Suriya rəhbəri ölkədə gərginliyi azaltmağa cəhd etsə də, buna nail ola bilmədi
Suriyada gərginlik davam edir. Prezident Bəşər Əsədin istefası tələbilə küçələrə axışan insanların hökumət qüvvələri tərəfindən öldürülməsi vəziyyəti daha da pisləşdirib. Yaranmış gərginliyi azaltmaq üçün Bəşər Əsədin günlərlə gözlənilən xalqa müraciəti dünən baş tutub. Maraqlı burasıdır ki, 11 ildir Suriyaya rəhbərlik edən Bəşər Əsəd 48 illik fövqəladə rejimin aradan qaldırılacağı tarixi dəqiq söyləməyib.
Xalq Şurasında çıxış edən Bəşər Əsədin sözlərinə görə, ölkəsinə qarşı gizli planların hədəfi Suriyanı çökdürmək və Israilin planlarının reallaşması qarşısında son maneəni aradan qaldırmaqdır: “Bu planlar iflasa uğrayacaq. Lakin düşmənlər öz cəhdlərini yenə də davam etdirəcəklər”.
Bəşər Əsədin xalqa müraciəti yaranmış gərginliyi azaltmayıb. Prezidentin çıxışından bir neçə saat sonra ölkənin liman şəhəri Lazkiyada yeni qarşıdurmaların olması haqda xəbərlər yayılıb. “Associated Press” agentliyinə danışan şahidlərin məlumatına görə, şəhərin mərkəzi meydanında hakimiyyət əleyhinə aksiya keçirən müxalifət təmsilçiləri hökumət qüvvələrinin hücumuna məruz qalıb.
Bəzi ekspertlərin fikrincə, ölkədə siyasi azadlıqların genişlənəcəyini və mətbuat azadlığına qarşı senzuranın aradan qalxacağını söyləyən hökumət fövqəladə rejimi ləğv etsə belə, yeni təzyiq vasitələrinə əla ata bilər.
Siyasi fəaliyyətinə görə, 5 il həbsxana həyatı yaşayan və hazırda Kanadada mühacirətdə olan müxalifət liderlərindən Məmun Əl Hömsi “Reuters” agentliyinə açıqlamasında bildirib ki, Bəşər Əsəd həm ölkənin daxilində, həm də xaricində təzyiqlərlə üz-üzədir. Prezident ölkədə islahatlar aparıldığı haqda görüntü yaratmağa çalışsa da, insanlar ona inanmırlar.
Xatırladaq ki, tarixi siyasi qeyri-sabitlik və çevrilişlərlə zəngin olan Suriyada fövqəladə hal rejimi ərəb millətçilərinin qurduğu BƏƏS partiyasının 1963-cü ildə iqtidara gəlməsilə başlayıb. Bundan sonra çoxsaylı müxalifət təmsilçisi həbs olunub və ya sürgünə göndərilib.
1970-ci ildə qansız hərbi çevrilişlə iqtidarı ələ keçirən keçmiş prezident Hafiz Əsədin 2000-ci ildə ölümündən sonra onun yerinə keçən oğlu Bəşər Əsəd hakimiyyətinin ilk illərində bir çox sahələrdə islahatlar aparılacağına dair söz vermişdi. Əsəd hakimiyyətinin Israilə qarşı fələstinli silahlı təşkilatlara və Livandakı “Hizbullah” hərəkatına dəstək verməsi Suriyanın ABŞ və Israillə münasibətlərinin gərginləşməsinə yol açıb.
Suriyanı “şər qüvvələr” siyahısına daxil edən ABŞ və bir çox Qərb ölkəsi son olaylar üzündən Əsəd hakimiyyətini etirazçılara qarşı güc işlətdiyinə görə sərt tənqid edib. Rəsmi Vaşinqton həmçinin Əsədi xalqın tələblərini yerinə yetirməyə çağırıb.
İnformasiya şöbəsi