“Azadlıq”ın əməkdaşı oğurlandı və döyüldü

Ramin Dekonu əvvəl oğurlayıb “başa saldılar; bir gün sonra isə vəhşicəsinə döydülər

“Azadlıq” qəzetinin reportyoru Ramin Deko aprelin 3-də naməlum şəxslər tərəfindən oğurlanaraq 7 saat girov saxlanılıb. Dünən axşam saatlarında isə o, işdən çıxarkən Azərbaycan Nəşriyyatının yaxınlığında vəhşicəsinə döyülüb və təhqir olunub.
Başına gələnlər barədə danışan Ramin Dekonun sözlərinə görə, aprelin 3-də səhər saat 10.00 radələrində üç nəfər mülki geyimli ona yaxınlaşaraq, səs-küy salmadan maşına əyləşməyi tələb edib: “Aprelin 2-də mitinq başa çatandan sonra işə qayıtdım. Məlum oldu ki, Səbayel Rayon Polis Idarəsində həmkarlarımızdan Şahvələd Çobanoğlu və onlarla mitinq iştirakçısı saxlanılıb. Işimi tez yekunlaşdırıb polis idarəsinin qarşısına getdik. Təxminən üç saatdan sonra onların bir çoxunu azad etdilər. Idarədə olan beş nəfər barəsində cinayət işi açıldığı üçün onların azad edilməyəcəyi xəbərini aldıq. Gec olduğundan Qan Turalıgilə getdim. Səhər saat 10 radələrində köşkdən qəzet alıb evə gedən zaman üç mülki geyimli şəxs mənə yaxınlaşıb, onlarla gedəcəyimi dedi. Əvvəlcədən də xəbərdarlıq elədilər ki, ”boş yerə səs-küy salma, istənilən halda aparacağıq”. Kim olduqlarını soruşdum, dedilər ki, “sonra bilərsən”. Məni ağ rəngli “VAZ-2107″ markalı maşına mindirdilər. Telefonla zəng eləmək istəyəndə əlimdən alıb söndürdülər. Heç bir problem olmayacağını, tezliklə buraxacaqlarını söylədilər. Yol boyu niyə bu qədər aktiv olmağımdan, insanları etiraza səsləməyimdən, sosial şəbəkələrdə hakimiyyət əleyhinə statuslar yazmağımdan danışdılar. Izah etməyə çalışırdılar ki, guya, bütün bunlar yaxşı hərəkət deyil, dövlətçiliyə ziyandır və s”.
Ramin Dekonun sözlərinə görə, onu Maştağa istiqamətinə aparıblar: “Açığı, birinci dəfə idi ki, o yerlərdə olurdum. Orada da eyni məzmunlu söhbət etdilər. Bir qədər də irəli gedib Heydər Əliyev və onun Azərbaycan üçün elədikləri haqda danışdılar”.

“Ağıllı ol!..”

Reportyorun sözlərinə görə, ona ağıllı olmağı məsləhət görüblər: “Məsləhət kimi bildirdilər, ”Azadlıq”dansa, “Yeni Azərbaycan”da, “Xalq qəzeti”ndə işləmək daha məqbuldur. Təxminən 4 saata yaxın söhbətdən sonra məni geri qaytardılar. Qaytaranda da yol boyu “ağıllı olmaq” barədə məsləhət verirdilər”.

“Bunu yaz, bunu yazma…”

Ramin Deko deyir ki, onu Ziya Bünyadov prospektində (köhnə Karl Marks) düşürüblər: “Yenidən qoluma iki nəfər girib yaxınlıqdakı Naxçıvani küçəsinə apardılar. Telefonumu qaytarıb, geri döndülər”.
Jurnalist onu da qeyd etdi ki, ona qarşı fiziki təzyiqə yol verilməyib.

Ramin Dekonu döydülər

Dünən axşam saatlarında Ramin Deko “Azadlıq”ın redaksiyasını tərk edəndən az sonra yenidən onun döyülməsi xəbəri gəldi. Hadisə, jurnalist işdən çıxıb metronun “Elmlər Akademiyası” istiqamətində gedərkən baş verib. Elmlər Akademiyası bağının yaxınlığında 2 naməlum şəxs qəfildən ona hücum edərək, döyməyə başlayıb. Onu yerə yıxaraq, təpiklə bədən və baş nahiyəsinə vurublar. Döyə-döyə də bunları deyiblər: “Axı sənə dedik ki, ağıllan!”
Jurnalistin sözlərinə görə, onu döyə-döyə müxalifət liderlərinin də adlarını çəkiblər: “Vurduqca deyirdilər ki, bu, Əli Kərimlinin payı, bu, Isa Qəmbərin payı, bu, Pənah Hüseynin payı, bu Qənimətin payı, bu da Raufun…”
Ramin Deko onu döyənlərin təhqirlərinə də məruz qalıb. Jurnalist hesab edir ki, onun döyülməsi, aprelin 3-də oğurlanmasının davamıdır.

“Azərbaycanda hakimiyyət yalnız kriminal qaydaları tanıyır”

“Azadlıq”ın baş redaktoru Qənimət Zahid də baş verənlərlə bağlı fikirlərini bildirib. Baş redaktor deyir ki, Ramin Dekonun döyüləcəyini gözləyirdi: “Buna şübhəm yox idi. Əgər onunla kriminal etiketlərə uyğun şəkildə söhbət aparılmışdısa və o, bu söhbəti qəbul etməyərək onu ictimailəşdirmişdisə, döyülməli, ola bilsin, hətta öldürülməli idi. ”Azadlıq”ın əməkdaşlarından daha biri bugünlərdə daha pis formada döyüləcək, ya da öldürüləcək”.
Qənimət Zahidin sözlərinə görə, Azərbaycanda hakimiyyət yalnız kriminal qaydaları tanıyır və bu qaydalar üzrə hərəkət edir: “Mən Deko ilə bağlı son olaylara təəccüblə yanaşmıram. Bu Azərbaycanda hakimiyyətin siyasi mahiyyətinin olmamasının daha bir təsdiqidir. Daha bir arqumentdir ki, Azərbaycanda hakimiyyət məhz kriminal əsaslarda təşəkkül tapıb və yalnız cinayətkarlıqla məşğuldur”.

“Azadlıq”