Azad mətbuatı müdafiə forumu keçirildi (FOTOLAR)
“Jurnalistlərə qarşı zorakılıq və terror Əliyevin iradəsindən kənar ola bilməz”
“Azərbaycanda jurnalistlərə qarşı təzyiqlər yenidən şiddətlənib. “Azadlıq” qəzetinin yazarı Seymur Həzinin oğurlanaraq döyülməsi və ölümlə təhdid edilməsi göstərir ki, siyasi hakimiyyət tənqidi fikrə qarşı ən kobud üsullara əl atmaqdadır. Hamımız anlayırıq ki, bu günlərdə azad medianın daha böyük ictimai dəstəyə ehtiyacı var.
Ona görə də baş vermiş hadisədən dərhal sonra jurnalistlər bu dəstəyi nümayiş etdirmək üçün 29 mart 2011-ci ildə “Azad mətbuata qarşı təzyiqlərə son qoyulsun” adlı İctimai Forum keçirməyə qərar verib. Bu, təkcə jurnalistlərin forumu deyil, bu tədbirdə Azərbaycan ictimaiyyətinin fəalları azad mətbuata dəstəyini bildirməli, jurnalistlərə qarşı təzyiqlərə etiraz etməlidir. Bu vətəndaş cəmiyyətinin mediaya dəstək forumudur.
Gəlin unutmayaq ki, jurnalistika təkcə jurnalistlərin peşəsi deyil, o, cəmiyyətin doğru xəbər almaq kimi vaz keçilməz ehtiyacını ödəyir və ifadə azadlığı kimi fundamental hüququn var oluşunu təmin edir”.
Bu bildiriş ötən gün keçirilən jurnalistlərin Media Forumuna çağırışdandır. ADP-nin qərargahında baş tutan forumda jurnalistlərlə yanaşı gənc fəallar, ölkənin tanınmış ictimai və siyasi xadimləri iştirak edirdilər.
“Daha mütəşəkkil, daha həmrəy…”
Forumu giriş nitqi ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid açdı. Baş redaktor Seymur Həziyevin oğurlanaraq döyülməsindən danışdı: “Seymur Həziyev işdən evə gedərkən məlum ünvandan göndərilən naməlum şəxslər tərəfindən oğurlanaraq döyülüb. Bu cür hadisələrin çox şahidi olmuşuq. Azərbaycan jurnalistlərini, azad mətbuatı susdurmaq, sıradan çıxarmaq, yox etmək niyyəti güdən bu cür hadisələrə təəssüf ki, bəzən dözümlü yanaşırıq. Azərbaycan mediasının sağlam qisminə güvənərək qərar verdik ki, üzərimizdə bu cür hadisələrə dözməmək, adiləşməyə qoymamaq kimi vəzifə var və vəzifəmizi yerinə yetirməliyik. Azərbaycan mediasına qarşı hücumlar Azərbaycan hakimiyyəti tərəfindən sanksiyalaşdırılır və yerinə yetirilir. Bu cinayətkarlığın bizim üzərimizə ayaq açmasına imkan verməməliyik”.
Q.Zahid Azərbaycan cəmiyyətini və jurnalistikasını təşkilatlandırmağın zəruriliyini vurğuladı: “Əli qələm tutan, söz deməyə cəsarəti çatan hər bir kəs öndə getməlidir. Biz ölkədə baş verən hadisələrə biganə qalmayacağıq. Rüşvətxorluqdan, korrupsiyadan yazacağıq. Seymur Həziyevin döyülməsi və bu vaxta qədər baş verən oxşar hadisələrə qiymət verərək, gələcəkdə bu kimi olayların yaşanmaması üçün jurnalistlər açıq etiraz aksiyaları keçirməlidir”.
