“2011-ci il diktatorların qənimidir”

Həbib Müntəzir: «Müasir inqilablar internetdən başlayır və küçələrdə başa çatır»

“Azadlıq”da yeni layihə: FACEBOOK»DAN DÜNYAYA

 

“Azadlıq”da yeni proyekt. Bu dəfə “Azadlıq”ın oxucularına “Facebook” və digər sosial şəbəkələrdəki ictimai-siyasi polemikalara, bir növ, moderatorluq edən Azərbaycan gənclərini təqdim edirik. Ilk qonağımız internet istifadəçilərinin çox yaxşı tanıdığı fəallardan biri olmalıdır – Həbib Müntəzir. Internet televiziyasının fərqli modelini cəmiyyətə təqdim edən azərbaycanlı gənc…

– “Facebook”da qeydiyyatdan keçdiyiniz ad real addırmı? Əgər real deyilsə, gerçək adınızı sirr kimi saxlayırsınız? Bəs bizə necə, deyə bilərsinizmi?
– Bəli, adım real olaraq da, virtual olaraq da Həbibdir. Amma məni daha çox ləqəbimlə, yəni “Müntəzir” olaraq tanıyırlar. Müntəzir ərəbcədən tərcümədə “intizarda olan”, “gözləyən” mənasındadır. Dünyada, əsasən də vətənimdə ədalətin, haqqın, azad cəmiyyətin intizarındayam. “Facebook” və digər sosial şəbəkələrdə həm özünüifadədə, həm də qarşı tərəfin səni ciddi qəbul etməsi üçün daha çox real ad və soyaddan, fotoşəkildən istifadə olunması məqsədəuyğundur. Lakin Azərbaycan kimi qapalı və basqılı cəmiyyətlərdə insanların əksəriyyəti azad fikrini ifadə etməkdə çətinlik çəkdiklərindən, təhdidlər və zorakılığa məruz qalmamaq üçün bu kimi psevdonim və ya nikneymlərdən (nickname) istifadəyə üz tuturlar. Bu da mənfi niyyət və fəaliyyət olmadıqca normal qarşılanmalıdır.
Tin söhbətləri tutarlı olanda…

– Sirr deyilsə, tərcümeyi-halınız barədə ətraflı məlumat verərsinizmi? Indiki iş yeriniz də daxil olmaqla…
– Bunu məndən başqa çoxları bildiyinə görə sirr deyil, təbii ki… Həbib Füzuli oğlu Abdullayev, 1983-cü ildə Bakı şəhərində, müəllim ailəsində dünyaya gəlmişəm. Orta məktəbi bitirdikdən sonra Qərb Universitetində “Kompüter elmləri” fakültəsinə daxil olmuşam. Atam güləş müəllimi, eyni zamanda güləş üzrə beynəlxalq dərəcəli hakim olmaqla yanaşı, həm də 1988-ci il meydan hərəkatından başlayaraq, 1998-ci ilə qədər aktiv siyasi fəaliyyətlə məşğul olub. Bu ərəfədə iki dəfə siyasi məhbus olub. Ikinci həbsi zamanı Azərbaycanı məcburi şəkildə tərk edib. Həbs müddəti başa çatmadan vətəni tərk etdiyinə görə mən və ailəm təhdidlərə məruz qalmışıq. Daha çox atama görə Azərbaycandakı rejim tərəfindən təhdid edildiyim üçün atamdan 2 il sonra mən də vətəni tərk etmək məcburiyyətində qaldım. Hazırda Almaniyanın paytaxtı Berlin şəhərində siyasi mühacir olaraq yaşayıram.
Azərbaycan internet məkanında ilk siyasi-satirik elektron jurnalın yaradıcılarındanam. E-jurnal “tinsohbeti.com” adı ilə 2005-ci ildən fəaliyyətə başlayıb. Müxtəlif karikaturalar, real şəkillər, video-audio materiallarla yanaşı, həmçinin ciddi materialların toplandığı bloq saytı, bir növ, o illərin “WikiLeaks”i adlandırmaq olardı. Sərt siyasi-satirik tərzdə olduğu üçün hakimiyyət tərəfindən dəfələrlə Azərbaycan sərhədləri daxilində e-jurnal qadağan olundu. Bir neçə dəfə hakerlər tərəfindən sayt çökdürüldü, e-maillərim qırıldı. Hətta rejim “Yahoo” şirkətinə şikayət edərək “tinsohbeti.com” domeininin əlimdən alınmasına nail oldu. 2008-ə qədər davam edən sayt sonda mənim Bakıdakı qohumlarıma təzyiq və təhdidlər nəticəsində tamam dayandırıldı. Daha sonra sosial şəbəkələrdə eyni materialların davamını yaymaqla fəaliyyətimi davam etdirirəm.
Özüm saytların hazırlanması, “Wordpress”, “Coomla” və bu kimiÿ CMSÿxidməti göstərən sistemlərin yığılması və dizaynerliklə də məşğulam. Eyni zamanda digital satalit antenalar vasitəsilə kompüterdə müxtəlif kanallarınÿ DVB-S sistemi sayəsində qeyd olunması – buna virtual məkanda RIP deyirlər – ilə də məşğulam. Bir sözlə Ripperəm.
Həmçinin Azərbaycan internet məkanında ilk olaraq, canlı televiziya olan online “fərq tv” (www.ferq.tv) qurucularından biriyəm. Hazırda həmin layihəm davam etməkdədir. Bir sözlə internet biznesli şəxsi saytlarım vasitəsilə gündəlik xərcimi qazanaraq, həyatımı sürdürürəm.
Bu arada müxtəlif nəzm-nəsr növlərində cızmaqaralarım da az deyil. Bir ara özümü yeni əsrin şairciyi adlandırırdım. Sonradan müasir şairləri görəndə bu işdən vaz keçmiş kimi oldum. Aktiv siyasi bloqçu kimi də fəaliyyətim davam etməkdədir.

