Mitinqdə tutulan 2 AXCP-çi itkin düşüb

Eldar Hüseynov

Partiya Eldar Hüseynovla Vüqar Qədirovun taleyi ilə bağlı bəyanat verdi

 

 

İctimai Palatanın 2 aprel mitinqində həbs olunanlardan iki nəfərin taleyindən hələ də xəbər yoxdur. Bunlar AXCP Rəyasət Heyətinin üzvü Eldar Hüseynov və bu partiyanın üzvü Vüqar Qədirovdur.
AXCP bununla bağlı xüsusi bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, saxlanılan başqa mitinqçilər Eldar Hüseynovun və Vüqar Qədirovun Səbail Polis İdarəsinə gətirildiyini görüblər. Lakin onların taleyi barədə hər hansı rəsmi məlumat almaq mümkün olmayıb: “Yaxınları və vəkilləri nə qədər səy göstərsələr də Eldar Hüseynovla Vüqar Qədirovdan xəbər ala bilməyiblər. Polis onların harada saxlandığını etiraf etmir, onlara aparılan yemək qəbul olunmur, yaxınlarının və əllərində vəsatətləri olmasına baxmayaraq vəkillərinin onlarla görüşünə imkan verilmir”.
AXCP bəyan edir ki, yaranmış vəziyyət Eldar Hüseynovla Vüqar Qədirovu polisin faktiki itkin salmasından başqa bir şey deyil. Partiya narahatdır ki, onlar saxlanılarkən xüsusi qəddarlığa məruz qalıblar və polis onların vəziyyətini ictimaiyyətdən gizlətmək üçün belə edir. Hətta onların həyatlarına təhlükə yarandığı da ehtimal olunur.
AXCP Azərbaycanın siyasi hakimiyyətindən, hüquq-mühafizə orqanlarından, xüsusən də Daxili İşlər Nazirliyindən yaranmış vəziyyətə müdaxilə etməyi, bu 2 nəfər partiya fəallanın taleyi barədə rəsmi və ağlabatan izahat verməyi tələb edir.