Daxili işlər naziri də üsyançıların tərəfinə keçdi
Liviyada Qəzzafi rejiminə qarşı beynəlxalq koalisiyanın hərbi əməliyyatları davam edir. Əcdəbiyyə şəhərinə nəzarət edən üsyançıların təmsilçisi bildirib ki, Breqada neft emalı zavoduna dünən gecə NATO-ya aid qırıcılar hava zərbələri endirib. Hava şəraitinin uyğun olmaması səbəbindən hədəfin düzgün müəyyənləşdirilməməsi nəticəsində atılan bombalar üsyançıların sığındığı bazaya düşüb. Nəticədə 13 nəfər həlak olub.
Diktatora növbəti zərbəni Qəzzafi rejiminin daxili işlər naziri Əbdül Fəttah Yunis vurub. O, tutduğu postdan istefa verərək üsyançıların tərəfinə keçib. Üsyançıların Bureyka şəhərindəki qərargahına gələn keçmiş nazir alqışlarla qarşılanıb. “Əl-Cəzirə” kanalının verdiyi məlumata görə, Qəzzafi rejiminin daha iki yüksək vəzifəli şəxsi üsyançıların tərəfinə keçməyə hazırlaşır. Kəşfiyyat naziri, xarici işlər nazirinin müavini və parlamentin sədri Tunisə getməyi planlaşdırır.
Bu arada ABŞ Müdafiə Nazirliyi açıqlama verərək bu gündən etibarən “Tomahavk” tipli raketlərin köməyilə Liviyadakı obyektlərin vurulmasının dayandırılacağını bildirib. Bütün bu addımlar prezident Barak Obamanın ABŞ HHQ və HDD-nin Liviyadakı əməliyyatda iştirakını azaltmaq barədə qərarına əsasən atılıb.
Pentaqon təmsilçisi onu da vurğulayıb ki, əgər Liviyada vəziyyət pisləşsə və NATO Pentaqondan yenidən öz qüvvəsini Liviyadakı əməliyyata cəlb etməyi xahiş etsə, ABŞ hərbçiləri yenə də əməliyyatlara qatılacaqlar.
Üsyançıların atəşkəs təklifini isə Liviya hökuməti rədd edib. Bu barədə Liviya diktatoru Müəmmər Qəzzafinin rəsmi nümayəndəsi Musa Ibrahim bildirib.
İnformasiya şöbəsi