Azərbaycanda nə qədər uşaqpulu verilir?

Bu göstəriciyə görə ölkəmiz dünyada axırıncıdır

Rəsmilər Azərbaycan hökumətinin yalnız əhalinin sosial rifahına yönəlmiş addımlar atdığını, bu istiqamətdə müxtəlif proqramlar həyata keçirdiyini deyir. Eyni zamanda Azərbaycanın artıq inkişaf etmiş ölkələrlə bir sırada dayandığını deyən hökumət təmsilçiləri regiondakı liderlikdən həvəslə danışır. Lakin kiçik araşdırma deyilənlərin yalan olduğunu ortaya qoyur. Artıq bir neçə gündür qəzetimizdə təqaüdlər, həkim və müəllimlərin, o cümlədən polislərin əmək haqqını başqa dövlətlərdəki həmkarlarının maaşı ilə müqayisə edirik. Nəticədə əksər göstəricilərə görə nəinki inkişaf etmiş, hətta kasıb ölkələrdən də geridə qaldığımız bəlli olur.
Əhalinin aztəminatlı hissəsinin durumu isə daha acınacaqlıdır. Görünür, korrupsiyaya qarşı mübarizəyə başladığını bəyan edən hökuməti 85 manata yaşayan təqaüdçünün, 150-200 manat əmək haqqı alan həkim və müəllimin rifahı narahat etmir. Əks halda vəziyyətin yaxşılaşdırılması üçün addımlar atılardı. Bir daha xatırladaq ki, Azərbaycanda rəsmi statistikaya əsasən yaşayış minimumu 95 manat, müstəqil ekspertlərin hesablamasına görə isə 168 manat təşkil edir.
Bu dəfə uşaqlar üçün nəzərdə tutulan müavinətlərə nəzər salacağıq. Azərbaycanda hər doğulan uşağa 75 manat birdəfəlik müavinət verilir. Bununla da dövlətin uşağa qayğısı bitir. Bəs digər ölkələrdə bu sahədə vəziyyət necədir?

Ermənistan yenə də öndədir

Başlayaq qonşu ölkələrdən. Rusiyada bir uşaq üçün müavinət 400 dollardan artıqdır. Hər bir uşaq 18 yaşına qədər bu pulu ala bilir. Ailədə uşaqların sayı artdıqca bu pulun da həcmi artır. 
Azərbaycan rəsmiləri ölkədəki durumu Ermənistanla müqayisə etməyi xoşlayır. Bu ölkədə əgər birinci və ikinci uşaq üçün 135 dollar müavinət verilirsə, üçüncü uşağın doğulması ilə məbləğ 1200 dollara çatır. 18 yaşına çatana qədər hər bir uşaq dövlətdən ayda 95 dollar alır. Qeyd edək ki, bu ölkədə yaşayış minimumu 70 dollar təşkil edir. Digər MDB ölkələrində Azərbaycanla müqayisədə vəziyyət xeyli fərqlidir. Ukraynada ailədəki birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar müavinət nəzərdə tutulub. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 714 dollar məbləğində müavinət ödəyir. Bularusda isə birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin beş misli, digər uşaqlara görə isə yeddi misli qədər müavinət verilir. Bu ölkədə hətta övladlığa götürülən uşağa görə də dövlət müavinət nəzərdə tutub. Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir.

Avropaya çatmağa çox var

Digər sahələrdə olduğu kimi bu məsələdə də inkişaf etmiş ölkələrlə Azərbaycan arasında fərq olduqca böyükdür.
Məsələn, Latviyada hər doğulan uşağa görə ailəyə 560 avro müavinət verilir.
Avstriyada birinci uşağın 10 yaşına qədər ailə 130 avro, 19 yaşına qədər 153 avro, ikinci uşağa görə müvafiq olaran 144 və 165 avro, üçüncü uşağa görə 166 və 188 avro, dördüncü uşağa görə isə 181 və 203 avro müavinət alır. Uşaq ali məktəbə qəbul olunduğu halda müavinət 27 yaşa qədər ödənir.
Almaniyada üç yaşına qədər hər bir uşağa ayda 270 avro pul verilir. Uşağın bir yaşından isə onun adına ipoteka krediti sənədləşdirmək mümkündür.
Fransada hətta uşaq dünyaya gəlməmiş anası ona görə müavinət alır. Belə ki, birinci hamiləliyin 5-ci ayından uşağın 3 aylığına qədər 109 avro, ikinci uşağı gözləyən anaya isə 130 avro müavinət verilir. Əgər ailədə üçüncü uşağın doğulması gözlənilirsə, onda hamiləliyin dördüncü ayından uşağın 3 yaşına qədər ailə dövlətdən 975 avro pul alır. Bundan əlavə, hər bir uşaq 18 yaşına qədər dövlətdən müavinət alır. Iki uşaq üçün bu, 680 avro, üç uşaq üçün 1550, dörd uşaq üçün 2420, beş uşaq üçün 3300 avro təşkil edir. Əgər uşaqların sayı altıdan çoxdursa, onların hər birinə görə 870 avro ödənilir. 10 yaşdan 15 yaşa qədər olan uşaqların hər biri üçün əlavə 192 avro, 15 yaşdan yuxarı uşaqlar üçün isə əlavə 339 avro pul ödənir.
ABŞ-da hər uşağa görə aylıq müavinət təxminən 680 dollar təşkil edir. Hər ştatda bu göstərici bir qədər fərqli ola bilər. 
Böyük Britaniyada isə uşağa görə müavinət 500 funt sterlinqdən artıqdır.
Isveç hökuməti isə hər uşağa görə 185 dollar müavinət ödəyir. Bu müavinət uşağın 18 yaşına qədər ödənir. Üçdən artıq uşağı olan ailələr üçün əlavə müavinət də nəzərdə tutulub.
Israil dövləti isə birinci uşağa görə 325 dollar, əkizlərə görə 1600 dollar birdəfəlik müavinət ödəyir. Əgər uşaqlar üçəm olsa, bu məbləğ 2500 dollara qədər artır. Hər uşağa görə isə ayda 180 dollar müavinət verilir. Boşanmış ailələrdə bu göstərici 725 dollar təşkil edir. 
Finlandiyada isə hər doğulan uşağa görə anaya bir neçə yüz avroluq paket təqdim edilir. Bu paket bir yaşına qədər uşağın bütün xərclərini ödəyir.
Polşada uşağın 18 yaşına qədər dövlət ailəyə 125 dollar pul verir.
Isveçrədə isə bu göstərici 345 dollar təşkil edir.
Avstraliyada isə hər bir uşaq 18 yaşına qədər dövlətdən 540 dollar pul alır.

Qəzzafinin uşaqlara qayğısı Əliyevdən artıq olub

Sosial tələblərə görə üsyanların baş verdiyi ərəb ölkələrində də vəziyyət Azərbaycanla müqayisədə xeyli yaxşıdır. Tunisdə 400 dollardan aşağı müavinət yoxdur. Liviyada isə hər doğulan uşağa görə dövlət 7000 dollar pul ödəyir.
Birləşmiş Ərəb Əmirliyi isə bu göstəriciyə görə dünyada hamıdan öndədir. Bu ölkədə 20 min dollardan aşağı müavinət yoxdur.

Fizzə Heydərli