“Sarsılmaz virtual sosial dünyam”

– “Facebook” sənin üçün nədir? Onu necə qəbul edirsən və dəyərini nədə görürsən?
– Şəxsən mənim üçün “Facebook” virtual məkanımın ayrılmaz bir parçasıdır. Və ümumilikdə bizim kimi cəmiyyətlər üçün hava-su kimi lazımlı dəyərdir. “Facebook” azadlıq məkanıdır, fikirlərin, ehtirasların hayqırtısıdır. Stresin, yığılmış etiraz ruhunun atılması, boşaldılmasıdır. Mən bəlkə də, siyasi yöndən qiymətləndirirəm, amma indiki məqamda başqa cür qiymətləndirmənin mənim üçün elə bir əhəmiyyəti yoxdur. Təbii ki, mən təkcə “Facebook” vasitəsilə deyil, “Twitter” sosial şəbəkəsindən istifadə edərək də fikirlərimi və düşüncələrimi paylaşıram. “Twitter”i daha çox mikrobloq adlandırardım. Bir neçə aydır ki, bunların hər ikisi ayrılmaz parçalar olaraq mənim virtual sosial dünyamı təşkil edir. Indi “Facebook”da 4 minə yaxın, “Twitter”də isə min üzv məni izləməkdədir. “Twitter”in Azərbaycan bölməsində ilk 10 ən çox izlənilənlər sırasındayam.

– Neçə “Facebook” hesabınız var?
– Bir. Inanın, elə birini istifadə etmək o qədər vaxt və enerji aparır ki, ikincisi olsa belə, çatdırmaram. Birdən çox istifadə edənlərə isə normal yanaşıram. Amma bir şərtlə ki, o insanlar kimlərisə aldadıb, həmin o ikinci profilin, hesabın arxasında gizlənməsinlər. Əslində, bu mövzunu uzatmaq olar amma cansıxıcı olacaq. Ikinci və daha çox hesabdan mənfi niyyətlə istifadə edənlər özləri də yanlış etdiklərinin fərqindədirlərsə, məncə məsələ aydındır.

– Başqa sosial şəbəkələrdə varsınızmı?
– Yuxarıda da qeyd etdiyim kimi, “Twitter”dən istifadə edərək “Facebook”da aktivlik nümayiş etdirirəm. Hər ikisi arasında tənzimləmələrdən istifadə edərək əlaqə qurmuşam. Həm də “MySpace”, “Yahoo”, “Google Buzz”, “Odnoklassniki” və s. bu kimi sosial şəbəkə saytlarında qeydiyyatdayam. Amma demək olar ki, istifadə etmirəm.

– “Facebook”da qazandığınız dostları gerçək həyat dostlarına çevirə bilirsinizmi?
– Tək “Facebook”da deyil, ümumilikdə virtual məkanda qazandığım dostları real həyatda bacardığım qədər gerçəkləşdirməyə çalışıram. Əfsus ki, vətənə gedə bilmədiyim üçün onlar buralara gələndə və ya mən digər dövlətlərə səyahətə, qonaq gedəndə tanışlıq baş verir. Məsələn, ən son Kopenhagen və Malmü şəhərlərində oldum. Bir neçə nəfər yaxınlaşdı ki, biz səninlə “Facebook”da dostuq və fəaliyyətini izləyirik. Şəbəkələşmə və tanışlıq baxımından həqiqətən də “Facebook”un rolu danılmazdır.

“Facebook uduzmur, udur!”

– “Facebook”da itirdiyiniz vaxt peşə fəaliyyətiniz üçün itki sayıla bilərmi?
– Mənim üçün sayılmır, çünki elə peşə fəaliyyətim də birbaşa internetlə əlaqəlidir. Ona görə çoxları deyir ki, nə vaxt baxırıq, internetdəsən, sənin işin-gücün yoxdur? Deyirəm var, pulumu internetdən çıxarıram.

