Seçki hüququ pozulanlar mitinqin önündə olacaq

2 aprel aksiyasına təkcə partiyalar deyil, noyabr seçkilərində böyük səs almış namizədlərin tərəfdarları da qatılacaq

Həsən Kərimov: «Parlament seçkilərində namizəd olmuş şəxslər də aksiyada aktiv iştirak edəcəklər»

Arif Hacılı: «Müsavatdan olan namizədlər öz tərəfdarları ilə aksiyaya qatılacaq»

Aprelin 2-dəki aksiyada son parlament seçkilərində iştirak etmiş və Ictimai Palatanın üzvü olan namizədlər də aktiv iştirak edəcəklər. Bura həm şəhərdəki dairədən namizədliklərini irəli sürən şəxslər, həm də əyalətlərdəki namizədlər aiddir.

AXCP Ali Məclisinin sədri Həsən Kərimov bildirdi ki, martın 29-da gənclərlə keçirilən genişləndirilmiş müşavirəylə aksiyaya hazırlıq başa çatıb. Partiyanın bütün strukturlarının aksiya ilə bağlı müvafiq tapşırıqlar aldığını deyən H.Kərimov qeyd etdi ki, son tamamlama işləri qalıb ki, bu da mitinqin taktikası ilə bağlı olacaq: “Partiyanın bütün rayon şöbələri tapşırıqlarını alıblar. Son texniki təchizat işləri qalıb ki, onlar da yekunlaşdırılacaq. Düşünürəm ki, aksiyada eyni zamanda son parlament seçkilərində namizəd olmuş şəxslər də aktiv iştirak edəcəklər. Bura həm bizim partiya üzvü olan namizədlər, həm də Ictimai Palatanın üzvü olan digər namizədlər aiddir. Bundan başqa, QHT təmsilçiləri, ayrı-ayrı ziyalılar da aksiya iştirakçıları arasında olacaq”.

Müsavat Icra Aparatının rəhbəri Arif Hacılı isə bildirdi ki, martın 29-da partiyanın qərargahında keçirilən genişləndirilmiş müşavirə ilə partiyanın aksiyaya hazırlıq səviyyəsinə qiymət verilib. Bu baxımdan mitinqə hazırlığın yüksək səviyyədə getdiyini deyən A.Hacılı bildirdi ki, Müsavat təkcə partiya üzvlərinin deyil, eyni zamanda ali məktəb tələbələrinin, əmək kollektivlərində çalışanların aksiyaya cəlb olunmasına çalışır: “Düşünürəm ki, aprelin 2-dəki aksiya sayca əvvəlki analoji iki aksiyadan daha izdihamlı olacaq. Çünki digər təşkilatlarda kütləvi aksiyaya ciddi hazırlaşırlar”. Parlament seçkisində müxalifətdən olan namizədlərin 2 aprel aksiyasındakı iştirak formasına gəlincə, A.Hacılı da bildirdi ki, Müsavatdan olan namizədlər öz tərəfdarları ilə aksiyaya qatılaraq, onun daha izdihamlı keçməsinə çalışacaqlar.

Xəyal