«Elçibəy hakimiyyətinin ilk işi işğaldakı torpaqları azad etməkdi»
Turqut Ər
BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il 260 saylı soyqırımı tərif edən qərarı belə idi: …Hər hansı bir milli, etnik, irqi və ya dini qrupu tamamilə, ya da bir qismini aradan götürmək üçün gerçəkləşdirilən; a) Insanların öldürülməsi, b) Bu qrupların üzvlərinə fiziki, ya da psixoloji zərər verilməsi və ya fiziki olaraq məhv edilməsi, təhqiredici addımların atılması, uşaqların zora məruz qalması.
1992-ci il fevralın 26-na qədər yuxarıda sadaladığımız Xocalının ətrafındakı kəndlərdə qanlı və insanlıqdan kənar hərəkətlər edən ermənilər rusların da dəstəyi sayəsində həmin gün, yəni 1992-ci il fevralın 26-da Şüşəli qəsəbəsinə basqın etdilər. Basqına məruz qalan qəsəbə sakinlərindən çoxu uşaq olmaqla, evlərini tərk edib yaxınlıqdakı meşələrə qaçaraq canlarını qurtarmağa çalışdılar. Lakin rus silahlarıyla silahlanmış erməni-rus birləşmələri qarlı meşələrdə qarşılarına çıxan türkləri ağla gəlməyən şəkildə işgəncələrlə öldürdülər. Məqsədləri Xocalı və ətrafdakı vəhşiliklərə şahidlik edəcək bir kimsənin sağ saxlanılmaması idi. Erməni və rus caniləri qəsəbəni tərk edə bilməyən, əksəriyyəti uşaq, qadın və yaşlılardan olan türklərin hamısını, eynilə Şərqi Anadoluda olduğu kimi, iki gün ərzində işgəncəyə məruz qoydular. Bu işgəncələri və iyrənclikləri, inanın, bir insan olaraq dilə gətirmək çox çətindir. Bir çox insan bu işgəncələrə dözməyərək həlak oldu. Bir qismini də əsir olaraq götürdülər. Ermənilər daha sonra tank, top və ağır silahlarla Xocalıya hücum etdilər. Şəhəri talan etdilər, dağıdıb sökdülər. Xocalı işğal olundu. Xocalıda yaşayan türklərdən 613 günahsız və müdafiəsiz insanı qətlə yetirdilər, 487 nəfəri yaraladılar. Bunların böyük hissəsi şikəst oldu. 1275 türkü əsir alaraq hələ də bilinməyən yerlərə apardılar. Bunların da böyük hissəsini qətlə yetirdilər. Əsir alınanlardan həyatda olduğu ehtimal olunanların isə bu gün harada və hansı şərtlər daxilində saxlanıldığı hələ də bilinmir.
Sərkisyan vəhşiliyini necə etiraf etdi?
Qarabağ və ətrafında ermənilərin həyata keçirdiyi bu soyqırımın təşkilatçıları kimlərdir? Xocalı soyqırımını və Dağlıq Qarabağı, ona bağlı şəhər, qəsəbə və kəndləri, ətrafdakı doqquz vilayətdə yaşayan on minlərlə azərbaycanlı türkləri qətlə yetirən 1 milyon 200 min türkü öz vətənlərində qaçqın halına salan erməni liderlər – Ter-Petrosyan, Robert Köçəryan və indiki prezident Serj Sərkisyandır. Əli türk qanına batan Sərkisyan Xocalıda törədilən soyqırım zamanı reportaj hazırlayan ingilis jurnalistə bunları demişdi: “Xocalıdan öncə azərbaycanlı türklər bizim zarafat etdiyimizi zənn edirdilər. Dinc sakinlərə qarşı güc işlətməyəcəyimizdən əmin idilər. Həyata keçirdiyimiz bu uğurlu əməliyyatla bütün düşüncələri yox etdik”.
Türkiyədəki rəsmilər və Azərbaycanın indiki tiranları bu soyqırımçının, əli türk qanına batmışın əllərindən tutaraq sülh qazanmağa çalışırlar. Ermənistanda 1 milyon 300 min insan qalıb. Erməninin qarşısında sanki əlləri, qolları və ayaqları bağlanmış kimi, aciz və hətta xəyanət içindədirlər.