– Siyasətə nə zaman qoşuldunuz?
– 1988-ci ildə, atamla bərabər desəm, məncə heç kimi aldatmaram. Uşaq vaxtı atam mənə kommunist rejiminə və ermənilərə qarşı şeirlər, şüarlar öyrədirdi. Şüarlardan yadımda qalanları da var: “Qarbaçov faşist” və “Azadlıq” idi. Ağlım kəsəni, evdə siyasi diskussiyaları dinləmişəm, televiziyada ancaq siyasi verilişləri izləmişik. Milli Məclisdə baş verən müzakirələri,ÿ ANS-in bir zamanlar “Nəzər nöqtəsi”, “Ən yeni tarix” kimi qalmaqallı verilişləri və s. seyr edərək böyümüşəm. Məktəbdə oxuyanda isə “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə abunə idim.

– “Facebook”dakı fəaliyyətinizi siyasi fəaliyyət sayırsınızmı?
– Bəli, zatən mənim istər “Facebook”da, istərsə də digər platformalardakı bütün fəaliyyətim siyasi-ictimaidir. Hətta bəzən qeyri-siyasi statuslar yazanda “Facebook” dostlarım təəccüblə və çox ciddi şəkildə soruşurlar ki, “Həbib, səndən nə əcəb, yaxşısanmı?!”

Sosial şəbəkələrin inqilabı…

– “Facebook” müzakirələrini ciddi siyasi müzakirə sayırsınız, yoxsa “vaxt öldürmək”?
– Çox-çox ciddi və siyasi müstəviyə təsir edəcək müzakirələr hesab edirəm. Və ona da əminəm ki, qısa bir zamanda siyasi qərarlar, məsləhətlər, təkliflər belə, orada qəbul olunacaq. Necə ki, Yaxın Şərqdə və Şimali Afrikada baş verən inqilablarda, dəyişikliklərdə “Facebook” və “Twitter”in rolu danılmazdır. Hətta bu inqilabları “The Social Networking Revolution”, yəni “sosial şəbəkələrin inqilabı” da adlandırdılar. Çünki ilkin etiraz qüvvəsi “Facebook”da toplandı, küçələrə, meydanlara oradan axışdı. Daha sonrakı mərhələdə meydanlarda baş verənlər “Twitter”ə sıçradı və oradan bütün dünyaya KIV-in çatdıra bilmədiklərini çatdırdı.

– Azərbaycanda sosial şəbəkələrin inqilabı reallaşa bilərmi?
– Bilər. Çünki Azərbaycan rejimi də ərəb ölkələrində mövcud olmuş rejimlərdən fərqlənmir. Oradakı cəmiyyət də bizdəki kimi, alternativsizlik sıxıntısı yaşayırdı. Orada da gənclər, siyasi fəallar hədələrə, həbslərə, zorakılığa məruz qalırdı. Jurnalistlər, bloqçular öldürülür, oğurlanır və həbs edilirdi. Siyasi məhbusların ardı-arası kəsilmirdi. Internet saytları bizdəki kimi qadağan edilir, virtual repressiyaların sayı-hesabı yox idi. Və etirazçı təbəqə üz tutur “Facebook”, “Twitter” kimi şəbəkələrə, virtual şəkildə təşkilatlanır, müəyyən qruplar vasitəsilə qərarlar alınır, məsləhətləşmələr, müzakirələr aparılır, sonda da müəyyən addımlar atılır. Başlanğıcda bitərəf olanlar və ya elə rejimlərin qulluğunda duranlar onlara lağ edirdilər, gülürdülər, məzələnirdilər. Amma sonradan həmin insanlar belə, hərəkata qoşuldular, nə qədər səhv etdiklərinin fərqinə vardılar.
2011-ci il diktatorların və diktatura rejimlərinin qənimidir. Inşallah, Azərbaycan gəncliyi, xalqımız da azad, ədalətli, zəngin bir cəmiyyət qurmaq adına hazırkı rejimin öhdəsindən lazımınca gələcək və bir daha dünyaya özünün istismar olunan xalq olmadığını sübut edəcəkdir!

– Sizcə, indi “Facebook” müzakirələri ictimai rəyə təsir baxımından ənənəvi KIV-lə müqayisədə çoxmu uduzur? Ümumiyyətlə, uduzurmu?
– Nəinki uduzur, əksinə qazanır. Məsələn, Azərbaycanda kimdirÿ AzTV ÿvə ya “Lider”in lazımsız, əttökən verilişlərini izləyən?! Ələlxüsus, gənclər siyasi-ictimai mövzuları internetdən, sosial şəbəkələrdən təqib edirlər. Təsir etməni yuxarıda da qeyd etdim, istər görüntülü, istərsə də səsli olaraq, bundan yararlanmaqla yanaşı, həm də baş verən hadisəyə, mövzuya birbaşa özün müdaxilə edirsən, rəy bildirirsən, müzakirəyə qatılırsan. Bu baxımdan anlaşılmayan məqam olduqda, suallar yaranırsa, onu aydınlaşdırırsan. Daha KIV kimi, hər şey bir tərəfli olmur. Robot kimi o danışır, sən isə əsəbindən cavab verə bilməyib, stress keçirmirsən. Istər təsiretmə, istərsə də obyektivlik baxımından “Facebook” və digər sosial şəbəkələr daha effektiv və ucuz başa gələn vasitədir.

Ayəndə Mürsəliyeva