“Azad mətbuatın acınacaqlı durumunun səbəbkarı hakimiyyətdir”
Forumun təşəbbüskarlarından olan “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev əvvəlcə S.Həziyevin döyülməsinə münasibət bildirdi. Onun sözlərinə görə, hadisədən sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov, Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı ilə birgə Daxili işlər naziri Ramil Usubovun təşəbbüsü ilə onunla görüşüblər: “R.Usubov Seymur Həziyevin oğurlanaraq döyülməsindən aşkar narahatlığını bildirdi. Dedi ki, bu, hakimiyyət tərəfindən, ya hansısa hakimiyyətdaxili qruplaşma tərəfindən təşkil olunmayıb, bu hansısa başqa qüvvələrin marağındadır. Nazirin fikrincə, qarşıdan 2 aprel mitinqi gəlir, kimlərinsə qarşıdurma yaratmaq marağı var. O, bizi bu məsələnin araşdırılmasında əməkdaşlığa dəvət etdi və biz bu dəvəti qəbul etdik. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində istintaq başlayıb. İstintaqa Daxili İşlər Nazirliyinin Mərkəzi Aparatının və Respublika Prokurorluğunun təmsilçisi qoşulub. Bizdən də Rəşid Hacılı məsələni diqqətdə saxlayacaq. Baxaq görək hakimiyyət fikirlərində nə dərəcədə səmimidir. Keçmiş təcrübə göstərir ki, bizdə jurnalisti döyənlər və qətlə yetirənlər heç vaxt tapılmır”.
Daha sonra mətbuatın indiki durumundan danışan M.Əliyev azad mətbuatın acınacaqlı vəziyyətdə olmasına görə məsuliyyəti hakimiyyətin daşıdığını söylədi.
Mehman Əliyev həmçinin hakimiyyətin müstəqil və müxalifyönlü qəzetlərə qarşı açıq savaş aparmasından da söz açdı: “Bu gün Azərbaycanda “Azadlıq” və “Yeni Müsavat” qəzetlərindən başqa heç bir qəzet satışı ilə redaksiya saxlaya bilməz. Ölkədə anormal reklam bazarı mövcuddur. Ölkənin iki ən tirajlı qəzetlərinin səhifələrində reklam görə bilməzsən, amma gündə 7-8 nüsxəsi satan qəzetin illik reklam bazarı 100 min manatı ötür. Bu hakimiyyətin apardığı siyasətin nəticəsidir”.
Azad söz karserdə saxlanılır
Söz Seymur Həziyevə verildi. “Azadlıq” qəzetinin şərhiçisi başına gələnləri anladaraq bunun səbəbləri barədə gümanlarını forum iştirakçıları ilə bölüşdü. O, bilavasitə İlham Əliyevin siyasəti ilə, həmçinin Qarabağ problemi ilə bağlı məqalələr yazdığını xatırlatdı, siyasi fəaliyyətlə məşğul olduğuna da diqqət çəkdi: “Mənim maskalılar tərəfindən oğurlanaraq döyülməyim, ölkə jurnalistikasına qarşı çox ağır bir cinayətdir. Cəmiyyət bilməlidir ki, bu işlərin məsuliyyəti birbaşa siyasi hakimiyyətlə bağlıdır. Bu məsuliyyətin altından çıxmaq üçün bu və bundan əvvəlki cinayətlərin üstü kompleks şəkildə açılmalıdır”.
S.Həziyev qeyd etdi ki, bu cür təzyiq etməklə onun düşüncələrini dəyişə bilməzlər: “Bunun üçün burada olanların düşüncələrini dəyişmək lazımdır. Buradakılar mənə ən yaxın olanlardır”.
Həbsdə olan jurnalist Eynulla Fətullayevin vəkili Anar Qasımov bildirdi ki, jurnalistlərin döyülməsi faktları silsilə xarakter ala bilər: “Martın 28-də Eynulla Fətullayevlə görüşdüm və o da jurnalistlərin maskalılar tərəfindən döyülməsi hallarının artacağından narahat olduğunu bildirdi. Çünki E.Fətullayevdə bu ilin martın 2-də Seymur Həziyev kimi qara maskalılar tərəfindən işgəncələrə məruz qalıb. Eynulla mənə bundan sonra jurnalistlərə qarşı ediləcək zorakılıq üçün yeni bir üsul tapıldığını dedi”.
Eynulla Fətullayevin vəziyyətin ağır olduğunu söyləyən vəkil bildirdi ki, baş redaktorun azadlığa çıxması artıq ikinci plana çevrilib: “Hazırda E.Fətullayev karserdə saxlanılır. Bu həmdə azad sözün, azad mətbuatın karserdə saxlanmasıdır”.
Üçüncü qüvvə hardandır?