Turqut Özal erməniləri yerində oturdur
Erməni və rus birləşmələri Xocalı soyqırımından sonra Dağlıq Qarabağın ətrafındakı 7 vilayəti də işğal etdi. Tarix boyu türk şəhəri olan Şuşa, Laçın, Ağdam, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Ağdərə və Xocavənd, onlara yaxın qəsəbə və kəndlərin heç biri Əbülfəz Elçibəyin hakimiyyəti illərində işğal edilməmişdir. Elçibəyin zamanında yalnız Kəlbəcər vilayəti işğal edilmişdi ki, bunun da səbəbi çox gözlənilməz bir hadisə ilə bağlı idi. Kəlbəcərin işğalı Ermənistan üzərindən hücumla həyata keçirildi. Həmin zamana qədər Ermənistan dövləti rəsmən bəyan edirdi ki, onun Dağlıq Qarabağ münaqişəsinə birbaşa aidiyyəti yoxdur. Şuşa, Laçın, Ağdərə Elçibəy iqtidarından öncəki hakimiyyətin idarəçiliyi zamanı ermənilərin əlinə keçmişdir. Digər 6 vilayət isə 1993-cü il iyunun sonundan 10 may 1994-cü il tarixində imzalanan Bişkek atəşkəs razılaşmasına qədərki 7 aylıq qısa müddət ərzində, yəni Heydər Əliyevin rəhbərliyi zamanı ermənilərə verilmişdir. Əbülfəz Elçibəyin 1 illik iqtidarı dönəmində isə işğal olunan Ağdərə və Goranboy ermənilərin əlindən alınmışdır. Heydər Əliyev Qarabağ savaşlarının başladığı günlərdən etibarən Naxçıvan Milli Məclisinin sədri idi. Şuşa, Laçın və Kəlbəcərin işğalından öncə ermənilər Qars razılaşmasında yer alan “Türkiyənin Naxçıvanın qarantı olduğuna” dair maddəsilə dönəmin prezidenti Turqut Özalın “Ermənistana bir neçə bomba düşsə, nə olar?” şəklindəki ifadəsindən böyük bir qorxuya düşmüşdülər.
Mərkəzi hakimiyyətdən gizli saxlanılan razılaşma
Bundan sonra Ermənistan hakimiyyəti əllərindəki savaş gücünün mühüm hissəsini Qarabağa deyil, Naxçıvanla sərhədə yığmışdılar. Bir yandan da Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev ermənilərin Naxçıvana hücum etmələrini önləməyə çalışırdı. Bunun üçün 1992-ci il mayın 14-də Ermənistan parlamentinin rəhbəri Araxçıyan və digər rəsmilərlə birlikdə “Naxçıvanla Ermənistan arasında atəşkəs razılaşmasına dair niyyət protokolu” Bakıdakı mərkəzi hökumətdən gizli olaraq imzalanmışdı. Heydər Əliyevlə anlaşan ermənilər Naxçıvan sərhədindəki hərbi birləşmələri geri çəkərək onları Qarabağ və ətrafdakı yerlərə yönləndirmişdi. Qısa bir müddət sonra da strateji əhəmiyyətə malik Kəlbəcəri işğal etdilər.
Hüseynov əmrləri kimdən alırdı?
Elçibəy 1992-ci il iyunun 7-də prezident seçildi. Elçibəy iqtidarının ilk işi işğal edilən şəhərləri geri qaytarmaqdı. Keçmiş adı Şaumyan olan Goranboy rayonu erməni işğalından qurtarılmışdı. Ağdərə bölgəsində isə ermənilər geri çəkilməyə başlamışdılar. Amma 1 il sonra rusların təlimatıyla çalışan polkovnik Sürət Hüseynovla indiki baş qərargah rəisi Nəcməddin Sadıqov Ağdərə və Qarabağ cəbhəsindəki hərbi birləşmələri anidən geri çəkdilər. Cəbhə bölgəsindəki hərbi birləşmələrin geri çəkilməsinin səbəbi kimi isə “Tank, top və digər ağır silahların istifadə müddətinin bitməsi” kimi uydurma səbəblər göstərilmişdi.
Elçibəy iqtidarı BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinə əsasən, iyun ayının ortalarında Kəlbəcərin boşaldılması məsələsində ermənilərlə bir razılıq əldə etmişdi. Elçibəy neft sazişlərinin iyunun 18-də imzalanması üçün Londona getməyə hazırlaşırdı. Çünki Azərbaycan Dövlət Neft Şirkətinin rəhbəri Sabit Bağırov və xarici işlər naziri professor Tofiq Qasımov ABŞ Dövlət Departamenti rəsmilərinin müdaxiləsi nəticəsində Ermənistan rəsmilərilə bir gizli görüş keçirirdi. Aparılan danışıqların nəticəsi olaraq ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından çəkilmələrini nəzərdə tutan razılaşma imzalanmaq üzrəydi…
ardı var