YAP gənclərin aktivliyindən təşvişə düşüb

Hakim partiyanın rəhbərliyi qapalı toplantı keçirdi

Əli Əhmədov deyib ki, ölkə gəncliyini cüzi bir hissəsinin də müxalifətə dəstəyi hakimiyyət üçün ciddi təhlükədir

Hakimiyyət ölkə gənclərinin fəallığından təşvişə düşüb. Dünən bu məqsədlə YAP rəhbərliyi ilə partiyanın gənc üzvləri arasında qapalı görüş olub. Əldə etdiyimiz məlumata görə, görüş YAP-ın Nizami rayon təşkilatında baş tutub. Orada YAP-ın icra katibiƏli Əhmədov, icra katibinin müavini Mübariz Qurbanlı, adı çəkilən rayon təşkilatının sədri, deputat Sədaqət Vəliyeva və partiyanın gənclərinin sədri Seymur Orucov iştirak ediblər. Görüşdə əsas müzakirə mövzusu müxalifətin bu gün keçirəcəyi aksiya olub.
Əldə etdiyimiz məlumata görə, Ə.Əhmədov açıq şəkildəbəyan edib ki, hakimiyyət gənclərin fəallaşmasında ciddi şəkildə narahatdır. O, çıxışında gənclərin sosial şəbəkələrdəki aktivliyindən danışaraq, YAP-ın bu məsələdə uduzduğunu dilə gətirib.
Ə.Əhmədov ölkə əhalisinin yarıya qədərini gənclərin təşkil etdiyini bildirib. O, AXCP sədrinin görüşünə gələn çoxsaylı gənclərə işarə vuraraq, ölkədəki gəncliyin hətta çox cüzi bir hissəsinin müxalifətin sıralarına qatılmasının təhlükəli olduğunu dilə gətirib.
Ə.Əhmədov YAP gənclərinin sədrinin qarşısında konkret tələblər qoyub. Bu sırada sosial şəbəkələrdə müxalifət əleyhinə təbliğat aparmaq birinci yerdədir. Fəal müxalifətçi gənclərin ən müxtəlif yollarla hakimiyyət əleyhinə aksiyalardan çəkindirmək də ciddi tələb kimi qoyulub.
Bundan başqa, müxalifət liderlərinə qarşı silsilə aksiyaların təşkili onların qarşısına əsas vəzifə kimi qoyulub. Qərara alınıb ki, vəziyyətdən asıl olaraq, ayrı-ayrı universitetlərin tələbələri hesabına növbəlilik əsasında müxalifət liderlərinin evləri və ofisləri qarşısında hakimiyyətə dəstək aksiyaları keçirilsin.
Qeyd edək ki, dünən AXCP sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında aksiya keçirən öyrədilmiş gənclərə də, Əli Əhmədovun köməkçisi Mahir Abbasbəyli rəhbərlik edib.