Hakimiyyət Qərbi müharibə ilə şantaj edə bilər?

Ekspertlər Robert Bradtkenin xəbərdarlığını bu niyyətə cavab kimi dəyərləndirir

Zəfər Quliyev: «Lokal hərbi əməliyyatların başlanması həm Ermənistan, həm də Azərbaycan hakimiyyətləri üçün böyük təhlükə yarada bilər»

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Robert Bradtkenin  Qarabağ nizamlanması ətrafında intensiv diplomatik səylərə dair verdiyi növbəti açıqlama bir sıra məqamları ilə diqqəti çəkir. Həmsədr dönə-dönə vurğulayıb ki, ABŞ Administrasiyası Cənubi Qafqazda yeni müharibənin baş verməməsi üçün Rusiya və Fransa ilə birgə səyləri bölüşür. Ekspertlərin fikrincə, Azərbaycan və Ermənistandakı son gərgin vəziyyət nəzərə alınarsa, belə bir bəyanatın verilməsi təsadüfi deyil. Çünki Yaxın Şərqdə baş verən hadisələrdən sonra hər iki ölkənin adı inqilab baş verə biləcək ölkələr sırasında çəkilir. Bu baxımdan o da istisna olunmur ki, hər iki rejim cəmiyyətdəki aktivlik dalğasını yatırtmaq üçün lokal qarşıdurmalara gedə bilər. Elə R.Bradtkenin açıqlaması hər iki ölkəyə xəbərdarlıq xarakteri daşıyır.
Ekspert Zəfər Quliyev bildirdi ki, Qarabağ münaqişəsinin yenidən alovlanma ehtimalı gündəliyi vaxtaşırı zəbt edir. Bu isə regionda stabilliyin pozulmasını təhlükə altına alır. Amma müharibəyə başlama qərarının təkcə Azərbaycan və Ermənistandan asılı olmadığını deyən Z.Quliyev bildirdi ki, münaqişənin çözümü artıq beynəlmiləlləşdirilib: “Artıq Qarabağ münaqişəsinin həlli təkcə Bakı və Yerevandan asılı deyil. Münaqişənin həllinə Fransa, ABŞ və Rusiya aktiv şəkildə qoşulub. Belə bir şəraitdə Azərbaycan və Ermənistan müharibəyə başlayarlarsa, hər iki ölkəyə böyük təhlükə yaranacaq. Ilk növbədə hakimiyyətlər əlbəttə, bu təhlükəni hiss edəcəklər”.
Ona görə həmsədrlərin belə bir təhlükənin olduğunu hiss etdikləri vaxt münaqişə tərəflərinə xəbərdarlıq mesajı verdiklərini deyən Z.Quliyev vurğuladı ki, rəsmi Bakı müharibə ritorikasına tez-tez müraciət etsə də bu, sadəcə olaraq daxili siyasi rəyə hesablanıb: “Əlbəttə, ərəb dünyasında baş verənlər Azərbaycan hakimiyyətini ciddi narahat edir. Belə bir şəraitdə də rəsmi təbliğat onun üzərində qurulur ki, bizim Qarabağ kimi problemimiz var və bütün cəmiyyət onun çözümü ilə məşğul olmalıdır. Aksiyalar təşkil etmək, cəmiyyəti aktivləşdirmək düşmən dəyirmanına su tökməkdir. Amma bir məqamı da anlamaq lazımdır. Müharibəyə birinci başlayan tərəf ciddi təzyiqlərlə üz-üzə olacaq ki, bunu da həm Ermənistan, həm də Azərbaycan hakimiyyəti yaxşı bilir”.

Xəyal