ADP sədri Sərdar Cəlaloğlu isə qeyd etdi ki, jurnalistə qarşı baş verən zorakılıq cəmiyyətdə hər kəs tərəfindən pislənməlidir: “Jurnalistlərə qarşı baş verən zorakılıqlar gündəmdə saxlanmalıdır. Seymur Həziyevin məsələsində hakimiyyət günahkardır. Ya hakimiyyət bu hadisənin sifarişçisidir, ya da vətəndaşın təhlükəsizliyini təmin edə bilmir. Rejim dəyişməsə, bu cür hadisələrin üstü açılmayacaq”. S.Cəlaloğlu yaxın gələcəkdə jurnalistlərə qarşı təzyiqlərin artacağını da istisna etmədi.
Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı S.Həziyevin döyülməsinə münasibət bildirərək baş verənləri ölkədə demokratiyanın olmaması ilə əlaqələndirdi: “Azərbaycan cəmiyyətinin ən böyük problemi ölkədə demokratiyanın olmamasıdır, insan haqqlarının qorunmamasıdır. Həqiqəti demək mümkün olmayan yerdə demokratiya, azad söz qurtarır. İlk növbədə təkcə jurnalistlər yox, təkcə siyasətçilər yox, təkcə ictimai fəallar yox, bütünlüklə bir xalq olaraq ölkədə həqiqəti demək imkanı olan bir cəmiyyət qurmalıyıq”.
A.Hacılı jurnalistin döyülməsinə görə hakimiyyətin məsuliyyət daşıdığını dedi: “Burada fikir səsləndi ki, Seymur Həziyevin döyülməsi məsələsi Ramil Usubovun diqqətindədir. Nazir jurnalistlərlə görüşəndə deyib ki, işi araşdıracağıq. Amma həm də qeyd edib ki, jurnalisti döyənlər hakimiyyətdə təmsil olunan şəxslər deyil. İşi araşdırmadan necə demək olar ki, kimlərsə günahkar deyil. Üçüncü qüvvə hardan peyda oldu?”.
Şərə qalib gəlməyin bircə yolu…
AXCP sədri Əli Kərimli də çıxışında S.Həziyevin döyülməsini cinayət olduğunu forum iştirakçıların diqqətinə çatdırdı. “Bu cinayət azad sözə, Seymur Həziyevin rəyasət heyətinin üzvü olduğu AXCP-yə, təmsilçisi olduğu Azərbaycan gəncliyinə qarşı yönəlib. Azərbaycan mətbuatına qarşı hansı mübarizə, təzyiq üsulu seçilirsə, bu, mərkəzləşmiş qaydada olur. 1998-ci ilədək mətbuatı senzura ilə nəzarətdə saxlayırdılar, 2005-ci ilə qədər iqtisadi təzyiqlər, məhkəmələr, külli miqdarda cərimələrlə təzyiqlər davam etdirildi. 2005-ci ildə Elmar Hüseynova qarşı cinayət törədiləndən sonra yeni üsulla,- iqtidarın təfəkkür tərzinə uyğun olaraq jurnalistlərə qarşı zorakılıq başladı. 2005-ci ildən bəri onlarla jurnalist döyülüb, onları döyənlərin heç biri məsuliyyətə cəlb edilməyib. Biz elə avtoritar ölkədə yaşayırıq ki, yumurtanın qiymətini də prezident sərəncamı müəyyənləşdirir. Belə ölkədə jurnalistlərə qarşı zorakılıq və terror İlham Əliyevin iradəsindən kənar ola bilməz”.
AXCP sədri bildirdi ki, ölkədə ictimai fikrə təsir baxımından azad mətbuat söz sahibidir: “Azərbaycan xalqı bu şəkildə öz etirazını bildirir. Hökumətin onlarla, yüzlərlə qəzeti baykot edilib. Əminliklə deyə bilərəm ki, ölkədə haqqın tamamilə üzülmək ərəfəsində olduğu 2005-2010-cu illər arasında Azərbaycanda azad söz duruş gətirə bildisə, bu qəhrəmanlar insanlar Azərbaycanda azad sözü qoruya bildilərsə, canları, azadlıqları bahasına belə susmadılarsa, indi mediaya yeni bir nəsil gəlməsi ilə bu daha da qüvvətlənib”.
“Diktatorlar bir-birinin ardınca yıxılır, bütlər dağıdılır, bütün cinayətlər üzə çıxır, cinayətlərin icraçıları sifarişçilərin üzünə durur, cinayət törədib xalqına divan tutanlar məsuliyyətə cəlb olunur, amma bunlar görməmək üçün gözlərini yumur, eşitməmək üçün qulaqlarını tıxayırlar. Elə zənn edirlər ki, dünyada baş verənlərin onlara heç bir aidiyyatı yoxdur. Başqa planetdə olduqlarını düşünürlər. Guya Azərbaycan xalqı onları kimlərin idarə etdiyini bilmir. Azərbaycan xalıq bilir və bu siyasəti həyata keçirənləri peşman etmək ərəfəsindədir” – deyə Əli Kərimli qeyd etdi.
