbəüz qalmaq istəmirsə, islahatlara başlasın. Beynəlxalq birliyi də mövqeyimiz çatdırıldı və bəyan olundu ki, Azərbaycan xalqı demokratiyaya hazırdır və azad yaşamaq istəyir. Çünki Azərbaycan xalqı demokratik şəraitdə yaşamağa təcrübəsi olan və buna layiq bir xalqdır. Əminəm ki, tezliklə Azərbaycan xalqı yeni mərhələdə də tarix boyu demokratiyaya hazır olduğunu sübut edəcək».
Yeni mərhələdə martın 11-də gəncliyin ilk etiraz aksiyasını keçirməsini xatırladan İ.Qəmbər İP olaraq bu aksiyanı yüksək qiymətləndirdiklərini vurğuladı. Daha sonra yenə İP-nın dəstklədiyi martın 12-də Müsavat Partiyasının aksiyasının keçirildiyini deyən Müsavat başqanı aprelin 2-də isə son dövrün ən möhtəşəm etiraz aksiyasına imza atıldığını söylədi: «Bu proses, mübarizə davam edəcək. Azərbaycan xalqı bu vəziyyətlə razı deyil və onu mütləq dəyişəcək. Heç kimin bunda şübhəsi olmasın. Qərarlı və hədəfə doğru irələyən İctimai Palatadan fərqli olaraq çaşqınlıq içərisində olan hakimiyyət var. Onların atdıqları addımlara, verdikləri bəyanatlara fikir versəniz, məntiqsizliyi ziddiyyəti görəcəksiniz. Hakimiyət nə edəcəyini bilmir. İlham Əliyev başda olmaqla hakimiyyət hesab edir ki, bu cür repressiyalarla xalqın gözünü qoruxtmaq olar. Bu xam xəyaldır. Hazırda həbsdə olan və azadlığa çıxan dostlarımız deyir ki, mübarizənin tempini aşağı salmaq olmaz. Növbəti aksiyanı mümkün qədər tez keçirmək lazımdır».
İ.Qəmbər hesab edir ki, amma yaranan vəziyyətdən çıxış yolu var. Hakimiyyət təxirə salınmadan həm mitinqdə həbs olunanları, həm də ölkədəki bütün vicdan məhbuslarını azad etməlidir. Hakimiyyətin bundan başqa ilk növbədə sərbəst toplaşmaq azadlığını təmin etməli olduğunu deyən İ.Qəmbər vurğuladı ki, bütün bunlardan sonra İP-nın irəli sürüdüyü əsas tələblər həyata keçirilməlidir. Onlardan ən başlıcası saxta parlamentin buraxılması və yeni demokraik seçkilərin keçirilməsidir. «Hakimiyyət əvvəl-axır ya bu addımları atmaba məcbur olacaq. Ya da bu addımlar onlarsız həyata keçiriləcək. Hakimiyyət bunu dərk etməlidir. Hakimiyyət başa düşməlidir ki, bu dövrün zərurətidir. İnqilabla üzbəüz qalmaq istəmirlərsə, köklü islahatlara başlamaq zamanıdır. Azad dünyaya qarşı mövqe tutan diktatorlar da hakimiyətdən gedib. Burada söhbət demokratiyadan gedir», deyə İ.Qəmbər vurğuladı.
Budurmu dövlətçilik?
Ictimai Palatanın üzvü Mehriban Vəzir 2 aprel aksiyasında qadınlara qarşı nalayiq rəftara toxundu və bildirdi ki, bütün bunlar hakimiyyətin əsl xislətini göstərir: “Azərbaycan, qadınların siyasi hüquqlarının qorunması və qadınlara qarşı zorakılığı qadağan edən beynəlxalq konvensiyalara qoşulub. Amma bütün bunlara baxmayaraq, 2 apreldə xanımlar zorakılıqla üzləşdilər, saçlarından tutulub sürükləndilər. Mən Ramil Usubovdan soruşuram: budurmu dövlətçilik, mənəviyyat? Qadınlara qarşı bu davranış insanlıqdan kənar hərəkətdir. Azərbaycan qadını digər vətəndaşlar kimi azad seçki istəyir”.
“Polislərin zorakılığı hakimiyyətin əxlaq səviyyəsini göstərir”
Həbs olunanların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri, tanınmış vəkil Vidadi Mirkamal bildirdi ki, tanınmış ictimai-siyasi xadimlərin, ziyalıların daxil olduğu müdafiə komitəsinə üzvlük açıq saxlanılır. Yəni, istəyən şəxslər bura üzvlüklə bağlı müraciət edə bilərlər.
2 aprel aksiyasında həbs olunan 26 nəfər haqqında məhkəmə hökmünün olduğunu deyən V.Mirkamal qeyd etdi ki, onlardan 9-nun heç bir siyasi mənsubiyyəti yoxdur. Onlar sırasında IP-in Koordinasiya Şurasının üzvü Köçəri Nağıbəyli və Vidadi Isgəndərli də var: “Dövlət öz vətəndaşlarını müdafiə etməlidir. Amma dövlətin öz vətəndaşlarına qarşı nümayiş etdirdiyi terror məcbur edir ki, onların hüquqlarının müdafiəsilə ciddi məşğul olunsun. Əgər aksiyanı həbs olunan 350 nəfər etmək istəyirdisə, o zaman buna şərait yaradılması daha məntiqli olardı. Deməli, yaranmış situasiya onu göstərir ki, əslində, dövlət sabitliyin qorunmasında maraqlı deyil. Digər tərəfdən, aksiyada polislərin yol verdiyi zorakılıq hakimiyyətin əxlaq səviyyəsini göstərir. Unutmasınlar ki, təsir əks-təsirə bərabərdir”.
“Hakimiyyət öz əxlaqına uyğun mübarizə metodlarından istifadə edir”
Vidadi Mirkamal həmçinin son vaxtlar müxalifətə, konkret olaraq, Əli Kərimliyə qarşı hökumətin apardığı qeyri-əxlaqi kampaniyaya da toxundu: “Mən dövlət başçısı və onun ətrafındakı şəxslərin apardığı qeyri-əxlaqi mübarizədən də danışmaq istəyirəm. Onlar öz əxlaqlarına uyğun mübarizə metodlarından istifadə edirlər. Dövlət başçısına, onun ətrafında olanlara demək istəyirəm ki, ağıllı olun. Öz əxlaqınıza uyğun mübarizə aparmayın. Əksinə, öz əxlaqınızı cəmiyyətin əxlaqına yaxınlaşdırın, ona uyğunlaşdırın. ”WikiLeaks” saytında hakim ailə barəsində bir sıra məlumatlar yer almışdı. Amma müxalifət həmin məlumatlardan bu ailənin biabır olması üçün istifadə etmədi. Əgər mübarizə normal ictimai-siyasi müstəvidən çıxsa, bu halda hakimiyyətdəkilərin özlərinə qarşı da bu cür mübarizə üsulundan istifadə oluna bilər. Amma bunu istəməzdim. Yəqin heç kim istəməzdi”.
Xəyal