Hamam hamam içində, xəlbir saman içində, Dəvə dəlləklik eylər köhnə hamam içində. Özüm görməmişəm, görənlər yazır: Daxili işlər naziri (kod adı RESTORANLAR KRALI) daha bir jurnalistin döyülməsi ilə bağlı QƏŞƏNG çıxış eləyib. Nazir jurnalistləri döyənlərin TEZLIKLƏ tapılıb… döyüləcəyini, nəyi bildirib.
Nazirin bu çıxışından mənim yaddaşımda zəlzələ oldu, nə oldu bilmirəm – başımda alən qarışdı bir-birinə; son 18 ilin üstü qapaqlı (qapalı yox ha, qapaqlı!) qalan çoxsaylı ölüm-terror faktları bir-birinə dəyib gözlərimin önündə səpələk oldu. Ziya Bünyadov, Etibar Erkin, Elmar Hüseynov, general Rail Rzayev… kimlər, kimlər. Yadımdan çıxmamış deyim: “tezlik” dedim, yadıma “Azadlıq” radiosunun TEZLIK problemi düşdü. Bu radio adını doğruldaraq doğruları dediyinə görə TEZLIKdən GECliyə qovuldu. Indi onu dinləmək üçün əldən-dildən düşmək gərəyi yaranır.
Jurnalistləri döyənlərin tapılmağına gəlincə, məni bağışlasın, nazir yalan danışır. Yuxarıda sadaladığım ölüm-terror faktlarının indiyədək üstü qapaqlı qalması faktı qalsın bir yana. Hamının indiki kimi yadındadır: blogerlər Emin Milli ilə Adnan Hacızadəni döyənləri onlar özləri, demək olar, tutub aparıb polisə vermişdilər. Sonrası necə oldu? Döyənləri buraxıb, döyülənləri tutdular. Bu azmış kimi, adlarına yaraşan yalana da əl atdılar: “KRALIN” kurasiyasında olan göy “müxalifət” qəzetinin baş redaktoru “KRAL” sarayından aldığı tapşırığa uyğun olaraq, Emil Milli ilə Adnan Hacızadəni ABŞ-ın AGENTI olaraq tanıtmağa çalışdı…
Olduqca ilginc bir görsənişdir: illərlə ölkədə müxalifət jurnalistlərinə qanlı-qansız divan tutulur, di gəl, hələ indiyədək əliyevçi rejimə bağlı bircə jurnalist belə oxşar terror-türmə faktı ilə üzləşməyib. Niyə? Mən bunu “bütün Qafqazın DIN başçısı” Allahşükür Paşazadədən soruşuram. Ya şeyx, bu doğrudanmı bir sirri-xudadır? Elədirsə, bir KITAB açın. Ancaq, açdığınız “jurnalistlərin dostu” ata-oğul Əliyevlərin kitabı olmasın: biz o “kitabın” hikmətinə çoxdan yetiyik. Ya şeyx, biz çox istərdik sən bu RESTORANLAR KRALININ da “kitabına” baxasan: görək orda neçə restoran görükür! Biri yüz deyir, biri yüz əlli. Düzünü “kitab” göstərər…
Ya şeyx, şair necə də gözəl deyib:
Kitab böyük müəllimdir,
Sinəsində min aləm var.
Bu dünyanın hər sirrini
Bizə deyir bu kitablar.
Şirvanın çıxacağında yekə bir dəmir parçasının üzərinə yazılıb: “Heydər Əliyev Azərbaycan Demokratik Respublikasının banisidir”. Sözlər bütünlüklə anlaşılsın deyə, bildirirəm: ərəbcə “bani” bizim dildəki “quran-yaradan” yerindədir. Rəsmi bioqrafiya göstəricisinə görə, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da dünyaya gəlib. Başqa bir rəsmi BIOQRAFIYA göstəricisinə görə, Azərbaycan Demokratik Respublikası 1918-ci il mayın 28-də dünyaya gəlib. Ya şeyx, söylə görək: sonra dünyaya gələn öncə dünyaya gələni (beş il qabaq!) necə dünyaya gətirə bilər? Mən bir də bir dustaq jurnalistlə bağlı söz sormaq istəyirəm: ya şeyx, Eynulla Fətullayevi doğru sözün üstündə şərləyib tutan, tutub illərlə dustaq eləyən hakimiyyətin düzgünlüyünə, dilinə doğru söz gətirəcəyinə inanmaq olarmı? Hələ mən bunların rüşvəti, korrupsiyanı DÖVLƏT SIYASƏTINƏ çevirmələrini demirəm.
Ulu öndərimiz, Milli liderimiz M.Ə.Rəsulzadə deyir: “Gələcək milləti süngü gücü ilə yapma rejimə boyun əydirmənin deyil, milli hakimiyyətə, haqqa, özgürlüyə bağlı bağımsızlığındır”. Milləti süngü gücü ilə yapma, antimilli rejimə boyun əydirənlər banditizm daşıyıcıları deyillərsə, bəs nədirlər, ya şeyx?!
“Heç kimin Azərbaycanın daxili işlərinə qarışmağa ixtiyarı yoxdur! Azərbaycanda sabitlik var, yüksəliş var, regionda analoqu olmayan inkişaf var”. Hamam hamam içində, xəlbir saman içində, Dəvə dəlləklik eylər köhnə hamam içində…