“Ramil Usubov yalan danışır!”
“Azadlıq” qəzetinin əməkdaşı Yafəz Həsənov Seymur Həziyevin başına gətirlənləri azad mətbuata, xüsusən “Azadlıq” qəzetinə qarşı apardığı davamlı siyasətin nəticəsidir: “Mətbuatda qeyd edilib ki, Ramil Usubov jurnalistləri qəbul edib və bu məsələni araşdıracağına söz verib. Amma mən deyirəm ki, Ramil Usubov yalan danışır. Bunu mən öz təcrübəmdən çıxış edərək deyirəm. Sonuncu parlament seçkilərindən sonra mənə qarşı olan təzyiqlərlə bağlı aidiyyatı qurumlara müraciət etmişəm. Naxçıvanda qalıb işləmək mümkün deyil. Mən Bakıya qayıdıb jurnalistik fəaliyyətimi burada davam etdirdim. Burada da mənə hədə-qorxular gəldi. Bununla bağlı DİN-ə müraciət etdim, iki ay keçməsinə baxmayaraq hələ heç bir cavab verilməyib. Həm başıma gələnlərə, həm də indiyə qədər jurnalistlərə qarşı baş verən olaylara görə deyə bilərəm ki, Ramil Usubov heç bir iş görməyəcək”.
Satirik yazar Mirzə Sakit də çıxışına Ramil Usubovla jurnalistlərin görüşü ilə başladı. Yazar qeyd etdi ki, jurnalistlərə qarşı olan təzyiqlər Ramil Usubovun otağında hazırlanır.
Mətbuat şurasının nümayəndəsi Müşfiq Ələsgərli çıxışında daha çox mətbuatın siyasiləşməsindən danışdı: “Bu hər iki cəbhəyə aiddir. Yaxşı olar ki, mətbuat siyasiləşməsin”. M.Ələsgərli S.Həziyevin məsələsinin qurumun nəzərətində olduğunu da diqqətə çatdırdı: “Biz bununla bağlı DİN-ə müraciət etmişik. Ramil Usubovla jurnalistlərin görüşü olub. Mətbuat Şurası olaraq bu məsələni nəzarətdə saxlayırıq”.
Korrupsiyanın miqdarı iki dəfə qalxıb
ALP lideri Lalə Şövkət çıxışında dedi ki, azad söz olmayan ölkədə millət əhaliyə çevrilir: “Əgər həqiqət yoxdursa millət millət deyil. Belə ölkədə vətəndaş ola bilməz, əhali və kölə ola bilər. Azad söz və azad mətbuat mənim üçün əsas meyardır. S.Həziyevə olan hücumda açıq-aşkar rejimin dəsti-xətti sezilir. Burada üçünücü qüvvəni axtarmaq lazım deyil. Elmar Hüseynovun qatilləri, Bahəddin Həziyev və onlarla jurnalistə qarşı olan işgəncənin üstü açılmadı. Əgər açılsaydı, mən üçünücü qüvvəyə inanardım. İnternet əsrində jurnalisti döymək gerizəkalığın əlamətidir”.
Ölkədə inqilab ab-havasını yaşandığını deyən L.Şövkət qeyd etdi ki, hərəkətverici qüvvə hakimiyyətdir: “Nə müxalifət, nə də demokratik düşərgə bu hakimiyyət kimi ölkədə inqilab atmosferi yarada bilər. Bu millətin başına oyun gətirən, ac qoyan bu iqtidardır. Korrupsiyaya qarşı mübarizə aparırlar, amma korrupsiyanın miqdarı iki dəfə qalxıb. Bu imitasiyanın özü belə inqilaba yol açır”.
Çıxış etmək istəyənlərin sayı çox olsa da, forumu yekunlaşdırmaq qərarı alındı. Yekun sözə başlayan Qənimət Zahid bildirdi ki, bu forum sonuncu deyil. Bu cür forum və müzakirələrin tez-tez keçirləcəyini deyən “Azadlıq”ın baş yazarı yaxın günlərdə jurnalistlərin mitinq keçirəcəyini də istisna etmədi.
Ramin DEKO