Hakimiyyətdə 2 aprel təlaşı; müxalifət fəalları qabaqcadan “zərərsizləşdirilir”
İctimai Palatanın sabaha təyin etdiyi mitinqə görə hakimiyyət həbslər dalğasına start verib. Ötən gün müxalifət partiyalarının üzvləri, eləcə də partiya üzvü olmayan gənclər saxlanılıb.
Gənc fəal Təbriz Önər səhər saatlarında dərsə gedərkən metroda saxlanılıb. Səbail Rayon Məhkəməsinin qərarı ilə T.Önərə 5 sutka həbs cəzası verilib.
Müsavat partiyasının üzvü Elçin Səlimovu səhər saatlarında yuxudan oyadıb Sumqayıt polisinə aparıblar. O, burada tərtib edilən protokolda polisin qanuni əmrinə tabe olmadığı haqqında xəbərlə tanış olub. Sonra isə məhkəməyə aparılan Elçin Səlimov orda özünün başqa əməlindən xəbər tutub: “Guya həyətdə söyüş söymüşəm,ÿ polis dəvətinə baxmamışam, onlara zor tətbiq etmişəm. Məni də dindirəndə dedim ki, evdə yatmışdım, polis məni qapıdan çağırdı, dedilər aşağıda səni gözləyirik. 2 maşın gözləyirdi”. E.Səlimova 7 sutka həbs verilib.
Yasamal polisinin apardığı gənc fəal Rövşən Nəsirli və onun qardaşının isə harada olduğu haqda gün ərzində məlumat öyrənmək mümkün olmayıb.
Müsavat Gənclər Təşkilatının üzvü Xalid Amanlını isə günün ikinci yarısında Nəsimi polisinə aparıblar.
Bundan başqa, Şirvan şəhərində Müsavat Partiyasının üzvü Vüqar Həsənli də saxlanıb.
AXCP-dən verilən məlumata görə, martın 31-də polis AXCP Rəyasət Heyətinin üzvləri Nemət Əliyev, İlham Hüseynli və partiya sədri Əli Kərimlinin sürücüsü Kərim Mehdiyevi saxlayıb. I.Hüseynli öz maşını ilə hərəkət edərkən saxlanılıb və 20-ci polis bölməsinə aparılıb. I.Hüseynli və N.Əliyevə 7 sutka həbs cəzası verilib.
K.Mehdiyevi isə 10-a yaxın polis 7-ci mikrorayonda yaşadığı evin qarşısından zorla maşına basaraq naməlum istiqamətə aparıblar. 5-ci bölmədən qəzetimizə məlumat veriblər ki, K.Mehdiyev xırda xuliqanlıq ittihamı ilə Binəqədi Rayon Məhkəməsinə təhvil verilib.
Martın 30-da Nizami Rayon Polis Idarəsinin 24-cü polis bölməsinin əməkdaşlarının saxladığı keçmiş seçki məhbusu, bələdiyyə polisinin sabiq rəisi Mehdi Mehdiyevin ötən gün məhkəməsi olub, ona da 7 sutka həbs cəzası verilib.
AXCP-nin Gəncə şəhər təşkilatının sədri Bəxtiyar Əlizadə, məclis sədri İlqar Musayev də polisə aparılıblar. Onlar bir neçə saat saxlanıldıqdan sonra sərbəst buraxılıblar. Sabirabadda cəbhəçi Tofiq Zeynallı da bir neçə saat polis bölməsində saxlanılıb.
Partiya üzvü olmayan Ülviyyə Quliyeva dərsdən çıxıb evə gedərkən naməlum adamlar onu təhqir edib. “Audi” markalı avtomobildən düşən iki nəfər şəxs qızı vurub. Ülviyyəyə deyiblər ki, sən Əbülfəz Qurbanlının (AXCP Gənclər Komitəsinin sədri – red.) adamısan.
Gün ərzində müxalifətçilərə qarşı təqiblər və təzyiqlər bütün ölkə boyu davam edib. 10-a yaxın müxalifə sutkalıq həbslər verilib.
“Azadlıq”